"Gürcüstanda əcnəbilərdən 15 günə 30 lari alınacaq" - Avtomobillərinə görə




Gələn ildən etibarən Gürcüstan ərazisinə daxil olan əcnəbilər idarə etdikləri motorlu nəqliyyat vasitələri üçün sığorta müqaviləsi imzalayacaqlar. Gürcüstan parlamenti müvafiq qanun qəbul edib.
Qanuna əsasən, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər. Gürcüstana gələcək xarici ölkə vətəndaşına idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq. Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL, bir aylıq paket üçün 50 GEL, birillik paket üçün 292 GEL ödəyəcəklər.

Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.

Avtomobillərin sığorta edilməsi təşəbbüsü Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən irəli sürülüb.
Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaqlar.

Iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, sığorta müqaviləsi olmayan əcnəbilərin avtomobillə hər hansı bir ölkənin ərazisinə keçə bilməməsi təcrübəsi dünyada geniş yayılıb. Türkiyə praktikasında da bu qaydalardan istifadə olunur və ölkə ərazisinə avtomobillə daxil olan əcnəbilərdən sığorta müqaviləsi tələb olunur.

Avropada da eyni qaydaların hökm sürdüyünü vurğulayan ekspertin sözlərinə görə, Gürcüstan parlametinin qəbul etdiyi bu qaydalar Avropa Birliyinə üzvlük istiqamətində atılan addımların tərkib hissəsidir: 

"Açığı, bu dəyişiklik dövlət büdcəsinə də əlavə gəlir gətirən məsələdir. Ən aşağısı 15 günlük sığorta paketidir ki, bu zaman da 30 lari tələb olunacaq ki, bizim pulla 15 manata bərabərdir. Nəzərə alaq ki təkcə Azərbaycandan hər il 300-350 min insan avtomobillə keçir. Ən azı 30 laridən hesablasaq, belə kifayət qədər məbləğ edir”.

N.Cəfərlinin sözlərinə görə, Gürcüstan hökumətinin atdığı bu addım turist sayında ciddi azalmalara səbəb olmayacaq. 

Gürcüstana səfər edən insanlar ən çox 15 günlük gedirlər. 30 lari isə elə böyük qiymət hesab olunmur. Amma bu məbləğlər ümumilikdə Gürcüstanın dövlət büdcəsi və sığorta şirkətlərinin gəlirlərinə müsbət təsir edəcək.

Şəymən