Faciə valideynlərdən qaynaqlanır

“Abituriyentlərin intihar etməsi bizə aid problem deyil”
Məleykə Abbaszadə: “Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini övladlarından tələb etməsi düz deyil”



2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin dediyinə görə, qəbul planı ötən tədris ilə müqayisədə 2303 yer artıb. Dövlət sifarişli yerlərin sayının 1,3 faiz artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21 faiz artıb:

"Artmanın olması o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 faiz azalıb. Müəyyən universitetlərdə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb, müəyyən universitetlərdə isə azalıb”.
M.Abbaszadənin sözlərinə görə, 2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı bu yaxınlarda "Abituriyent 4” jurnalında dərc olunacaq.

Bu məsələ valideynlərdən asılıdır

Məleykə Abbaszadə mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanından sonra Sumqayıtda 2 abituriyentin intihar etməsinə münasibət bildirib.
O deyib ki, intiharlar qəbul imtahanlarının nəticələri açıqlanmazdan əvvəl baş verib. Bu məsələnin valideynlərdən asılı olduğunu vurğulayan DİM sədri deyib ki, valideynlər övladlarının ali təhsil almasını istəyirlər. Onlar bunu övladlarının xoşbəxtliyi üçün edirlər. Kitab oxumağa meyli olmayan uşağın hansısa sahədə yaxşı əl qabiliyyəti ola bilər. Yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini övladlarından tələb etməsi düz deyil. Abituriyentlərin intihar etməsi Dövlət İmtahan Mərkəzinə aid olan problem deyil. Bizim müxtəlif maarifləndirici çarxlarımız var. Həmin çarxlarda abituriyentlərin imtahana hazırlaşmaları barədə ətraflı məlumatlar verilib.

DİM olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbuluna müsbət rəy verdi

Məleykə Abbaszadənin sözlərinə görə, bu il ali məktəblərə müsabiqədənkənar qəbul prosesi hazırkı qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək: "Dünya fənn olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb. Təhsil Nazirliyinin bununla bağlı hazırladığı təkliflərə biz də müsbət rəyimizi vermişik. Statistikanı araşdırarkən müşahidə etdik ki, respublikada keçirilən fənn olimpiadalarının qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq”.
Qeyd edək ki, Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb. Təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Təkliflər Milli Məclisə də təqdim olunacaq. "Təhsil haqqında” qanuna əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bazar günü I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılacaq. İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq. Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar quraşdırılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Şəymən