Gürcüstanda Azərbaycan dili sıradan çıxa bilər- TARİXÇİ ALİM

Kərəm Məmmədov: " Gərək, BDU-nun Qazax filialında və ADPU-da dövlət sifarişli müəllim ixtisasları artırılsın və gənc kadrlar hazırlanıb, Gürcüstana göndərilsin. "


5 ildən sonra Gürcüstanda Azərbaycan dili sıradan çıxa bilər.

Bu barədə Sherg.az-a Gürcüstanda azərbaycanlıların ali təhsil alması üçün yeni proqramın hazırlanmasından danışarkən tarix üzrə fəlsəfə doktoru, əslən Borçalıdan olan tarixçi alim Kərəm Məmmədov bildirib.  

O, diqqətə çatdırıb ki, Azərbaycan ziyalıları Gürcüstandakı azərbaycanlıların ana dilində təhsil alması üçün müxtəlif layihələrlə çıxış edir: 

"Bu məsələ hər zaman gündəmdə saxlanacaq. İlk növbədə məsələ odur ki, orada təhsil alan gənclərimiz sonrakı mərhələdə ali təhsilini davam etdirə bilmirlər. Çünki proqram fərqliliyi mövcuddur. İndi bunun tənzimlənməsi üçün qəbul olunan qanunda yeni dəyişikliklər olacağına ümid edirik”.

K. Məmmədov diqqətə çatdırıb ki, o, bu problemlə əlaqədar dəfələrlə təkliflərini irəli sürüb. Müəllimlərin hazırlıq səviyyəsinin zəifliyi və ciddi şəkildə kadr çatışmazlığı Gürcüstandakı azərbaycanlıların təhsilinə mane olur: 

"Ziyalılar olaraq biz təklif etdik ki, Bakı Dövlət Universitetinin Qazax rayon filialında və Azərbaycan Dövlət Pedaqoji Universitetində dövlət sifarişli müəllim ixtisasları artırılsın və gənc kadrlar hazırlanıb, Gürcüstana göndərilsin.  Faktiki olaraq, qonşu ölkədə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin orta yaş həddi 65-72 arasındadır. Bu o deməkdir ki, təxmini 5 ildən sonra orada dilimiz sıradan çıxacaq. Həmçinin, ibtidai siniflərə dərs deyə biləcək müəllimlər də 60-65 yaşındadır. Həmin müəllimlər isə mütəxəssislər deyil, aqronom, traktorçu, yazı-pozunu bilən şəxslərdir. Onlar Sovet dövründə təhsil alan şəxslər olduğuna görə, latın qrafikasında yazıb, oxuya bilmirlər. Çıxış yolu olaraq, Rustavidə, Marneulidə və digər şəhərlərdə kollec tipində belə olsa, təhsil müəssisələrinin açılmasını irəli sürdük. Bununla orada ibtidai sinif və Azərbaycan dili, ədəbiyyat müəllimləri yetişdirilə bilər. Azərbaycanda dövlət sifarişi ilə təhsil alan ibtidai sinif müəllimlərinin sayı çox olarsa, onların imkanlarından bu sahədə istifadə edə bilərik”.

Qeyd edək ki, Gürcüstanda Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə Milli Mərkəzin direktoru, Gürcüstanın keçmiş elm və təhsil naziri Tamar Sanikidze soydaşlarımızın ana dilində təhsil alması və ali məktəblərə qəbul olması üçün yeni qanun layihəsinin hazırlandığını deyib.

Aysel Aslan