Gülən şəbəkəsi hələ zəifləməyib

“Sıxışdırılan təşkilat nümayəndələrinin PKK kimi terrorçu bir təşkilatdan yardım dilənməsi gözləniləndir”



Türkiyədə FETÖ-nün hazırlıq kurslarına nəzarət edən idarə rəisi Mustafa Tatlı saxlanılıb. Mustafa Tatlının saxlanılarkən mobil telefonunu pəncərədən yerə atmaq istəməsi polisləri şübhələndirib. Onlar telefonu yoxlayarkən gizli mesajlaşma tətbiqinin olduğunu görüblər.

Şəbəkə üzvünün mobil telefonundakı "Özləm” və "Zəfər” adları ilə şifrələnmiş 2 təşkilat üzvünün yazışmaları PKK ilə FETÖ arasında qanlı iş birliyinin olduğunu ortaya çıxarıb. Məlum olub ki, FETÖ-çülər cənub-şərqdə baş verən terrorlardan əvvəlcədən xəbərdar olublar. Özləm adlı təşkilat üzvünün "insanlar öləcək, amma zərrə qədər yazığım gəlmir” sözləri isə Fətullahçı şəbəkənin iç üzünü açıb. PKK ilə əməkdaşlıq edən gülənçilərin Türkiyədə baş verən terror olaylarına, günahsız insanların öldürülməsinə sevindikləri, bununla yanaşı, növbəti çevriliş planları hazırladıqları ortaya çıxıb. Məsələ ilə bağlı "Şərq”ə danışan kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, Türkiyə hüquq-mühafizə orqanları FETÖ üzvlərini zərərsizləşdirmək üçün qətiyyətli fəaliyyət göstərir. Ekspertə görə, onlarla mübarizə çox zəruridir. Çünki şəbəkənin əsas niyyəti Türkiyə dövlətini ələ keçirməkdir: "15 iyulda baş verən hadisələr təşkilatın nə qədər təhlükəli olduğunu sübut etdi. Hesab edirəm ki, FETÖ ilə terrorçu PKK arasında hansısa əlaqələrin, sövdələşmələrin olması mümkündür. Bu təşkilatların hansı dövlətlər tərəfindən idarə olunması başqa məsələdir. Ancaq məlum olan odur ki, ayrı-ayrılıqda onsuz da kifayət qədər qorxulu olan bu terror təşkilatlarının birlikdə fəaliyyəti daha təhlükəli olacaq. Fətullah Gülən şəbəkəsinə qarşı Türkiyədə mübarizə geniş miqyasda aparılsa da, təşkilatın tamamilə zəiflədiyini, gücdən düşdüyünü iddia etmək olmaz. Çünki şəbəkənin xeyli üzvləri var. Fikrimcə, sıxışdırılan təşkilat nümayəndələrinin PKK kimi terrorçu bir təşkilatdan yardım dilənməsi, dəstək istəməsi və yenidən dövlətə baş qaldırması gözləniləndir. İstənilən halda Türkiyə hökuməti daha diqqətli olmalı, istintaqı detallı şəkildə aparmalıdır. Gözdən qaçırılan hansısa kiçik detal ciddi fəsadlara səbəb ola bilər”.

İsmayıl