Azərbaycan beynəlxalq hərbi sənaye sahəsində işgüzar görüş məkanına çevrilib
Azərbaycanın son illərdə hərbi sənaye kompleksinin stimullaşdırılması üçün həyata keçirdiyi iri layihələr ölkəmizdə beynəlxalq tədbirlərin, eləcə də müdafiə sərgisinin keçirilməsinə imkan verib. Bakıda 3-cü dəfə keçirilən beynəlxalq müdafiə sərgisində Azərbaycan və dünyanın ən iri müdafiə sənayesi şirkətləri öz məhsullarını nümayiş etdiriblər. Bu, ondan xəbər verir ki, artıq ölkəmiz beynəlxalq hərbi sənaye sahəsində işgüzar görüş məkanına çevrilib. "ADEX-2018” silah sərgisində MDB ölkələri ilə yanaşı, inkişaf etmiş dünya dövlətlərinin tanınmış şirkətləri də iştirak ediblər.
Hindistan və İran kimi böyük ölkələrin şirkətləri isə ilk dəfə olaraq sərgiyə qatılıblar. Bu, Bakıda keçirilən sərgiyə olan marağın artmasının göstəricisidir. Bundan başqa, Rusiyanın özəl müdafiə sənayesi şirkətləri də sərgidə öz məhsullarını sərgiləyiblər. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü və xüsusi diqqəti ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi Azərbaycanın hərbi texnologiyalarının inkişafını daha da stimullaşdırıb.
Artıq Azərbaycan müdafiə sənayesi kompleksinin müəssisələrində PUA-lardan tutmuş zirehli döyüş transportyorlarına qədər silahlı qüvvələrin tələbatına uyğun bütün məhsullar istehsal olunur. Bundan başqa, Azərbaycan artıq bu sahədə ixracatçı ölkə kimi də inkişaf etməkdədir. Azərbaycanın istehsal etdiyi atıcı silahlar, müdafiə sənayesində istehsal olunan qurğular xarici ölkələrin ordularında istifadə olunur. Müdafiə sənayesi kompleksinin inkişafı Azərbaycan Ordusunun milli texnikalarla təchiz olunmasına səbəb olur.
Demək olar ki, orduya vacib olan bir çox texnika və silahlar artıq Azərbaycanın milli istehsalıdır. Bu, milli təhlükəsizliyimiz üçün də vacib məqamlardan biridir. Bununla yanaşı, ordumuz iri şirkətlərin istehsalı olan müasir texnikalarla da silah və texnika arsenalını gücləndirir. Azərbaycan Ordusu bütün istiqamətlər üzrə güclü hərbi texnikaya və silah imkanlarına malikdir.
Beynəlxalq müdafiə sərgisi ilə bağlı "Şərq”lə fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədli deyib ki, Azərbaycan müdafiə sənayesi kompleksinin inkişaf etməsi silahlı qüvvələrin imkanlarının genişlənməsinə, milli texnika və silah arsenalının formalaşmasına təkan verir. Ekspertin sözlərinə görə, Azərbaycanda keçirilən 3-cü sərgi ölkəmizin milli müdafiə sənayesinin inkişaf etdirilməsini stimullaşdırır:
"Sərgi Azərbaycan müdafiə sənayesinə məxsus şirkətlərin bu sahədə satınalmalar həyata keçirməsinə şərait yaradır. Ən vacib məqamlardan biri isə Azərbaycanın beynəlxalq müdafiə sənayesi sahəsində bazar rolunu oynamasıdır. Ölkəmiz bir bazar və bu sahədə peşəkarlaşmış şirkətlərin təmas nöqtəsi kimi əhəmiyyətli mərkəz halına gəlir.
Müharibə vəziyyətində olmağımıza baxmayaraq, ölkəmizdə bu tipli sərgilərin keçirilməsi və beynəlxalq silah ticarəti sahəsində inkişaf etmiş və ixtisaslaşmış ölkələrin sərgiyə qatılması çox təqdirəlayiqdir. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq aləmdə hərbi nüfuzunu qorumaqla yanaşı həm də sürətli inkişaf etdirmək əzmindədir”.
İsmayıl