“Gələcək” - Akif Aşırlı yazır
Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarından biri də "Gələcək” qəzetidir. Mərkəzi Müsəlman Təşkilatları "Hümmət” Menşevik Sosial Demokrat Fəhlə firqəsinin yayım orqanı olan "Gələcək” 1918-ci ildə nəşrə başlayıb. Həftədə iki dəfə işıq üzü görən partiya qəzeti 1918-ci il iyunun 27-də çap olunan ilk sayında özünü fəhlə və kəndlilərin maraqlarının müdafiəçisi olduğunu elan etdi. Redaksiya Tiflisdə Qolovinski küçəsindəki 12 nömrəli evdə yerləşib, tək nüsxəsinin qiyməti 60 qəpik, xarici ölkələr üçün isə bir qədər baha, 70 qəpik idi.
Hər gün saat 10-dan saat 2-dək idarəsinin oxuculara açıq olduğunu xatırladan "Gələcək” maliyyə problemlərindən çıxış yolları arayır, abunə qəbulu üçün təbliğat aparır, münasib reklam şərtləri irəli sürürdü. Birinci səhifədə elanın qiyməti hər sətir üçün 1 manat, axırıncı səhifədə isə 6 manat nəzərdə tutulurdu. Maliyyə çətinliyindən qurtulmaq üçün ümidini "əzilən sinfin” nümayəndəsi olan fəhlə və kəndlilərə bağlayan "Gələcək” bu yöndə bütün təbliğat imkanlarından yararlanaraq yazırdı: "Fəhlə, kəndçi qardaşlar! Sizin qəzetəniz "Gələcək”in yaşamağı bağlıdır Sizə. Sizin maddi və mənəvi köməyiniz olmasa qəzetə yaşaya bilməz”.
Maddi çətinliklər səbəbindən qəzetin çap dövriyyəsində problemlər yaranır, qrafikə uyğun vaxtlı-vaxtında nəşr oluna bilmirdi. Qəzetin 14 mart 1919-cu il tarixli sayında oxuculara məlumat verilirdi ki, bəzi problemlər səbəbindən vaxtında nəşr olunmaq imkanları olmayıb: "Bu nömrəmiz gərək bu martın 12-də çıxaydı. Amma idarədən asılı olmayan səbəblərə görə, nömrəmiz təxirə düşüb, martın 14-də çıxır”.
"Gələcək” təkcə maliyyə, mətbəə və siyasi problemlərlə üzləşmirdi, Tiflisdə müxtəlif anadilli mətbuat orqanlarında çalışan qələm sahiblərinin Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakıya köçməsi də yaradıcılıq çətinlikləri yaradırdı.
Bu səbəbdən fikir və mülahizələrini sərbəst yazmaq bacarığı olan azərbaycanlıları əməkdaşlığa dəvət edən qəzet yazırdı: "Vətəndaşlar”, fəhlə, əkinçi qardaşlar! Əmələ yoldaşlar! Bu "Gələcək” qəzetəsi Sizin öz qəzetinizdir. Bu qəzetə fəhlə qəzetəsidir. Buraya məqalələr yazın və öz dərdlərinizi idarəyə söyləyin ki, qəzetə nəşr olunsun. Hər nə sözünüz olsa, bu qəzetin vasitəsilə deyə bilərsiniz. Hər nə dərdiniz olsa, bu qəzetənin vasitəsilə dərman tapa bilərsiniz. Öz fəhlə məişətinizdən, xahişlərinizdən, amallarınızdan "Gələcək” qəzetəsi idarəsinə məlumat verin... Siz bir neçə saatlığa öz zəhmətinizdən əl çəkib, öz halınızı düşünün. Hər nə sözünüz olsa, yazıb idarəyə verin”. Təbii ki, bu çağırışda siyasi-ideoloji çalarlar olsa da, qəzetin səhifələrindən də açıq görünür ki, redaksiya yaradıcılıq baxımdan xeyli kasaddır. Yaradıcılıq imkanlarını fəhlə və kəndli müxbirlərinin səyi ilə aradan qaldırmağa çalışsa da buna nail ola bilmir.
Müxtəlif xidmət sahələrinin və fərdi şəxslərin reklamını açıqladığı şərtlərə uyğun birinci və sonuncu səhifələrdə çap edlən "Gələcək” firqə maraqlarını da nəzərə alırdı. Reklam və elanların əksəriyyəti həkimlərin təbliğinə, xidmətlərinə yönəldiyindən, digər sahələrin reklamına o qədər də yer vermirdi. Reklam mətni tələblərinə uyğun tərtib olunan elanların birində deyilirdi: "Almaniyada Darülfünün qurtarmış tibb doktoru Q.A.Hiranov cürbə-cür naxoşları qəbul edir. Hər gün cümə axşamından savayı axşam 5-dən 7-yə kibi. Adres 19 fevral küçəsi, ev nömrə 15”.
"Hümmət” menşevik partiyasının əsas təbliğat maşını olmasına baxmayaraq "Gələcək” müstəqil xəbər siyasəti həyata keçirməyə çalışırdı. "Azərbaycan xəbərləri”, "Gürcüstan xəbərləri”, "Erməni həyatı”, "Xarici xəbərlər”, "Daxili xəbərlər” rubrikalarında müstəqil cümhuriyyətlərini yenicə quran ölkələrdə baş verən hadisələrə daha geniş yer verirdi. Xəbər sayına görə, qəzet üstünlüyü əsasən Azərbaycana verirdi. "Müsavat”ın siyasi yönümü və istiqamətini menşevik "Hümmət”çilər” qəbul etməsələr də Azərbaycanın müstəqilliyini müdafiə edirdilər. Özlərini xalqçılıq ideyasının daşıyıcıları hesab edənlər "Müsavat”ın dövlətçilik sistemində Avropaçılıq ideyasını qəbul etməyərək qəzetin 1918-ci il 13 noyabr tarixli 19-cu sayında yazırdılar: "Azərbaycanda xalqçılıq və ya beynəlmiləl sosial-demokrat fikri getdikcə müvəffəqiyyət qazanmağa başlayır. Müsavat firqəsinin sol tərəfi və sosialist bloku axır zamanda səhvlərini anlamaq üzrədirlər. Bu firqələr anlamışlardır ki, Avropa mədəniyyəti olmamış məmləkətdə Avropa üsul və qaidələri bərpa etmək qeyri-mümkündür. Və bunu da bildilər ki, Azərbaycan Cümhuriyyəti bütün mənası ilə müstəqil bir cümhuriyyət olmasa millətlər ailəsinə qəbul oluna bilməyəcək”.
"Gələcək”in həftədə iki dəfə nəşri Azərbaycanla bağlı xəbərlərin zamanında oxuculara çatdırılmasına mane olurdu. 1918-ci ilin iyul-sentyabr ayları ərzində Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması üçün İstanbulda fəal iş aparan Məhəmməd Əmin Rəsulzadənin xarici ölkə səfirləri, nümayəndələri ilə görüşünə işıq salan "Gələcək” iki ay sonra hadisələri oxuculara çatdırırdı. Qəzet 13 noyabr 1918-ci il sayında M.Ə.Rəsulzadənin Bakının Almaniya və müttəfiq, bitərəf dövlətlərin nəzarətində neytral bölgə olması barədə Brest-Litovski sazişinə gizli əlavəni pisləməsi barədə bəyanatı və notası barəsində yazırdı:
"Sentyabrın ortalarında İstanbul qəzetələrində Azərbaycan heyəti-mürəxxəsəsinin sədri Məhəmməd Əmin Rəsulzadə cənabları tərəfindən Almaniya səfirinə, qüvvələrində mərkəzi və bitərəf dövlətlərə verilmiş Bakı haqqında bir notası dərc olunmuşdur. Almaniya Brest əhdnaməsinə əlavə olan müahidə mövcubunca Bakının bolşeviklərə verilməsi haqqında tarazlıq etmək ilə notada Bakının tarixi-nöqteyi nəzərincə, coğrafi, iqtisadi və bir çox dəlillər əsasilə Azərbaycana mütəlliq etdiyi söylənilir”.
"Gələcək” M.Ə.Rəsulzadənin Bakının ürfan, mədəniyyət cəhətincə də Azərbaycan ilə bağlı olduğunu, Azərbaycan türklərinin ictimai, iqtisadi, dini milli və xeyriyyə idarələrinin bu şəhərdə yerləşdiyini əsas gətirərək Almaniya hökumətinə rəsmi nota verdiyini yazırdı.
Qəzetin həmin sayında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açılacağı xəbəri də verilirdi: "Bu günlərdə Azərbaycan parlamenti yığılıb hökumətin gələcək tərz-idarəsi və tazə seçki məsələsini müzakirə edib qurtaracaqdır. "Gələcək” millətin həqiqi idarəsinin yığılmasını təbrik edir və müvəffəqiyyətlər dilər”.
"Xarici xəbərlər” rubrikasında Almaniya, Türkiyə, Fransa, İngiltərə və başqa dövlətlərdə baş verən hərbi-siyasi hadisələr, yeniliklər işıqlandırılırdı. "Türkiyədə” sərlövhəli xəbərdə məlumat verilirdi ki, Türkiyə ilə Fransız-ingilis danışıqları təsdiqini tapır. Bu danışıqların əsas mövzusu Dardanel (Çanaqqala), Bosfor boğazlarında müttəfiqlərə məxsus gəmilərin hərəkətinə qoyulan qadağaların aradan qaldırılmasıdır.
"Osmanlı mətbuatı” rubrikası altında isə "Yeni gün” qəzetinin Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi barədə məlumatı çap olunub. Xəbərin təqdimatında "Yeni gün”ün Bakının fəth olunması barədə məqalə nəşr etdiyi bildirilir və yazılır:
"Bakının üzərində Azərbaycan bayrağı açıldı. Azərbaycan ordusu Bakını aldılar. Həmdin, həmqan qardaşlarımızı təbrik edirik”. Azərbaycan paytaxtı Bakının bir ovuc avantürist erməni və bolşevik əlində olduğunu, cəsur Azərbaycan ordusunun cümhuriyyətin paytaxtını azad etməsinin türk-islam dünyasında şadyanalıqla qarşılaşdığını qeyd edən "Gələcək” bu xoş xəbəri öz səhifəsində dərc etməklə Azərbaycanın müstəqilliyinə həm də öz münasibətini ifadə edirdi. Məsələ bundadır ki, qəzet Bakının tərkibində peşəkar türk hərbçiləri olan Qafqaz İslam Ordusunun deyil, Azərbaycan ordusunun azad etdiyini yazır.
Azərbaycanın müstəqilliyinin əldə olunmasında böyük rolu olan Türkiyənin beynəlxalq təzyiqlərlə üz-üzə qalmaması üçün bu düşünülmüş təbliğat taktikası idi.
Qafqaz İslam Ordusunun Mudros sazişinə əsasən Azərbaycanı tərk etdikdən sonrakı vəziyyətin öyrənilməsi baxımından "Gələcək” qəzeti əhəmiyyətli informasiya vasitəsidir. Sadəcə qəzetin bütün nömrələrinin əldə olunmaması əsas problemdir.
Qəzetin 30 noyabr 1918-ci il tarixli 21-ci sayında "Azərbaycan xəbərləri” rubrikasında eyni mahiyyətli və bir-birini tamamlayan 3 xəbər çap olunub. 1918-ci ilin noyabrın 17-dən sonra Bakıya daxil olan ingilis komandanı general Tomsonun fəaliyyətinə aid olan bu xəbərlərdə əsasən Biçeraxovun rəhbərlik etdiyi kazak hərbi dəstələrinin törətdikləri qanunsuzluqlardan bəhs olunur: "Alınan xəbərlərə görə, Biçeraxov dəstəsi tərəfindən Bakıya girəndə əhali haqqında təcavüzlər olubdur. İngilislərə bu hərəkət xoş gəlməmişdir”. Bu məlumatın davamı olaraq qəzet Tomsonun tədbirləri barədə məlumat verərək yazır: "Gəncədən gələn bir adam xəbər verir ki, Biçeraxov dəstəsinin soldatları şəhərə girən kibi əhalini talan etməgə başlamış, bir çox müsəlman mağazinləri talan olunmuş isə general Tomson qarışıb soldatları tərk-silah olunmasını tələb edib, soldatları tərksilah ediblər: "Türk-müsəlman əhaliyə qarşı nifrətini heç vaxt gizlətməyən Biçeraxovun Azərbaycanı tərk etməsi barədə kiçik xəbərdə isə deyilir: "Noyabrın 26-da Tiflisə xəbər gəlmişdir ki, general Tomsonun əmri ilə Biçeraxov dəstəsi Bakıdan çıxarılır. Bu xəbərin səhihliyi idarə tərəfindən təhqiq olunmamışdır”.
(Davamı var)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb