Forum bizi hədəflərimizə çatdırır
Bakı münaqişələrin həlli yollarının müzakirə olunduğu məkana çevrilib
"Azərbaycan münaqişələrin həlli yollarının müzakirə olunduğu məkana çevrilib”. Bu sözləri VI Bakı Beynəxalq Humanitar Forumunda iştirak edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bəyan edib ki, Forum ilk dəfə Azərbaycan və Rusiya prezidenlərinin birgə təşəbbüsü ilə keçirilib: "Bu təşəbbüs artıq bütün hüdudları keçərək beynəlxalq tədbir statusu alıb. Bu təşəbbüs çox mötəbər təşkilatlar tərəfindən dəstəklənir. Bu gün bu tədbirdə bir çox beynəlxalq təşkilatlar fəal şəkildə iştirak etdilər. Biz onlara verdikləri dəstəyə görə təşəkkür edirik”. Ə.Qarayevin sözlərinə görə, Bakı Prosesi qarşımızda duran hədəflərə doğru atılan addımdır: "Bakı Prosesinin uğurlu olması rəqəmlərdən də görünə bilər. Forumda 90-a yaxın ölkənin nümayəndəsi iştirak edib. Bu onu göstərir ki, Azərbaycan münaqişələrin həlli yollarının müzakirə olunduğu məkana çevrilib".
Ə.Qarayev vurğulayıb ki, forumun materialları çap olunacaq.
"Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda daha yüksək nailiyyət əldə edə biləcək”
Forumda çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da vurğulayıb ki, sülh Azərbaycan üçün xüsusi məna daşıyır. Ombudsmanın sözlərinə görə, sülhün əsl mahiyyətini, əhəmiyyətini yaşamaq və inkişaf üçün zəruriliyini müharibə əzablarını çəkən xalqlar xüsusi həssaslıqla dərk edir: "Bu baxımdan, dayanıqlı inkişafa, insanların rifahının yüksəlməsinə yönəlmiş müstəqil Azərbaycan dövləti üçün sülh və inkişaf ayrılmaz amillər olaraq hər zaman prioritet təşkil edir”.
"Bakı Beynəlxalq Humanitar Forumuna dünya səviyyəsində maraq göstərilir”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumuna dünya səviyyəsində maraq göstərilir. Bu Forumun birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini bildirən AMEA prezidenti əlavə edib ki, ictimai tərəqqinin əsas təkanverici qüvvəsi elmdir. Elm cəmiyyətin problemlərinin həllinə çox kömək edə bilər: "Ümumiyyətlə, 21-ci əsr "fizika əsri" adlandırılır. Lakin biologiya sahəsi getdikcə daha çox dəyər qazanmağa başlayıb. Biologiya sahəsində aparılan tədqiqatlar dəfələrlə artıb. Yaxın illərdə molekulyar biologiya sahəsində də ciddi irəliləyişlər gözlənilir. İKT-nin inkişafı bizim həyatımıza çox təsir edib. Bu gün bütün dünyada humanitar elmlərə daha az diqqət göstərilməyə başlanılıb. Texniki sahələrə isə diqqət artıb".
"Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti digər ölkələrdə olan qaçqınların vəziyyətindən üstündür”
Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə təkcə özünün milli maraqları baxımından deyil, bütün dünyanın maraqlarına nə qədər böyük töhfə vermək imkanına malik olduğunu sübuta yetirir. B.Muradova bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün xeyli işlər görüb: "Dayanıqlı İnkişaf Məqsədləri rakursundan baxdıqda Azərbaycanda bir çox problemlərin həll olunduğunun şahidi olarıq”. O qeyd edib ki, Azərbaycanda qanun yaradıcılığı prosesində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə daha tez çatmaq üçün qanunda müddəalar təsbit olunur: "Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olması bu məqsədlərə çatmaq prosesini sürətləndirir. Hesab edirəm ki, Azərbaycan parlamenti bu istiqamətdə öz vəzifəsini layiqincə yerinə yetirməkdədir”.
"Azərbaycanda bütün sahələrdə qadınların hüquqlarının qorunması üçün geniş imkanlar yaradılıb”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, dayanıqlı inkişaf mövcud olan resursların bugünkü nəsillər tərəfindən səmərəli şəkildə istifadə edilərək gələcək nəsillərə ötürülməsidir: "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün ölkələr öhdəliklər qəbul edib, lakin zaman çox azdır. Biz düşünməliyik, necə edək ki, bu məqsədlərə nail olaq. Hər bir ölkə çalışır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində göstərilən 17 məqsədə çatsın, lakin bu, təbii sərvətlər, insan resursları və digər imkanlardan asılıdır”. O qeyd edib ki, bu gün Azərbaycanda institusional səmərəliliyin artırılması və ölkə əhalisinin keyfiyyətli xidmətlə təmin olunması istiqamətində mühüm addımlar atılıb: "Eyni zamanda, əhalinin məşğulluğu, sosial təminat sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Gender məsələləri hədəflərə çatmaqda əhəmiyyətli rol oynayır. Burada bütün maraqlı tərəflərin iştirakı çox vacibdir. Azərbaycanda güclü hüquqi qanunvericilik bazası yaradılıb. Bütün bunlar Azərbaycanın mədəni, ictimai-siyasi həyatında qadınların rolunun artırılmasında mühüm töhfə verib, bütün sahələrdə qadınların hüquqlarının qorunması üçün geniş imkanlar yaradıb”.
"Xaricdə yaşayan intellektual azərbaycanlılarla əlaqə yaratmaq çox önəmlidir”
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, Humanitar Forumun əsas məqsədlərindən biri insanlar arasında dialoqların qurulmasıdır: "Xaricdə yaşayan intellektual azərbaycanlılarla əlaqə yaratmaq çox önəmlidir. Qarşıda duran əsas məqsədlərdən biri də diaspor təşkilatları ilə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirməkdir. Bunun üçün şəbəkələndirmənin gücləndirilməsi vacibdir. Xaricdə yaşayan ziyalı, intellektual azərbaycanlılarla əlaqələrin yaradılması çox önəmlidir. Bizim üçün vacibdir ki, xaricdə yaşayan azərbaycanlılar öz övladlarına Azərbaycan dilini və tarixini öyrətsinlər”.
İsmayıl