"Fransızdilli ölkələr özlərinə hörmət qoymalıdırlar - Ermənistanda keçirilən Frankofoniya bayramı gülüncdür

"Frankofoniya bayramının Ermənistanda keçirilməsi gülünc görünür”. Bu sözləri "Sherg.az"a növbəti beynəlxalq Frankofoniya sammitinin Ermənistanda keçirilməsinə münasibət bildirərkən "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quluyev söyləyib.
Onun qənaətincə, artıq illərdir ki, Ermənistanda Frankofoniya tədbirinin keçirilməsi və bunun dünyada əhatəli şəkildə göstərilməsi onlarda ənənə halını alıb:
"Ermənistanın dünyaya Frankofoniya bayramını belə geniş təbliğ etmək cəhdi onların bütün bəşəriyət üzərində növbəti ironyalarından biridir. İlk öncə dünyanın fransızdilli kəsiminin Ermənistanla hası genetik bağlılığının olması çox böyük sual doğurur. Üzdən iraq qonşularımız dil, tarix, mədəniyyət baxımından fransızdilli ölkələrlə bağlı deyil. Fikirimcə, Ermənistan özünü həmin ölkələrə pərçimləmək istəyir. Bu onların daha çox siyasi addımıdır. Çünki onlar Fransada erməni lobbisinin çoxsaylı olmasından istifadə edərək özünü həmin ölkələr qrupuna daxil etməyə cəhd göstərir". 
A.Quliyev hesab edir ki, bu bayramın dünyaya humanitar dəyərlərin və prinsiplərin təbliği ilə bağlı işğalçıların çağrışları Ermənistanın timsalında çox gülüncdür: 
"Çünki Ermənistan bir milyondan çox azərbaycanlıları öz ev-eşiyindən didərgin salıb, Azərbaycanın torpağını işğal edibsə, onun Frankofoniya tədbirləri vasitəsi ilə dünyaya humanitar çağrışlar etməsinin heç bir dəyəri ola bilməz. Ermənistan monoetnik ölkədirsə, burada ermənilərdən başqa heç bir dövlətin nümayəndələri yaşamırsa, onun bu kimi tədbirlərlə özünü dünyaya çoxmillətli ölkə kimi göstərmək və bütün millətləri dostluğa, qardaşlığa çağırmağı dünyanı ələ salmaqdır. Mənə elə gəlir ki, dünya nə vaxtsa Frankofoniya tədbirləri ilə dünya üzərində hansı hikkəni və oyunları oynadığının fərqinə varacaq, bu bayramın Ermənistanda keçirilməsini dayandıracaq. Fikirimcə fransızdilli ölkələr özlərinə hörmət qoysalar, Frankofoniya bayramını baykot edərlər və bunun Ermənistanda keçirilməsinin qarşısını alarlar. Amma təəssüf ki, bu günə kimi onlar bunu etməyiblər.
Qeyd edək ki, beynəlxalq Frankofoniya sammiti 17-ci dəfədir ki, təşkil olunur. Bu beynəlxalq tədbir bir növ fransız dilini və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir.
Kənan Eynuroğlu