Girovun oğlu BQXK-nin yalanını üzə çıxardı

“Fevral ayından indiyədək atamdan xəbər almamışıq. Ona görə çox narahatıq”



Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşən şəxslərlə, o cümlədən Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüşüblər.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O deyib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

 "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkirik. BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşür, onların saxlanma şəraiti və göstərilən rəftarı monitorinq edir. Həmçinin, onların ailələri ilə əlaqə saxlamalarına şərait yaradırıq”. 

Girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə qurumun yaydığı məlumatı yalanlayıb. O bildirib ki, görüşün olması barədə onlara heç bir məlumat verilməyib: 

"Mətbuatda yayılan xəbərlər yalandır. Fevral ayından indiyədək atamdan xəbər almamışıq. Ona görə çox narahatıq. BQXK-nin rəsmisi mətbuata bildirib ki, guya girovların ailələri ilə əlaqə saxlamalarına şərait yaradırlar, tamamilə yalandır. BQXK-yə zəng vurub yayılan məlumatı dəqiqləşdirmək istədim. Soruşdum ki, ötən gün girovlarla görüşün olması barədə məlumat yayılıb. 

Niyə girovların ailələrinə məlumat verməmisiniz və bizim məktublarımızı onlara çatdırmamısınız? Nümayəndələr görüş olacağı təqdirdə əvvəlcədən mənə xəbər verəcəklərini bildirmişdilər. Qurumun əməkdaşları telefonda mənə dedilər ki, "bizim xəbərimiz yoxdur, görüş olmayıb”. Belə çıxır ki, mən uşağam, mənimlə çiling-ağac oynayırlar?!”.

İsmayıl