“Fransanın bu addımı dünya standartlarını pozan bir hərəkətdir” – Millət vəkili





"Ermənistanın və qondarma rejimin atdığı bütün addımlar mənasızdır, çünki hər keçən vaxt Azərbaycanın xeyrinə işləyir”.

Bunu "Sherg.az”a Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən millət vəkili Rüfət Quliyev söyləyib.

Onun sözlərinə görə, istər Bako Saakyanı, istərsə də, qondarma rejimi dünyanın heç bir ölkəsi tanımır:

"Tanınmamış bir rejimin rəhbərinin bir başqa ölkəyə səfər etməsini tam rəsmi qiymətləndirmək olmaz. Eyni zamanda beynəlxalq standartları, qaydaları nəzərə aldıqda B.Saakyanın Fransaya səfərə getməsi və orada hər hansısa bir iş aparılması BMT-in 4 qətnaməsinin pozulması deməkdir. Çünki BMT-in qətnamələrində bildirilir ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır. Həmçinin bu qətnamalərə oxşar Avropa Parlamentinin də qərarları var. Amma həmin ərazilərdə "fəaliyyət” göstərən bir rejimin müəyyən ölkələrə səfərlər etməsi, müəyyən işlərin görülməsi onu göstərir ki, dünyanın bəzi dövlətləri Avropa Parlamenti və BMT kimi beynəlxalq qurumların qərarlarını, qətnamələrini qəbul etmir, bir növ rədd edir”.

Bundan başqa deputat qeyd edib ki, dünyanın bəzi ölkələrində erməni lobbisi kifayət qədər güclüdür. Fransa da həmin ölkələrdən biridir:

"Oradakı ermənilər öz lobbiçilik məsələlərini kifayət qədər həyata keçirirlər. Lakin Avropanın Fransadan başqa ölkələrinin Bako Saakyanı və ya qondarma rejimin hər hansısa bir nümyandəsinin səfərini qəbul edib, rəsmi danışıqlar aparacağına inanmıram. Hər zaman Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi belə məsələləri normal hesab etmir. Və bu da təbii haldır. Amma bu olaydan sonra ölkəmiz Fransa ilə əlaqələri pozmayacaq. Düşünürəm ki, iki ölkə arasındakı münasibətlərin korlanmasına ciddi bir əsas yoxdur. Çünki beynəlxalq arenalarda hər zaman Fransa Azərbaycanın milli maraqlarını qoruyub. Lakin Parisin qondarma rejimin rəhbərinin səfərini qəbul etməsi yaxşı hal deyil. Bu da müharibənin diplomatik növüdür. Fransa hökuməti Ermənistan və qondarma rejimlə dost ola bilər, onaların bir-birinə ziyafət verməsi və söhbət aparması da mümkündür. Amma bunu rəsmiyyətə daşınması dünya standartlarını pozan bir hərəkətdir”.

R.Quliyev bəyan edib ki, Prezident İlham Əliyevin öz siyasəti var:

"Həmin siyasət nəticəsində keçən hər vaxt, zaman bizim xeyrimizə işləyir. Ona görə də ölkəmiz iqtisadi, siyasi və hərbi cəhətdən güclənir. Lakin Ermənistanda bütün bu faktorlar əksinə gedir. Orda iqtisadi geriləmə, siyasi problemlər, xalq çıxışları, mitinqləri baş alıb gedir. Ermənilər bomş vəziyyətində yaşayır, ölkədə korrupsiya halı gündən-günə artır, adətən insanlar öz dövlətlərində heç kim durumundadır. Yəni Ermənistan vətəndaşlarının hüquqları qorunmur, iqtidsadi problemləri həll olunmur. Eyni zamanda separatçı ölkədə əhali ildən-ilə azalır. Çünki yaranmış çətinliyə tab gətirə bilməyən ermənilər öz evlərindən, ölkələrindən qaçır. Həmçinin onların demoqrafik inkişafı yoxdur. İşğalçı ölkədə azlma prosesi hər keçən gün daha intensiv gedir”.

Millət vəkilinin qəanətincə, Dağlıq Qarabağ erməniləri başa düşürlər ki, iki ölkə arasındakı münaqişə belə davam etməyəcək:

"Çünki Azərbaycan Respublikasının silahlı qüvvələrinin Ali Baş komandanı İlham Əliyev əmr versə, ordumuz 48 saat müddətində işğal olmuş ərazilərini geri qaytara bilər. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrindən dəfələrlə güclüdür. Eyni zamanda bizim silahlarımız, hərbi texnikalarmız onlara nisbətən daha moderndir. Lakin bütün hallarda Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir”.

Qeyd edək ki, Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında "qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atmışdır.

Kənan Eynuroğlu