Ələsgər Məmmədli: "Bu halla qarşılaşan vətəndaşlar mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir"
"Sosial şəbəkələr üzərindən insanların şəxsi həyatına müdaxilə hansı formada olur olsun qadağandır”.
Bunu Sherg.az-a insanların şəxsi qərəzlik zəmnində anonim profillərdən sosial şəbəkələrdə başqalarının şəxsi həyatına müdaxiləsinin məsuliyyətini izah edərkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.
O bildirib ki, bu halla qarşılaşan vətəndaşlar mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir:"Anonim profillərdən istifadə olunsa belə hüquq-mühafizə orqanları həmin şəxsləri tapıb, cinayət məsuliyyətə cəlb edəcəkdir.
Sosial şəbəkə üzərindən şəxsin mənəvi hüquqlarına, şərəf və ləyaqətinin alçaldılmasına, başqa formada şəxslərin təhqir edilməsinə görə, məsuliyyət müəyyən olunub. Ötən ilin noyabr ayında qanunvericilikdə də bununla bağlı dəyişiklik olundu. Həmin dəyişikliyə görə, anonim hesablardan belə qanunsuz addım atılarsa, prokurorluq orqanı şəxsin kimliyini müəyyənləşdirib, məhkəmə qarşısına çıxarmalıdır.
Vətəndaşlar belə vəziyyətlə üzləşibsə, mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Sosial şəbəkələrdə hər hansı formada şəxsin mənəvi hüquqlarına zərər vurulubsa, prokurorluq orqanı texniki vasitələrin istifadə olunması yolu ilə həmin şəxslərin kimliyini müəyyən edə bilər. Kommunikasiya vasitələri hazırda çox inkişaf edib və anonim profilləri açan şəxslərin kimliyi müəyyənləşdirilə bilər”.
İnsanların şəxsi həyatına müdaxilə edənlərin xarici ölkədə yaşamaq ehtimalını da diqqətə çatdıran ekspert deyib ki, bu zaman artıq problem fərqli mahiyyət daşıyır:
"Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uymur. Bu baxımdan xarici ölkə Azərbaycan qanunvericiliyi çərçivəsində həmin şəxslərin yaxalanıb, məhkəməyə təhvil verilməsində maraqlı olmayacaq. Məsələn, bizdə sosial şəbəkə üzərindən şəxsin böhtan və təhqirə məruz qalması cinayət əməlidir. Digər Avropa ölkələrində isə belə qanun yoxdur. Bu zaman onlar heç zaman həmin şəxsi Azərbaycana geri qaytarmayacaq”.
Aysel Aslan