Fondunun icraçı-direktoru Vüqar Səfərli “Şərq” qəzetinin kollektivini təbrik edib




Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı-direktoru Vüqar Səfərli "Şərq” qəzetinin kollektivini təbrik edib.

-Mətbuat aləmində özünəməxsus dəsti-xətti, aydın və sabit mövqeyi ilə seçilən, dövlətçilik ideyalarının təbliğatçısı kimi cəmiyyətdə nüfuz qazanan "Şərq” qəzetinin nəşrə başlamasının 20-ci ildönümü tamam olur. Bu ötən illər ərzində qəzet mətbuatımızın mütərəqqi ənənələrini və milli-mənəvi dəyərlərdən irəli gələn özünəməxsusluğunu qoruyaraq müasir tariximizin şanlı salnaməsini yazan mətbuat orqanlarından biri kimi tanınıb.
Milli-mənəvi dəyərlərə həssas münasibəti ilə seçilən "Şərq” fəaliyyəti dövründə ümummilli məsələlərə geniş yer ayırıb, ictimai həyatın müxtəlif sahələrinə dair cəsarətli, obyektiv və maraqlı yazılarla çıxış edərək dövlətçilik maraqlarının sadiq keşikçisinə çevrilib. Qəzet respublikada və beynəlxalq arenada cərəyan edən prosesləri dərin analitik təhlil süzgəcindən keçirərək ictimai rəyin düzgün formalaşmasına dəstək olub.

Hazırkı qəzet bolluğunda cəmiyyətdə sanballı nəşr kimi tanınmaq və layiqli yer tutmaq nə qədər çətin olsa da, "Şərq” qəzeti buna nail olaraq cəmiyyətdə öz sözünü deyir. Qarşıya qoyduğu vəzifələrə hər zaman sadiqlik göstərən qəzet ölkədə və qlobal miqyasda cərəyan edən hadisələrə operativ yanaşma tərzi ilə seçilir, ictimai əhəmiyyətli mövzuları işıqlandıraraq oxucu auditoriyasının əhatəliliyini nəzərə alır. Müstəqil Azərbaycanın beynəlxalq arenada qazandığı nailiyyətlər, sosial-iqtisadi, mədəni-humanitar inkişaf, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu məsələləri qəzetin müntəzəm olaraq toxunduğu mövzular sırasındadır.

Xüsusi vurğulamaq istərdim ki, qəzet ötən illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrinin icrasında da fəal iştirak etmişdir.

"Şərq” qəzetinin kollektivini 20 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, onlara yaradıcı fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.