Gərək ortada pul olsun...

Qəbirləri icra hakimiyyəti orqanları qoruya bilməyəcək
Nə qədər ki, bələdiyyələrin səlahiyyəti yoxdur, dəyişikliyin vətəndaşlara xeyri dəyməyəcək



Milli Məclisin Regional siyasət komitəsinin ötən gün keçirilən iclasında "Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb.

Abzasda deyilir ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun olaraq həyata keçiriləcək.
Komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, qəbirlərin qorunmasına görə, müvafiq icra hakimiyyətinin cavabdeh olmasını ilk baxışdan müsbət dəyişiklik kimi dəyərləndirmək olar. 

Ancaq Azərbaycanda bələdiyyələr səlahiyyətləri olmayan bir qurum hesab olunduğu üçün bu dəyişikliklərin vətəndaşların xeyrinə olacağı bir o qədər də real deyil: 

"Əgər belə bir səlahiyyət onlara verilsə, öz mənfəətlərini güdüb, hansısa yolla pul qazanmağa çalışacaqlar. Bu qanunun qəbulundan sonra qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları müvafiq icra hakimiyyətinə ödəniş ödəməlidirsə, qəbul etməyin mənası yoxdur. Biz çalışmalıyıq ki, müvafiq qanunlara dəyişiklik edilən zaman heç bir halda əhaliyə maddi ziyan dəyməsin, çünki ölkəmizdə orta aylıq əməkhaqqı aşağı olduğu üçün insanların yaşam səviyyəsi o qədər də yüksək deyil”.

M.Zülfüqarlı onu da deyib ki, qanunla bəzi vəzifələr bələdiyyələrə tapşırılsa da, yerlərdə icra hakimiyyətinin icazəsi olmadan bələdiyyələr bir addım belə ata bilmirlər. 

"İcra qurumlarından göstəriş verilməsə, bələdiyyələr heç bir iş görmürlər. Bu mənada bizim üçün əsas olan atılan hər hansı bir addımdan vətəndaşların ziyan görməməsidir. Səlahiyyətin hansı qurumda olması indiki reallıqda bir o qədər də əhəmiyyətli deyil”.

Şəymən