Əjdər Əliyev: "Ədalətsiz, haqsız və əsassız hücumlar olanda, əlbəttə, əsəbləri dözmür""4 maşınla rayona yola çıxmışdıq. Hər dəfə maşınlar dayananda, Fazil bəy maşını dəyişirdi ki, hamının yanında olub, hamı ilə həmsöhbət ola bilsin. Belə bir diqqətcil adamdı"
"İşdən sonra saat neçə olurdu-olsun, o, adamları öz maşını ilə bir-bir evinə qədər aparırdı!"
Bu gündən "Şərq” qəzeti "Deputatın "sağ əli” rubrikasına start verir. Bu rubrikada millət vəkillərinin köməkçiləri ilə ovqat söhbət aparılır. Bir sözlə, parlament üzvlərinin indiyə qədər görmədiyiniz, eşitmədiyiniz xüsusiyyətləri, rəsmiyyətdən kənar davranışları və gündəlik həyatlarındakı məşğuliyyətləri ictimaiyyətə təqdim olunur. Rubrikamızın oxucularda böyük maraq doğuracağını düşünərək, ilk söhbəti parlamentin ən fəal və intellektual deputatlarından olan Fazil Mustafanın köməkçisi Əjdər Əliyevlə apardıq.
- Neçə ildir, Fazil bəylə çalışırsınız?
- Deputat köməkçisi institutu yaranandan. Yəni 2005-ci ildə bu institutun yaradılması məsələsi gündəmə gəldi və 2007-ci ildən institut fəaliyyətə başladı. Mən də həmin vaxtdan Fazil bəylə çalışıram. 3-cü çağırışdır ki, onunla bir yerdəyəm.
- Deputat köməkçisi elə bir status və ya vəzifədir ki, bu vəzifəni icra edənlərin fəaliyyəti gözə görünmür. Yəni pərdə arxasındasınız. İşiniz çətindirmi?
- Əlbəttə, çətinliklər olur. Fazil bəy Milli Məclisin ən aktiv deputatlarındandır. Fəal deputatın da işi çox olur. Ona təkcə seçildiyi dairədən, yaşadığı rayondan deyil, Azərbaycanın ən ucqar rayon və kəndlərindən müraciət edənlər olur. Fazil bəylə görüşmək istəyənlər çoxdur. Eləsi də var ki, hər hansısa bir problemlə bağlı ərizə ilə müraciət edir. Fazil bəyin işi çox olduğuna görə, bizim də işlərimiz yoğun olur. Bu mənada müəyyən gərginliklər yaşanır. Biz də çalışırıq ki, vəzifəmizin öhdəsindən layiqincə gələk. Müraciət edənlərin problemlərinin həllinə səy göstəririk, sənədlərlə işləyirik, tədbirlərin təşkilini həyata keçiririk. Bir daha təkrar edirəm ki, Fazil bəyin iş qrafiki çox gərgindir.
- Cənab deputatın nizam-intizama münasibəti necədir? Məsələn, hər hansı bir görüşün, tədbirin təşkilində axsamalar, nöqsanlar olsa, Fazil bəy buna necə reaksiya verər?
- İntizamlı insandı və yanında olanların da intizamlı olmasını istəyir. Biz heç vaxt imkan vermərik ki, təşkil etdiyimiz hansısa tədbirdə boşluq və ya çatışmazlıq olsun. Məqamında işlərin öhdəsindən lazımi səviyyədə gəlirik. Hətta tədbirdən bir-iki saat əvvəl bir araya gəlib, işlərimizi görürük və Fazil bəy də bizdən razı qalır.
- Elə bir məqam olubmu ki, hansısa bir məsələnin müzakirəsi zamanı fikirləriniz haçalanıb və hörmətli deputatımız sizinlə hesablaşıb ?
- Belə müzakirələrimiz olub. Təkliflər vermişik, Fazil bəy onu qəbul edib. Ümumiyyətlə, Fazil bəy bütün məsələlərdə ölçülü –biçili addım atır. Hər hansısa bir əlavə məsələyə imkan vermir.
- Fazil bəyin savadlı bir deputat olması hər kəsə məlumdur. İntellektual insanlar adətən bir az kaprizli olur. Fazil bəy kaprizli deyil ki? Onunla çalışmaq sizə çətin olmurmu?
- Əksinə, intellektual, savadlı, zəngin dünya görüşü və dərin zəkası olan adamla çalışmaq asandı. Biz həm də vaxtilə hərəkat dostu olmuşuq. Məntiqi təfəkkürü yüksək olan adamdı. Həmişə dostlarımıza onu misal gətirirəm. Qətiyyən etirazım yoxdur. Müəyyən proses və gedişlərdə Fazil bəyin obyektiv və düzgün istiqamət seçməsi bizə də çox kömək olur.
- Yəqin ki, onunla səfərlərə çox çıxmısınız. Yol yoldaşlığı necədi? Yəni işdəki Fazil Mustafa ilə süfrə ətrafındakı, futzaldakı, dənizdəki, restorandakı Fazil Mustafa arasında fərq varmı?
- Əlbəttə, dəfələrlə rayonlara səfər etmişik, yol yoldaşı olmuşuq. Bilirsiniz ki, Fazil bəy həm də Böyük Quruluş Partiyasının rəhbəridir. Rayon təşkilatlarında görüşlərə getmişik. Konfrans və yığıncaqlarda iştirak etmişik. Yol yoldaşlığı çox yaxşıdır. Rahat adamdı. Həm də diqqətcil insandı. Böyüklə böyük, uşaqla da uşaqdır. Bir gün Cəlilabad rayonuna gedirik. 12-15 adam 4 maşınla yola çıxmışıq. Həm tədbirdə iştirak etməliyik, həm də bir dostumuzun yas mərasiminə qatılmalıyıq. Qeyd etdiyim kimi, 4 maşın vardı. Hər dəfə maşınlar dayananda, Fazil bəy maşını dəyişirdi ki, hamının yanında olub, hamı ilə həmsöhbət ola bilsin. Belə bir diqqətcil adamdı. Amma yenə deyirəm, iş qrafiki yoğundur. Həm parlament, həm AŞ PA, həm də partiya ilə bağlı görüləsi işlər çox olur. Asudə vaxtı az olur. Onda da vaxtını idmana və kitaba ayırır. Belə görürəm və belə bilirəm. Bu mənada vəziyyət çətindir. Xarakter və insani keyfiyyət baxımından çox həssas, qayğıkeş, lütfkar və insanlara sayğılı davranan bir şəxsiyyətdir.
- Maddi, mənəvi və məişət məsələləri ilə bağlı çətinlikləriniz olanda Fazil bəy sizə dəstək göstərirmi?
- Bəli, dəfələrlə... Hətta başqa yoldaşlarımız olub ki, onlar da müraciət ediblər. Onlara görə də, kiməsə zəng edib, məsələnin həllinə çalışıb və nail olub. Mənim problemimə görə də aidiyyəti şəxslərə telefon açıb, məsələni həmin adamın diqqətinə çatdırıb və yoluna qoyub.
- Tutalım, cənab deputatla bazara alış-verişə getmisiniz. Elə olubmu ki, öz evinə etdiyi bazarlıqdan eynisini sizin də ailənizə edib?
- Belə məqamların çox şahidi olmuşam. Düzdü, mən onunla bazara getməmişəm. Amma dəqiq bilirəm ki, belə məsələ olub. Başqa bir misal, nümunə deyim. Elə olur ki, ikimizi də eyni toya dəvət edirlər. Vaxtı olmayanda və ya səfərə çıxmalı olanda deyir ki, mən gedə bilmirəm, sən get ikimizin də yerinə iştirak elə. Lazım olan köməkliyi də göstərir.
- Yəni toyun pulunu Fazil bəy verir?
- Bəli. Bunun özü də bir köməklikdir, dəstəkdir.
- Uzun müddətdir, bir yerdəsiniz. Belə məqam yaşanıbmı ki, işdən sonra, hətta gecə saatlarında Fazil bəy sizə zəng edib, işlə bağlı tapşırıq versin?
- Yadıma gəlmir, lakin Fazil bəy deputatlığa və prezidentliyə namizəd olanda, seçki kampaniyaları ərəfəsində gecə saat birə, ikiyə qədər işləyirdik. Fazil bəyin özü də bizim yanımızda olurdu, gərəkli göstərişlərini verirdi. Həmin vaxtlar gərgin işləyirdik. İşdən sonra saat neçə olurdu-olsun, o, adamları öz maşını ilə bir-bir evinə qədər aparırdı. Belə şeylər olub. Amma başqa vaxt yadıma gəlmir. Hazırda da işimiz bəzən saat 12- və 1-ə qədər uzanır. Elə olur ki, səhər saat 7-də işdə oluruq, hansısa məsələ ilə bağlı sənədləri toplayıb, hazırlayırıq.
- Bəzən sosial mediada, eləcə də mətbuatda Fazil bəy haqsız tənqid və ya təhqirlə üzləşir. Belə məqamlarda reaksiyası necə olur?
- Çalışır ki, səbr, təmkin və soyuqqanlı şəkildə davransın. Amma olduqca ədalətsiz, haqsız və əsassız hücumlar olanda, əlbəttə, onun da əsəbləri dözmür. Müəyyən məsələlərə bir balaca kəskin reaksiya verir. Amma əksər hallarda səbrlə yanaşır.
- Qeyd etdiniz ki, çoxsaylı müraciətlər olur. Fazil bəy o müraciətlərə ciddimi yanaşır, yoxsa bəzi deputatlar kimi, məktubun heç üzünə də baxmadan zibil qutusuna atır?
- Fazil bəyin telefonu hər zaman açıqdır. Şübhəsiz ki, bütün müraciətlərə bir-bir ciddi şəkildə baxılır. Elə məsələ olur, onu həll edir, amma eləsi də olur ki, onun həlli Fazil bəydən asılı olmur. Düzdür, belə problemlərin həllinə ciddi-cəhdlə çalışırıq, amma alınmayanda alınmır. Hansısa bir ərizə və zənglə olunan müraciətə laqeyd yanaşmamışıq. Elə indicə 5 ərizəyə baxmışam. Rayonlardan müraciət edirlər. Hamısına baxılır, cavablar yazılır. Həll edə bilmədiyimiz məsələləri Fazil bəy Milli Məclisin iclaslarında qaldırır.
- Fransa parlamentində deputatların köməkçiləri onların rəsmi olaraq müavinləri sayılırlar. Eyni zamanda deputat köməkçiləri dövlət qulluqçusu statusu daşıyırlar. Amma Azərbaycan parlamentində deputat köməkçiləri hələ də dövlət qulluqçuları hesab olunmurlar. Halbuki onların da əməkləri az deyil. Sizcə, səbəb nədir və buna nə mane olur?
- Çox maraqlı məsələyə toxundunuz. Deputat köməkçisi institutu yarananda bildirdilər ki, deputat köməkçilərinə də dovlət qulluqçusu statusu veriləcək. Hətta bizi işə qəbul edəndə də dedilər ki, siz dövlət qulluqçusu olacaqsınız. Amma sonradan fikir dəyişdi ki, dövlət qulluqçusu deyilsiniz və müddətli müqavilə ilə işləyəcəksiniz. 12 ildən artıqdır ki, deputat köməkçisiyəm. Çox təəsssüf ki, bizə dövlət qulluqçusu statusu verilmir.
Bununla bağlı Fazil bəy, Elmira xanım Axundova parlamentin plenar iclaslarında dəfələrlə çıxışlar ediblər və kifayət qədər əsaslar gətiriblər. Əfsuslar olsun ki, məsələ reallaşmayıb. Bəziləri deyirlər ki, deputat 5 ildən bir seçilir. Növbəti seçkidə həmin deputat seçkini qazana bilməsə və ya heç seçkiyə qatılmasa, köməkçi kənarda qalacaq. Amma Mərkəzi Seçki Komissiyası da eyni əsasla fəaliyyət göstərir. Onda necə olur, orada çalışanlara dövlət qulluqçusu statusu verilir, amma bizə yox? Biz Milli Məclis aparatının işçiləriyik. Parlamentin vəsiqəsini daşıyırıq. Buna rəğmən dövlət qulluqçusu hesab olunmuruq.
Söhbətləşdi: Ayyət Əhməd