Faydalı insan gülü öz zövqü üçün qoparan deyil, onu torpağıyla sevəndi - Tələbə gündəliyi

 Hər saniyə dünyaya saysız insan gəlir. İrqindən, dinindən, çəkisindən, sağlamlığından asılı olmadan. Cizgi filmində belə bir inanc vardı . Hər yeni doğulan uşağın ilk gülüşündən bir pəri gələrmiş dünyaya. Bəlkə də gerçək həyatda pəri əmələ gəlmirdi, amma qəlbimizə toxunduqları açıq-aşkar bəlli idi...
Hər uşaq həm eyni dərəcədə hüquqla, həm də eyni olmayan imkanlarla göz açar dünyaya. Uşaq vaxtından ailəsi, qohumları, çalışar onun vətənə, millətə, dövlətə və ailəsinə layiq olmasına, onların başını uca tutmasına. Sanki o uşaq öz həyatını yaşamaq əvəzinə, valideynlərinin həyatını ucaltmaq üçün doğulr.  Və hər bir valideyn arzulayır ki, "faydalı övlad"ı olsun. Bəs kim dəqiq tərif verə bilər buna? Başqalarına görə bəlkə də sadəcə öyünə biləcəkləri övladlar idi. Amma məncə, faydalı insan ümumiləşdirilməyəcək bir anlayışdır. İnsan ayrımçılığı etməyən, hörməti, sevgini rənglərə sığışdırmayan. Məncə faydalı insan gülü öz zövqü üçün qoparan deyil, onu torpağıyla sevəndi. Sözünü azad şəkildə deyə bilən, azadlığının fərqində olandı.
Azadlıq - istədiyin hər şeyi eləmək deyil, fikirlərini hörmət və etika sərhəddində demək olduğunu bilən insandı. Balaca canların, dilsiz varlıqların gözündə sevgini görə bilən, duyduğu sevgini qoruya bilən varlıqdı. Azla xoşbəxt olan, çoxunu paylaşan... Faydalı insan - yaşayan insan dəyərlərini ölmədən biləndir. Qarşıdakını dinləyərkən öz sözünü demək üçün gözləməyən, onu başa düşmək üçün dinləyəndi. Faydalı insan Vətən sevgisi ilə bütünləşib böyüyən, Vətənini qorumağa hazır olandı. Başqalarının işinə qarışmayan, haqsızlığa qarşı öz sözünü deyə biləndi. Məncə, faydalı insan nə alimdi, nə də həkim. Faydalı insan ətrafına və özünə fayda verən bəndədir.
Ən əsası faydalı insan, insan olduğunun fərqində olan və insanlığı yaşadandı.
Ulduz Həsənova,
BDU-nun biologiya fakültəsinin I kurs tələbəsi