"Frankofoniyaya dövlətlərinin Azərbaycanla münasibətləri çox yaxşıdır" -Paşinyana inanmayacaqlar

Gələn ildən başlayaraq, yeni erməni hakimiyyətinin ərazilərin boşaldılmasını nəzərdə tutan real danışıqlara gedəcəyi mümkün deyil
"Moskvanın əlində Paşinyanı devirmək üçün ən ideal variant Qarabağ münaqişəsinin müharibə fazasına keçməsinə yaşıl işıq yandırmaqdır"



Məlumdur ki, oktyabrın 11-də Ermənistanda Frankofoniya sammiti keçirilib. Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməyən Ermənistan bu tədbiri Azərbaycana qarşı təxribat fürsəti kimi dəyərləndirməyə çalışıb. Sammitdə çıxış edən baş nazir Nikol Paşinyan növbəti dəfə sərsəm və təxribatçı fikirlərini təkrarlayaraq, Dağlıq Qarabağın qondarma rejiminə haqq qazandırmağa çalışıb. Baş nazir çıxışı zamanı Azərbaycanı Dağlıq Qarabağla bağlı dialoqdan imtina etməkdə günahlandırıb: "Biz əminik ki, Dağlıq Qarabağın statusunun həllində "DQR” da həlledici səsə malik olacaq. Problemin güc yolu ilə həlli cəhdləri "Dağlıq Qarabağ xalqı”nın fiziki mövcudluğuna təhdid yaradır”. Bununla yanaşı, ermənilər növbəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq, özlərininki kimi təqdim ediblər.
Əvvəlcə İrəvanda açılan "Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. 

Amma işğalçı ölkənin siyasi rəhbərliyi bu qədər təxribatla kifayətlənməyib. Frankofoniya sammitinin rəsmi hissəsi başa çatandan sonra gəzinti və ziyafət təşkil edilib. Ziyafətdə səslənən musiqilər isə Azərbaycan mahnıları olub. Rəsmilər Azərbaycan rəqs havalarına oynayıblar. Azərbaycan Xarici İşlər Nazirliyi baş nazir Paşinyanın davranışlarını sərt tənqid edib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan baş naziri Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirib: "Bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir. Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə qovulmuş yüz minlərlə azərbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını "Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur”.

Paşinyanın fikirləri ilə bağlı "Şərq”ə danışan Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib ki, Ermənistanın baş nazirinin ziddiyyətli, biri-birini inkar edən bəyanatları onun konkret mövqeyinin olmadığını göstərir. Politoloqa görə, Paşinyanın bütün fəaliyyəti hakimiyyətdə daha çox qalmağa, reytinq qazanmağa və parlament seçkiləri ərəfəsində nüfuzunu artırmağa yönəlib:

 "Paşinyan öz tərəfdarlarına sübut etməyə çalışır ki, guya o, Ermənistanın maraqları uğrunda mübarizə aparan baş nazirdir. Öz sərsəm ifadələrini Frankofoniya sammitində dilə gətirən Paşinyan ölkəsinə dəvət etdiyi dövlət başçılarında rəy formalaşdırmağa çalışır. Ancaq reallıq odur ki, Frankofoniyaya daxil olan dövlətlər fransız dilində danışsalar da, hamısının Azərbaycanla münasibətləri çox yaxşıdır. Hər bir dövlətlə yaxın tərəfdaşlıq münasibətlərimiz var. Həmin ölkələrin fransız dilində danışmaları və Ermənistanda tədbir keçirmələri onların Azərbaycana düşmən olduqları anlamına gəlmir”. 

Professorun sözlərinə görə, Paşinyan nə qədər çapalasa da, konkret mövqeyə gələ bilmir: 

"Baş nazir yenidən israr edir ki, separatçılar danışıqlar prosesinə cəlb olunmalıdır. Bəs onda nazirlərin mütəmadi bir araya gəlməsi nəyə lazımdır?! Axı bir müddət əvvəl Düşənbədə görüşə təşəbbüs göstərən və Prezident İlham Əliyevə yaxınlaşan Paşinyan özü idi. Bu hadisə Ermənistan baş nazirinin nə qədər mövqesiz olduğunu göstərir”.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə də "Şərq”ə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ konflikti ilə bağlı dedikləri Düşənbədə götürdüyü öhdəliyə hörmətsizlikdir: 


"Nikol Paşinyanın Fransa televiziyasına verdiyi müsahibədə Qarabağda yaşayan erməniləri "Qarabağ xalqı” adlandırması, daxili auditoriyaya hesablanıb. Bu ifadə heç bir halda danışıqlar formatını müəyyən edən sənədlərdə yer almayıb. Qarabağda erməni icması və Azərbaycan icması eyni hüquqa malikdir. Nə qədər qeyri-konstruktiv açıqlamalar versə də, Paşinyan danışıqlara məcburdur. Müharibə variantı Ermənistanın məğlubiyyətidir. Gələn ildən başlayaraq, yeni erməni hakimiyyətinin ərazilərin boşaldılmasını nəzərdə tutan real danışıqlara gedəcəyi mümkün deyil. Çünki "Qarabağ klanı" və Koçaryan-Sarkisyan mafiyası ölkədə silahlı çevrilişə cəhd edə bilərlər. Bu çevrilişə Moskva da dəstəyini əsirgəməz. Ona görə də Paşinyan üçün ən qorxulu ssenari danışıqlarda güzəştə getməkdir. Davam edən siyasi proseslərdə müsbət dönüş nöqtəsi yalnız Rusiyanın Ermənistandan tam çıxması və ərazi bütövlüyü prinsipini rəhbər tutaraq regionda yeni bir siyasi dönəmə imza atmasıdır”.

Politoloq bildirib ki, erməni baş nazirin növbədənkənar parlament seçkilərində "qələbə” qazanacağı şübhəsizdir: 

"O, tədricən Koçaryan-Sarkisyan klanını Ermənistanın siyasi səhnəsindən silməklə, bir növ Rusiyanın möveyini zəiflədəcək. Onun daxili mübarizə ilə paralel Qarabağ danışıqlarında hansısa güzəştə getməsi devrilməsinə gətirib çıxara bilər. Paşinyanın üç il müddət ərzində Qarabağ klanını zərərləşdirməsi prosesi davam edə bilər. Bu müddət ərzində İrəvan status-kvonu saxlamağa cəhd edəcək. Artıq, danışıqlarda sükut hökm sürür. Rusiya da bu sükutun qorunmasında maraqlıdır. Təbii ki, Moskvanın əlində Paşinyanı devirmək üçün ən ideal variant Qarabağ münaqişəsinin müharibə fazasına keçməsinə yaşıl işıq yandırmaqdır”.

İsmayıl