Göz xəstəlikləri niyə cavanlaşır ?- Səbəblər və qorunma üsulları





"İnsanın göz problemi, gözün özündə olan birbaşa proseslər orqanizmdə olan hansısa narahatlığın təzahürü kimi ortaya çıxa bilər”.

Bunu "Sherg.az”a son vaxtlar insanların şikayətləndiyi göz problemlərinin səbəblərini izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

Onun sözlərinə görə, orqanizmdə baş qaldıran problemlər gözün funksiyalarını itirməsinə qədər gətirib çıxara bilər:

"Gözün müxtəlif xəstəlikləri var. İltihabi problemlər, mexaniki xəstəliklər, gözdaxili təzyiqin artması, mirvari suyunun gəlməsi kimi göz narahatlıqları yaşanır. Bu kimi problemlərin yaranmasına ən çox təsir edən faktorlardan biri də ekoloji səbəblərdir. Əvvəllər çox az hallarda insanlar göz əməliyyatı keçirirdilər. İndi isə xeyli cavan şəxslər müxtəlif növ göz əməliyyatları keçirir. Xüsusilə, mirvari suyu adlandırdığımız narahatlıq səbəbindən 50 yaşı tamamlamış şəxslər əməliyyat keçirmək məcburiyyətində qalır. Halbuki, bu problem daha yaşlı dönəmdə baş qaldırırdı”.

Adil Qeybulla azyaşlıların göz xəstəliklərinə tez yaxalanmasının səbəblərini də izah edib:

"Valideynlər uşaqlarındakı narahatlığı hiss etdikdə həkimə müraciət edirlər. Əksər hallarda bu azyaşlıların eynək taxması ilə nəticələnir. Əvvəllər bu problem də çox az hallarda yaşanırdı və insanların görmə çəkisi xeyli dərəcədə yüksək idi.

Göz orqanizmin bir hissəsi olduğuna görə, ekoloji, qidalanma problemləri, qeyri-aktiv həyat şəraiti gözlərimizi də təsir altında qoyur. Biz ilk növbədə ekoloji faktorlara, havanın çirklənməsinə, qida təhlükəsizliyinə və s. diqqət etməliyik. Bakı küləkli şəhərdir, müxtəlif tullantıların, tozun, gözlə görünməyən bakteriyaların yayılması insanın orqanizminin, onun bir hissəsi olan gözlərin zədələnməsinə gətirib çıxara bilər. Gözündə allergik reaksiyalara meyllilik olan şəxslər xüsusilə yaz fəslində ehtiyatlı olmalı, tozlu yerlərdə çox dayanmamalıdırlar”.

Aysel Aslan