Günnütün azad edilməsi tarixi hadisədir

Bu onu göstərdi ki, lokal əməliyyatlar həyata keçirmək üçün ölkəmizin hər cür şəraiti var





1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvanın Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olunub. 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma torpaqlarına qayıdıb və yaxınlarının məzarlarını ziyarət ediblər. Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb.

Qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb. Kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıblar. 

Erməni mediası və saytlarının məlumatları, eləcə də, "razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi, daha sonra isə "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçib. 

Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. İctimaiyyət nümayəndələrinin sözlərinə görə, Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib. 

Çünki dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verəcək. Şübhəsiz, bu, böyük hərbi nailiyyətdir. Lakin Günnüt kəndinin düşmən işğalından azad edilməsinin Azərbaycan üçün hərbi-siyasi, həm də psixoloji əhəmiyyəti daha böyükdür.

Millət vəkili Adil Əliyev deyib ki, Milli Ordumuzun Naxçıvan ərazisindəki son qələbəsi bir nəfər kimi hər bir vətəndaşın qürur mənbəyi olmalıdır: "Unutmayaq ki, qarşıda bizi daha parlaq qələbələr gözləyir. Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın, yurd yerlərimizin, Qarabağın, Göyçənin, Vedibasarın, Zəngəzurun, Dərələyəzin azadlığına aparan yoldur. Bu kimi qələbələr dövlətimizi, xalqımızı, ordumuzu daha xoş gələcəyə aparan əsas yolun başlanğıcıdır. 

Ona görə də ordumuza daha parlaq və böyük qələbələr arzulamaqla hər birimiz dövlətin, ordunun bu addımlarını alqışlamalıyıq. İnanırıq ki, ordumuzun bu qələbəsi xalqımızı Qarabağa, Şuşaya, Laçına, Kəlbəcərə, Cıdır düzünə, İstisuya aparacaqdır”. 

Millət vəkili öz təklifini də səsləndirib:

 "Naxçıvanın azad edilmiş Günnüt kəndinə elə həmin yerlərin azadlığı uğrunda şəhid olmuş Adil Tatarovun adının verilməsini təklif edirəm. Ümidvaram ki, bu, şəhidimizin adının əbədiləşdirilməsi üçün ən yüksək dəyər olar”.
Deputat Elman Məmmədov da deyib ki, cəmiyyət ordumuzu sevir, onunla qürur duyur: "Azərbaycan ordusu bütün beynəlxalq hesabatlarda da öz əksini tapdığı kimi, dünyanın ən güclü ordularından biridir. Bu, belə də olmalıdır. 

Çünki biz özümüzün təhlükəsizliyimizi təmin etməklə bərabər, həm də işğaldakı torpaqları düşməndən azad etməliyik. Bu gün Azərbaycan ordusu qələbəyə tam hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. Bu əmri həm ordumuz, həm də Azərbaycan xalqı gözləyir. Günnütün azad edilməsi düşmənlərimizə, habelə onları himayə edənlərə ciddi mesajdır. Onlar başa düşməlidirlər ki, qonşularla uzun illərdir ki, apardıqları düşmənçilik siyasəti onların özünün məhvi ilə nəticələnəcək. Onları tükədəcək. Onların yeganə çıxış yolu işğalçılıq siyasətindən əl çəkməsidir. Hesab edirəm ki, Günnüt kəndinin azad edilməsinin psixoloji əhəmiyyəti olduqca böyükdür və bu kimi olaylar həqiqətən də insanlarımızın qələbəyə inamının artmasında mühüm rol oynayır”.

Politoloq İlqar Vəlizadə də bu olayın bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib: 

"Günnütün azad edilməsi, əlbəttə, böyük bir hadisədir. Bu əməliyyat göstərdi ki, Azərbaycanın öz torpaqlarını azad etməsi beynəlxalq aləmdə də normal qəbul edilir. Hansı ki, bu kimi əməliyyatları bir neçə il bundan öncə keçirsəydik, o zaman şübhəsiz müəyyən təzyiqlərlə üzləşəcəkdik. Xüsusilə də, Rusiya tərəfindən bu cür təzyiqlər olardı. Bu gün isə Rusiya bu məsələyə ümumiyyətlə heç bir reaksiya vermir. Əksinə, Rusiya ilə Ermənistan arasında bu gün müəyyən gərginlik yaşanır. Günnütlə bağlı baş verənlər göstərir ki, əgər Azərbaycan Qarabağda oxşar əməliyyatlar keçirsə, heç kim ölkəmizə heç nə deməyəcək və deyə də bilməz. 

Lokal əməliyyatlar həyata keçirmək üçün ölkəmizin hər cür şəraiti var. Əgər Ermənistan Günnütlə bağlı baş verənlərin mahiyyətini anlayarsa, təbii ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində aktiv iştirak edər. Öz mövqeyində dəyişiklik edər. Ancaq təəssüflər olsun ki, Ermənistan hakimiyyəti bu anlayışdan uzaqdır. Qondarma Qarabağ rejimini danışıqlar prosesinə tərəf kimi cəlb etməyə çalışır. Bu isə nə mövcud reallıq, nə də hərbi-siyasi reallıqla uzlaşır”.

İsmayıl