Göz yaşı heykəli





Mütləq Həqiqətə aşiq, Tanrıya sevdalıdır insan – Haqqa tapınmadan, özünü tanımadan yaşaya bilmir. Vurnuxur, döyükür, çırpınır – elə hey Onu axtarır. Yollarda yorulmayıb, yanğılarda kül olmadan yürüyüb Haqqa varanda isə... ya dəli olur, ya dahi. Ya da əkizlərin üçüncü qardaşı – şair. İbrahim İlyaslı şairdir. Həm də halal qardaşdır: bir az buna, bir az da ona oxşayır – dəli-dolu Sözləri ilə...
... Məna, söz aşiqlərinin daxilində sözdən bir dərya olar ki, hələm-hələm sezilməz, ləpələnməz, görünməz. Yalnız əsl şairin havalı harayından dalğa-dalğa tərpənər, " kədər” adlı qayalara çırpılıb, damla-damla tökülər – göz yaşları aram-aram döyəcləyər qüssəli sahilləri, dərdli qayalıqları...
İbrahim İlyaslıda olay daha betərdir. O, "Şair olmaq zülümdü” kitabına topladığı şeirlərdə söz aşiqlərini dəryada tufanla üz-üzə qoyub. Üçcə-beşcə şeirini oxumaq yetərlidir: könüllərdə xımır-xımır uyuyan o yanğı dəryasının kükrəyən dalğaları fəryad qoparır sanki: "Ehtiyatlı olun! Əgər "Vətən” adlı qibləniz, "Həqiqət” adlı tutalğacınız, "İnsan” adlı söykənəcəyiniz yoxdursa, "Of, ay bəşər!” ağrısına dirəniş göstərməyə gücünüz tam deyilsə, oxumayın İbrahim İlyaslını – Sözlərinin yükünü qaldıra bilməzsiniz. Beliniz qırılar, diziniz qatlanar, beyininiz çönər, ya da (ən azından) göz yaşı selində boğularsınız...Oxumayın. Qoy yalnız fədailər – Vətən, Bəşər, Həqiqət dəliləri cəsarət etsinlər bu tufanla üzləşməyə”...
*
Sözdən başı çıxanlara, sözə qüvvət verib, ondan güc alanlara həmdəm olmaq – ağır işdir. Gərəkdir ki, dediklərin Həqiqət olsun. Həqiqətsə, məlumdur ki, acı bilindiyindən yeganə sadiq yoldaşı – göz yaşı olub hər zaman. Yəqin, elə bu səbəbdən İbrahim İlyaslı Həqiqətin lap yanında donub qalmış nəhəng, yanar bir dalmaya – göz yaşı heykəlinə - Haqqın Söz Daşına dönüb. Yana-yana qalıb amma – alovu səngimək bilmir. Haqqı görən gözləri dipdiridir... Neynəmək olar... Kiminin tüstüsü kiminin naləsi göylərə bülənd olur, İbrahim İlyaslının da alovu göyə bülənddir – bu da belə yanmaqdır...
*
Bir az küskün, bir az yorğun, bir az da bezmiş kimidir. Fəqət, uca hallarından elə möhkəm yapışıb ki, heç enməz. Güclüdür, qanadlıdır. Zülüm-zülüm çırpınsa da sonsuz inam yükünü yerə qoymaq istəməz. Üstəlik, həm zülmü, həm inamı eyni sevgiylə vəsf edər. Bu səbəbdən, şairin "aman”, "ilahi”, "booy” dedirdən sözlərini açıb-bükmək asan deyil. Ciyəri yanır insanın, ürəyi parçalanır. Yenə də insaflıdır, bəri başdan deyir ki:
Mən dumandan, çəndən yüngül,
Mən dağdan ağır adamam.
Yupyumşaq, ani mehdən havalanan, sonra da incə-incə enməyi ilə göz oxşayan bir halı var ağır, danəndə kəslərin. Dərd - bu ağılalmaz halları görən gözlər kəmliyi, deyən dillər qıtlığıdır. Beləcə, bu məziyyətin qiymətini bəyan etmək də şairin özünə qalar: yarpaq-yarpaq tökülsə də fərəhin qədrini bilən, vuran-tutan olmasa da döyülməyi həzm etməyib, döyüşlərdə bərkiyən, pislərin tüğyanında Haqqa yolçuluq haqqını kimsəyə qapdırmayandır – hətta zaman-zaman umudu öləzisə, sual sualı qovsa da
Bu mizan tərəzi düzələr çətin,
Yəni bu görklər də ağ yalandımı?
"Ənəlhəq!” çığıran bir məmləkətin,
Yenə səltənəti yağmalandımı?

Yağmalanmazmı? Haqqı özündə görənin özündən əl götürməsi, hərdən-hərdən də də olsa, inamasızca döyükməsi çaş-baş qoyar onu izləyənləri, önündə görənləri. Bu uyğunsuz gedişatdan nə anlasın axı – bilmək, anlamaq istəyən? "Azərbaycan ruhaniyyat mərkəzi, özü bir ölçü -mizan, işığı da bəşərin xilasıdır!” İnancından yapışıb, "Ənəlhəq!” harayına səs vermək əvəzinə, cəfəngiyyat, yalan dəyirmanlarının suyuna su qatırıq, yas tuturuq düzələsi (düzəlməli) dünyaya. Şairlər də, sağ olsunlar, ərinməyib suçlu arayırlar:

Yerdə sahibidir külli-ixtiyarın,
Bildiyi məkrdir, duyduğu kindir.
Şahlar - ən sevimli oyuncaqları,
Rəiyyət – ovucunda plastilindir.

Yoxmu bu gedişin dönüşü, yoxmu?
Yoxmu bu gərdişin sonu, ilahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, ilahi.
Şeytanmış... Üsyanı, imtinası anlaşılandır şairin. Əslində isə tək bir suç var ortada: adamın insan olmaması. Bunun da bir səbəbi var:Inamsızlıq. İnsanın özündəki Qüdrətə inanmaması, xilaskarı da günahkarı da özündən başqa hər yerdə axtarması. Halbuki günahkar da, xilaskar da insan özüdür. Günahı (qüsuru, şəri) özündə axtarmalı, tapmalı, məhv etməli, xilasının da özündəki insanilik olduğuna inanmalı, Ruhundan – İnamından, İdrakından, Mənəviyyatından, İradəsindən möhkəm yapışmalıdır. Çətin olan – budur. Amma mümkündür. Yetər ki, özünə, Qüdrətinə inansın. Ulu babalar kimi...
Röyada pir babam sözünü dedi,
Söz demədi, sözün özünü dedi.
"Yığma göy üzündən gözünü ", - dedi,
Yerə şah, göylərə nökərəm indi.
Babalar düzünü söylər. Göy – xilasımızdır. Gərək göydən gözümüzü çəkməyək. Gərək o əbədi və kamil Gücün əzəli və sonsuz ahəngində dörə bilək özümüzü. Bir görə bilsək... Nə şah, nə nökər – azad can, sadəcə insanıq biz – təkcə bu həqiqəti bir bilə bilsək...”Tərəddüd” adlı cəhənnəmdə korun-korun tüstüləməz, xurafat cəngində çabalamazdıq. "Mən bir söz bilirəm”, - deyərək də yanıb-yaxılmazdıq:
Mən bir söz bilirəm – onu söyləsəm,
Kafirlər tonqala atarlar məni.
Möminlər üzərlər başımı, sonra
Başlarından uca tutarlar məni.
Mən bir söz bilirəm – dilimə alsam,
Alimlər dilimi kəsərlər mənim.
Sözümü asarlar dar ağacından,
Özümün üstümdə əsərlər mənim.
O sözü gizlədir İbrahim İlyaslı, amma demədiyinin hərarəti qapsayır, qarsayır adamı. Nədir, axı, bu örtülü ocaqda çatırtı ilə yanan ki, səsindən qulaq tutulur, istisi də çölü-bayırı yandırır? Ürəkmi, beyinmi, yoxsa "ürək-beyin” qovğasının qığılcımlarından alışan ömürmü? Nə fərqi var ki! Yanır! Məsələ budur. Bəlkə elə buna görə zaman-zaman çox inciyir, küsür şair:
Kimsə bilməz nə çəkdirir
Mənə mən çəkdirdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.
Əslində "olum-ölüm” hikməti ilə urvalanır yaşantılar. Urva haqqdan olmayanda arzuların kündələri küt gedər, yanıb-qopub tökülər zalım həyat təndirində. Bu hikmətə vardığından, həqiqətə üz tutduğundandır əlbət, İbrahim İlyaslının ortaya qoyduqları bu qədər urvatlı, bu qədər layiqlidir. Əsas olan – niyyətdir. Əsas – olmaq üçün əkməyi niyyətə çevirməkdir: o, hər hansı şəkildə, haradasa, nə zamansa mütləq bitir, bəhrə verir – bunu yaxşı bildiyindəndir, yəqin ki, çəkdiklərini pəsinmədən çəkməyə davam edir, bunu bacarmayanları əməllicə qınayır:
Nə dərdindən ölənin var,
Nə öldürmək istəyənin.
Zalım adam, aciz adam,
Bə sənin nəyin var, nəyin?
Həyatda Xeyirə yaxşıların sevgisi, pislərin də nifrəti ən adi haldır. Bu qədər dəqiq ölçünü də anlamaq istəməz "adam” deyilən alayarımçıq canlı, amma... Keşkə götürə bilə bu mükəmməl mizanı, bir ölçə-biçə özünü: əgər dərdindən öləni, ya da hər hansı ülvi səbəbdən öldürmək istəyəni yoxdursa, deməli, günlərini yellər aparır... Bir silkinə, dura – keşkə... Anlaya ki, insanlıqdan, haqq-ədalət cövhərindən nəsibini almayanın heç nəyi olmaz, əslində... Üstəlik də doğmalara zalım yağı, dostlara düşmən kəsilər.
Öz doğması qənim olar
O gözəlin sevdasına.
Gecələri qol qaldırıb
Oynayar qəm havasına –
Sarı çiçək, sarıma, çiçək.
Özgə bildiklərinin qayğısından, özününkü saydıqlarının zülmündən çaş-baş qalar doğmalıq sevdalısı. Azacıq anlayar ki, çətin yoldur, keçilməsi çox zordur, amma sonu fərəhlidir doğmalığın. Amma əgər qəm havasına qol götürüb oynamaq varsa, deməli, keçilməyib o fərəhli, o çətin yol. Cismani qohumluq – doğmalıq deyil, atam-qardaşım. Doğmalıq – ruhun, ürəklərin, sözün-söhbətin, yolun-yolçuluğun qohumluğudur, birgə olmaq sevgisidir. Necə də solğunlaşıb bütün bu gözəlliklər. Xüsusən də şəhərdə... Həm də təkcə bunlarmı?
Səfərə çıxmağım gəlir,
Şəhərdən uzaqlara.
Çəkiləm dərəyə, dağa.
Qoşulam yalquzaqlara.

Yol gedəm, yorulub qalam
Çəhlimlərin arasında.
Dolu döyə, daldalanam,
Palıdların koğuşunda.

Şəhərdə, sadəcə, doğmalıq deyil, dinclik də yoxa çıxıb. Yorğunluq da itirib öz dadını. Dincəlməyə bir bəhanə, rahatlıqçün yer tapılmır. Amma kənddə hər yan – səbəb, hər yer – dinclik ünvanıdır. Yorğunluğun özü belə, dərman kimi çökür cana. Şirin, gözəl duyğulara vəsilə yorğunluğun da həsrətini çəkir insan kor olası şəhərdə... Canım-gözüm Akif Səmədin də harayı səslənir sanki: "Bu dağlar nə möcüzədir, Yazanı sözə qaytarır. Bulağı qolundan tutub, Azanı izə qaytarır”... Həqiqətən də şəhərlərdə itib-batanlar özlərini kənddə tapırlar. İndi gəl, özündə güc tap, "Qaldı” şeirini oxu, yanıb-yanıb kül olma...
Kəsildi ayağı aran köçünün,
Yaylaqlar sərsəri yellərə qaldı.
Ayna bulaqların nazını çəkmək,
Qarğılı, qamışlı lillərə qaldı.

Tərlan sarı görmür, sərraf – naşını,
Nə qəlbi duyan var, nə göz yaşını.
Dağlar yarğanlara soxub başını,
Hayqırıb-kirimək sellərə qaldı.

Zəmilər becərib, dəndən kəsilmək,
Ömürdən kəsilmək, gündən kəsilmək,
Arxadan çatılmaq, öndən kəsilmək,
Kimsəsiz, günahsız əllərə qaldı.

Çəkmir sevənləri saz sınağına,
Çəkmir tufanları yaz sınağına.
Qarı tənəsinə, qız sınağına
Qovrulub-sovrulmaq ellərə qaldı.

Yenə qolboyundu İblislə Mələk,
Yenə savaşdadı xəlbirlə ələk.
Haqq ilə nahaqqı ayırd eləmək,
Karlara, korlara, şillərə qaldı...

...Elə buradaca "və sair, və ilaxır” demək daha münasib göründü, çünki oxuyub-anladıqca sonu heç cür gəlməyən qaynar düşüncələri sözə çevirmək əməllicə nəfəs kəsir. Hələ bu deyilənlər sakitcə sahilə vuran gur dalğaların bir az möhkəm pıçıltılı səsidir (bilərəkdən seçilib o dalğalar, amma, deyəsən, sonuncusu çox hündür oldu)... İndi bu dəryada daha nələr var, nələr – gücü yetən baş vurub öyrənsin...


İnamnur Atalı
 avqust 2018