"Gəldi Azərbaycanı gəzdi, dolandı və sonra... " - Tarixçi deputat




"Jirinovski Rusiyanın siyasi həyatında komik və qeyri-ciddi siyasətçi kimi tanınır. Bu mənada onun bütün fikirlərinə qeyri ciddi yanaşıram və ona xüsusi elmi bir yozum vermək istəmirəm".

Bunu Sherg.az-a Rusiya Dövlət Dumasının sədr müavini V. Jirinovskinin "Azərbayan olmayacaq, olacaq Bakı quberniyası" iddiasına münasibət bildirərkən tarixçi deputat Fəzail İbrahimli deyib. 

Onun sözlərinə görə, Jirinovski ömrü boyu bütün qitələrlə bağlı nə gəldi danışır: 

"Amerikaya və Avropaya qarşı da istədiyini deyir. Jirinovksi nə danışmır ki?. Gəldi Azərbaycanı gəzdi, dolandı, dincəldi və ölkəmiz haqqında çox gözəl fikirlər söylədi. İndi də gedib, başqa fikir səsləndirir. Ona ciddi yanaşmaq olmaz. Qeyri - ciddi siyasi mövqeyi olan insana ciddi siyasi mövqe ilə cavab vermək olmaz".

Qeyd edək ki, bu günlərdə V. Jirinovski müsahibələrinin birində keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də "öz-özünə həll olunacağını” deyib: "Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”.

Ayyət Əhməd