"Gömrük orqanlarının fəaliyyətində canlanma var" - İslahatların effekti





"Vətəndaşlara xidmət, insanların məmnunluğunun təmin edilməsi, elektron xidmətlərin miqyasının genişləndirilməsi, kadr islahatları və s. məsələlərdə Dövlət Gömrük Komitəsi xeyli işlər görür”.

Bunu "Sherg.az”a Dövlət Gömrük Komitəsində həyata keçirilən kadr islahatlarından danışarkən "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib. 

O diqqətə çatdırıb ki, komitə gömrük işinin keyfiyyətli təmin olunması üçün əksər postlarda 24 saat xidmət rejiminə keçib:

"Bütün tədbirlərlə paralel kadr islahatları da həyata keçirilir. Həmçinin idxal-ixrac əməliyyatları ilə bağlı məsələləri özündə əks etdirən sərəncam da imzalandı. Bu gömrük qurumlarının fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirəcək. Sahibkarlarla görüşlərin tez-tez keçirilməsi onların gömrük orqanları haqqında daha dolğun məlumatlar əldə etməsinə dəstəkdir.

Bir sözlə, son illərdə gömrük orqanlarının fəaliyyətində canlanma var. Bu qurumlar nəzarət deyil, daha çox xidmət orqanı istiqamətində fəaliyyət göstərir. Burada hansı istiqamətlərin prioritet təşkil etməsi birbaşa gömrük orqanının fəlsəfəsini də müəyyən edir. Gömrük orqanlarının inkişafı sayəsində dayanmaq olmaz. 

Yeni innovasiyaların tətbiqi istiqamətində addımlar daha da sürətləndirilməli, geniş perspektivdə yeniliklər tətbiq edilməlidir. Zamanında bəzi problemlər səsləndirilir, gömrük orqanlarının fəaliyyətindəki çatışmazlıqlar tənqid edilirdi. Hazırda isə etimadın daha da yüksəlməsi istiqamətində həmin sahədə islahatlar həyata keçirilir. Bu isə ümumi ölkədə həyata keçirilən iqtisadi islahatların tempinə uyğundur”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində həyata keçirilən kadr dəyişiklikləri nəticəsində Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.

Aysel Aslan