“Günahı olmayan erməniləri Bakıya buraxaq?”

Akif Nağı millət vəkili Zahid Orucun təklifinə təpki göstərdi
“Millət vəkili ya gündəmdə qalmaq istəyir, ya da...”


"Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməyən, Şəhidlər Xiyabanına gedərək şəhidlərin qarşısında baş əyməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik”.

Bu barədə Milli Məclisin ötən həftə keçirilən plenar iclasında deputat Zahid Oruc bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan bəzi ermənilər Azərbaycana qarşı loyal mövqedədirlər: "Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq təklif edirəm ki, səngərdə dayanan erməni ilə mülki ermənini ayıraq. Bu yaxınlarda İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

Millət vəkilinin təklifini dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu yanaşmanı düzgün saymır. Təşkilat sədrinin sözlərinə görə, millət vəkili bu təşəbbüsü ilə diqqəti başqa məsələlərə yönəldir: "Qarabağ Azadlıq Təşkilatı həmişə deyib: Nə qədər ki, ərazilərimiz işğal altındadır, hər hansı bir səfər, hər hansı bir xalq diplomatiyası, ermənilərin Azərbaycana gediş-gəlişi mümkün deyil”. Çünki belə bir təsəvvür yaranır ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə başa çatıb və artıq heç bir problem yoxdur. Bu mənada millət vəkilinin açıqlamasını qüsurlu yanaşma hesab edirəm. Sabah ermənilər bu vəziyyətdən sui-istifadə edə bilərlər. Yəni ermənilərlə münasibətlər formalaşa bilər. Bu münasibətlər işğal faktını arxa plana keçirər. Məsələyə həssas yanaşmaq lazımdır. Millət vəkilinin belə təşəbbüslə çıxışı təəssüf doğurur. Nə qədər ki, ermənilər Azərbaycana gedib gələ bilmir, ən azından dünya düşünür ki, Azərbaycanın torpaqları işğal altında olduğu üçün vəziyyət belədir. Ona görə də, hesab edirəm ki, millət vəkili ya gündəmdə qalmaq istəyir, ya da hansısa mərkəzlərin sifarişini yerinə yetirir. Bu, yolverilməz və qəbulolunmaz təklifdir”.

Ayyət Əhməd