"İndiki dövrdə dünyaya qida çatdırmaq problemi yaşanır. Ona görə, geni modifikasiya edilmiş qidalar, uzunmüddətli saxlanması üçün tərkibinə kimyəvi maddələr vurulan məhsullar gündən-günə artır”.
Bu barədə "Sherg.az”a əhalinin kütləvi şəkildə istifadə etdiyi çipsilərin ziyanından danışarkən
tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, qidaların uzun müddət saxlanması, xarab olmaması üçün geni dəyişdirilir, onlara müxtəlif xassələr verilir:

"Bu cür qidaların problemləri də yaşandığına görə, ciddi müzakirələr başladıldı. Hesab edirəm ki, yaxın gələcəkdə genetiki dəyişdirilmiş, təhlükə saçan qidalarla bağlı dünya miqyasında mühüm qərarlar veriləcək”.
Sosial şəbəkələrdə kartof çipslərinin tərkibindəki, yandırılarkən ortaya çıxan kimyəvi məhsullara gəlincə, Adil Qeybulla diqqətə çatdırıb ki, bu cür konservə olunmuş qidaların tərkibində onları konservə edən maddələr var:
"Qidaya əlavə edilən, rəng, ətir, uzun müddət qidanın keyfiyyətini qoruyan maddələr vurulur. Bu vasitələr qida deyil, qida əlavəsidir. Bu məhsulların bəziləri artıq Rusiyada idxalı və istifadəsi qadağan olunub.
Kartofdan hazırlanan çipslər isə daha çox "fast food”da və konservə olunmuş şəkildə istehlak edilir. Mən bu tərkibdə qidaların istifadəsinin tamamilə əleyhinəyəm. "Fast food” restoranlarında eyni yağ uzun müddət istifadə edilir, kartof çipsləri dəfələrlə qaynadılan yağda hazırlanır. Bu qadağandır, çünki yağın qaynadılması prosesində konseligen maddələr əmələ gəlir. Ona görə, bir dəfə istifadə olunan yağ atılmalıdır.
Son illərdə onkoloji xəstəliklərin artması, mübadilə problemləri, bədəndə disk yırtıqları və s. xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri qida faktorudur. Hesab edirəm ki, "fast food”, çipsi kimi məhsullardan uzaq durmaq lazımdır. Xüsusilə, uşaqları bu qidalara öyrətmək olmaz”.
Qeyd edək ki, sosial şəbəkələrdə mağazalarda satılan kartof çipslərinin yandırıldığı videolar yer alıb. Müzakirə obyektinə çevrilən videodan görünür ki, kartof çipsləri yandırıldıqdan sonra tərkibindəki kimyəvi maddələr ortaya çıxır.
Aysel Aslan