“Fərqli ixtisas bitirib, jurnalist olanlar barədə müzakirə çox sünidir” - Professor

"Ona görə ki, bizim jurnalistikanın əsas problemi təhsil deyil, vicdan, həqiqətə sədaqət məsələsidir”


"Fərqli ixtisas bitirib, jurnalist olan şəxslər haqqında müzakirə çox sünidir”.

Bunu Sherg.az-a tanınmış telejurnalist, professor Qulu Məhərrəmli söyləyib. 

O bildirib ki, bu konkret baxış bucağında diskussiya mövzusu ola bilər, lakin jurnalistikanın problemi peşə təhsilinin olub-olmaması deyil:

"Jurnalistikanın problemi ləyaqətli, vicdanlı jurnalist olmaq məsələsidir. "Həqiqətə nə qədər sadiqsən?" – bunu müzakirə etməliyik. Sözsüz ki, jurnalistika təhsili olarsa, bu, yaxşıdır. Amma olmaması problem deyil. O qədər jurnalist var ki, ixtisas üzrə bitirməyib, amma çox maraqlı səlis fikirlər bölüşür, yazıları da yaxşı oxunur. Əksinə, jurnalistikanı bitirən şəxslər var ki, çox həvəssizdirlər, yazılarında da özünü doğrultmadığından başqa sahəyə keçir. Ona görə, bu, süni yaradılmış problemdir.

İstehsalat, praktik həyat bəzən qeyri-peşə sahiblərini də çox yaxşı mövqeyə gətirir, onları jurnalistikanın əsgərinə çevirir. Bu mənada bizim jurnalistikanın əsas problemi təhsil deyil, vicdan, həqiqətə sədaqət məsələsidir”.

Professorun sözlərinə görə, ehtiyacı olanlar üçün kurslar təşkil edilə bilər:

"Məsələn, BBC-nin özündə də qısa müddətli məktəblər var ki, peşə ixtisası ilə bağlı təkmilləşmə verir. Lakin bunu hər redaksiya edə bilməz. Çünki xüsusi metodika olmalıdır. Bir redaksiya xəbər yönümlüdür, başqası analitik materiallar işləyir, digəri təhqiqatla məşğuldur. Ona görə vahid standart təşkil etmək mümkün olmayacaq.

İşə alınan şəxslərə müəyyən müddət tövsiyələr verilir, diqqət edilməli məqamlar çatdırılır. Bu təcrübədən gələn və tədricən jurnalisti formalaşdıran situasiyadır. Amma hər redaksiya özündə məktəb, dərnək açsa, uzun ömürlü olmayacaq. Ehtiyac yarandıqda təşkil edilən kurslar sonradan fəaliyyətini dayandıracaq.

Bizdə qısamüddətli jurnalistika məktəbləri ola bilər. Məsələn, Bakı Jurnalistika Məktəbi fəaliyyət göstərirdi. Onlar 6 ay müddətində oxuyur, xəbər standartlarını çox gözəl öyrənir, çəkiliş aparmaq, montaj etmək kimi sahələrdə peşə vərdişlərini öyrənirdilər. Bu gün isə onun məzunları Azərbaycan mediasında əsas ağırlığı çiyinlərinə götürənlərdir. Ona görə, redaksiyaların nəzdindəki kurslardansa belə məktəblərə daha çox ehtiyac var”.

Aysel Aslan