Gərək insanlar diqqətli olsun

Bütün dövrlərdə saxta formalardan istifadə edib dələduzluqla məşğul olan insanlar meydan sulayıb



Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımovun başına iş gəlib. Onun avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib.

Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüququ fakultəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Rizvan Cəfərov saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməkdaşı olmadığı halda həmin orqanın xüsusi geyim forması olub.

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxslərlə zaman-zaman rastlaşmışıq.

Mövcud durumla bağlı "Şərq”ə açıqlama verən sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, hər zaman ölkənin həm xaricində, həm də daxilində buna bənzər hadisələr baş verib. Bu cür hallarda günah hüquq-mühafizə orqanlarının yox, vətəndaşlarındır. M.Hacıyev bildirib ki, insanlar daha səriştəli və ayıq olmalıdırlar ki, belə hallar yaşanmasın:

"Sovetlər birliyi dönəmində, SSRİ-nin vaxtında da belə hallar olurdu. Hər zaman formadan istifadə edib, özləri üçün saxta vəsiqə düzəldən dələduz insanlar olub. Dırnaqarası da olsa bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Çünki cəmiyyət varsa, cinayət də var. Hər insan şablon vəziyyətdə eyni xətt üzrə cinayət edə bilməz. Demək olmaz ki, cinayət edərkən mütləq qaydada hamı oğurluq, ya quldurluq eləsin. Biri də dələduzluq edir və bu yolu götürür.

Belə insanlar etimad qazanır və kimisə aldadaraq onun pulunu mənimsəyir. Bu cür hallarda gərək insanlar diqqətli olsunlar. Hər şey onların özündən asılıdır”.

Yeganə Bayramova