Firudin Cəlilov: “Təhsildə, elmdə, ədəbiyyatda yaxınlaşma olacaq”




Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya keçməsi ilə bağlı qərar verib.
Qazaxıstan KİV-nin yaydığı məlumata görə, Qazaxıstan Prezidenti latın qrafikasına keçidin ictimai şüurun və müasir reallığın əksi olduğunu bildirib. Prezident 1929-1940-cı illərdə də qazax dilinin kiril deyil, latın qrafikalı olduğunu deyib.

Qeyd edilir ki, latın qrafikasına keçid prosesi 2018-ci ildə məktəblərdən və dövlət idarələrindən başlayacaq və 8 ilə yekunlaşacaq.

Məsələyə münasibət bildirən türkoloq alim, professor Firudin Cəlilov "Şərq”ə açıqlamasında Qazaxıstan Prezidentinin qərarını "gec, amma güc” adlandırdı:

- Gecikmiş də olsa, çox düzgün qərardır. Əlifba məsələsini biz hələ 1990-cı ildə qaldırmışdıq və ortaq türk əlifbasının zəruriliyini önə çəkmişdik. 1991-ci ildə İstanbulda "Türk xalqlarının ortaq əlifbası simpoziumu” keçirildi. Biz simpoziuma ortaq türk əlifbası modeli ilə getmişdik. Bu əlifbada 34 hərf vardı. Və bu ortaq türk əlifbası da o zaman bütün türk dövlətləri tərəfindən razılıqla qarşılandı və qəbul edildi. Ortaq əlifba Anadolu türklərinin, Orta Asiya xalqlarının tələffüzü nəzərə alınaraq tərtib edilmişdi. Dilçilər bilir, türk dilində "sağır nun” hərfi var. Biz bu hərfi də əlifbaya daxil etmişdik. Azərbaycanın bugünkü əlifbası da ortaq türk dili əlifbası əsasında yaranandı. Fərq bundadır ki, 34 deyil, 32 hərfdir. Görün, biz latın qrafikasına keçməklə nə qədər irəli düşmüşük. Qazaxıstan latın qrafikasına keçirsə, əlbəttə, alqışlanmalıdır. Bu o deməkdir ki, qardaş xalqlar arasında yazı qrafikası maneəsi aradan qalxacaq. Təhsildə, elmdə, ədəbiyyatda yaxınlaşma, çuğlaşma olacaq. Eyni yazı qrafikası eyni kökə malik xalqlar və təmsil etdikləri ölkələr arasında mədəni əlaqələrin reallaşması vasitəsidir. Qazax ədəbiyyatı bizim üçün əlçatan olacaq. Bu vaxta qədər biz Orta Asiya xalqlarının ədəbiyyatını, elmi nailiyyətlərini rus qrafikası ilə oxumaq məcburiyyətindəydik. Artıq bu baryer aradan qalxacaq. Yəqin ki, ədəbi nümunələr yenidən nəşr ediləcək. Bizdə belə oldu. Dərsliklər yenidən nəşr olundu, mətbuat mərhələ-mərhələ latın qrafikasına keçdi. Ədəbi nümunələr, klassik ədəbiyyat təkrar nəşr edildi. Eyni prosesi Qazaxıstan da keçəcək. Çətin işdir, amma zəruridir. Yavaş-yavaş iş aparılacaq, bir də görəcəklər ki, artıq hamı latın qrafikasına keçib.

Qazaxıstanın yazı qrafikası dəyişikliyinə niyə gec başlamasına gəlincə, F.Cəlilov burada bəzi səbəblər olduğunu dedi:

- Qazaxıstan çox geniş əraziyə malik ölkədir. Və hesabınızı götürün ki, Qazaxıstan əhalisinin hardasa, yarısı rus dillidir. Təkcə bu faktı nəzərə almaq yetər ki, hansısa keçid prosesinin necə çətin olduğu bilinsin. Məsələn, qazax dilində heç vaxt universitet olmayıb. Amma Azərbaycanda 1918-ci ildə Cümhuriyyət qurular-qurulmaz universitet açılıb. Bu mənada qazaxlar bizdən çox geridirlər. Amma yaxşı ki, gec də olsa, bu qərar verildi. Bundan sonra digər türk dövlətləri də bu barədə düşünəcəklər.

Məlahət Rzayeva