Gerçək, yoxsa yalançı göz yaşları?

Xərçənglə mübarizədə əlini Allahdan üzməyən o qədər adam var ki…



Xərçəng 21-ci əsrin qorxunc bəlasına çevrilib. Bəzən insanlarda xəstəliyin adını eşitmək belə psixoloji depressiyalara, həyatdan ümidlərini kəsməyə səbəb olur. Son zamanlar bu xəstəlikdən əziyyət çəkən tanınmışlar onkoloji xəstəlikləri ilə bağlı, efirdə, mətbuatda, sosial şəbəkələrdə paylaşımlar edir, açıqlamalar verir. Bunlar aydındır. Allah hamısının şəfasını versin. Ancaq insanların duyğusal hissləri ilə oynayanlar da var. Bir deyil, iki deyil, hər gün artır. Onlar saxta maskalarla diqqətləri özlərinə çəkməyə çalışır. Bəziləri efirlərdə imdad diləyib, maddi kömək umurlar.

Xəstəliklə bağlı özlərini reklam etməyə çalışanlara, göz yaşı tökməklə maddi gəlir əldə etmək istəyənlərə yaxşı bir reaksiya gəlib.

Yazıçı-jurnalist Natiq Məmmədlinin sosial şəbəkədə paylaşdığı status diqqətimizi çəkdi.


«Mən bu xanımı çox sevirəm. Allahdan arzu edirəm ki, onun üzündəki bu təbəssümü hələ bundan sonra da uzun illər görə bilək. Allah ona sağlam ömür versin ki, Azərbaycan mədəniyyətinin ünlü siması Tünzalə xanım bizi sevindirməkdə davam eləsin. Lakin son zamanlar onun adı ətrafında yaranmış söhbətlər və bu ucuz vodevildə aktrisanın özünün baş rolda yer alması adamı sarsıtdı. Xərçəngə tutulmuş və tutulmaqda davam edən, bu xəstəliklə mübarizədə əlini Allahdan üzməyən o qədər adam var ki... 

Allah onların hamısına kömək olsun. İndi Azərbaycan efirlərində politoloqluq edən bir deputatın dərman firmasına 8 il bundan qabaq hər ay təkcə iynələr üçün 1400 manat pul ödəyirdim. Maaş kimi mənə verilən pulun 1000 manat olduğunu, ailə qayğıları və sairəni də üzərinə gəldikdə bunun nə demək olduğunu təssəvür eləmək çətin deyil. Bədənimdə tüklərim tökülmüş, çəkim 88 kilodan 63 kiloya düşmüşdü. Amma heç kimə yardım üçün ağız açmadım, aça da bilməzdim. Çünki mən aktrisa deyildim, öz cibinin puluna kitab çap eləyib paylayan yazıçı idim. Amma Allahı yaddan çıxarmadım. Sən Allahı unutma, gözəl bacım. Sənə - Azərbaycan səhnəsinin gülən üzünə cansağlığı arzulayıram. Bağışla ki, sənə pul göndərib adımı efirdən oxutduracaq qədər varlı deyiləm. İnşallah, səhnədə səni görən kimi bir gül dəstəsi təqdim eləmək borcum olsun. İnşallah!».

Mövzu ətrafında müzakirələr davam edir. Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli də mətbuata açıqlama verərək etirazını bildirib: "Toppuş bacı” nəyə görə xərçənglə özünü reklam edir? Sosial şəbəkələrdə çox xəstələr şayiələr yayır, reallığı əks etdirməyən məlumatlar paylaşırlar. Məsələn, son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır?”.

Cavabı gecikməyən Tünzalə Əliyeva bu barədə çox danışmaq istəmədiyini deyib: "Qoy nə danışır danışsın. Mən ona heç bir cavab verməyəcəyəm. Dediyim hər sözü əleyhimə işlədirlər. Qaldı ki xəstəliyimə, əməliyyat olunmuşam, müalicələrim davam edir, yaxşıyam”.

Mövzu ilə bağlı mütəxəssislərə müraciət etdik. Yazıçı-kulturoloq Aydın Xan Əbilov «Şərq»ə açıqlamasında bildirdi ki, sivil ölkələrdə insanlar sağalmaz bəlaya düçar olanda orada səhiyyə təşkilatları, tibbi-sosial sığorta qurumları bütün xərcləri ödəyir və insan bilir ki, işlədiyi zaman sosial sığorta ilə bağlı ödədiyi haqq, ödədiyi məbləğ nə vaxtsa, ona, doğmalarına qaytarılır. 

Azərbaycanda isə «Tibbi sosial sığorta haqqında» qanun, müəyyən normativ aktlar qəbul edilsə də, hələ də geniş mənada vətəndaşlarımız tibbi sığortadan yararlana bilmir. Ona görə də istər tanınmışlar, istərsə də sadə vətəndaşlar, son vaxtlar sosial şəbəkələrdə, televiziyalarda ətrafdakı insanlarla yardımlaşma, paylaşma məqsədilə belə aksiyalar təşkil edərək insanlara müraciət edirlər. Əslində insani və humanistlik baxımından bu çox normal bir addımdı».

Kulturoloq bildirib ki, əgər kimsə xərçənglə mübarizə aparan insanları qınayırsa, onların müraciəti ətrafdakılarda qıcıq yaradırsa, nəzərə alsınlar ki, şəkər, SPİD, xərçəng xəstəliyi kimi qlobal bəlaya çevrilən azarlara hər birimiz istənilən an tutula bilərik. Ona görə də ən azı özlərini həmin xəstələrin yerinə qoysunlar: «Məncə, xəstəlikdən əziyyət çəkən insanları dəstəkləmək daha düzgündü. Bizdə sığorta sistemi normal, ciddi işləməyə başlayandan sonra heç bir problem olmayacaq və həmin xəstələrə də ehtiyac qalmayacaq ki, insanlara müraciət edib onlardan kömək istəsinlər».

Millət vəkili Fazil Mustafa da xərçəngdən əziyyət çəkən insanların problemlərini ictimailəşdirməsində, müzakirəyə çıxarmasında heç bir qəbahət görmür.

«İnsan əlacsız vəziyyətdə, ölüm ayağında və yaxud da ağır xəstəliyə düçar olanda, kimdənsə kömək istəyirsə, buna hansısa bir etiraz bildirmək, xüsusi bir narahatlıqla baxmaq doğru deyil. Əsas narahatçılığı olan məsələ odur ki, Azərbaycanda insanlar kütləvi şəkildə onkoloji xəstəlikdən əziyyət çəkirlər, çünki Azərbaycan Tibb Universiteti, tibb təhsili sıfır vəziyyətindədir. Azərbaycanda normal həkim, mütəxəssis yetişməsi imkanları faciəli vəziyyətdədir. Kütləvi şəkildə bu xəstəlik cavanlaşır. Bunun səbəbləri üzərində düşünmək lazımdır. Qida istehsalı ilə məşğul olan şəxslər fəaliyyətində dönüş yaratmalıdır. Artıq imtiyazlar ləğv olunmalıdır. Əhaliyə zəhərli, genetik modifikasiyası dəyişmiş, onkoloji xəstəliklər yaradan maddələrin yedirdilməsi və kütləvi şəkildə məhv edilməsinin qarşısı alınmalıdır».

İlahə Əhmədqızı