Gürcüstandakı antiterror əməliyyatı İŞİD-lə bağlı deyil

Gürcüstandakı antiterror əməliyyatı İŞİD-lə bağlı deyil
Onlar hər hansı kriminal qruplaşmanın üzvləri də ola bilərlər


Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında terrorçuların yaxalanması üçün xüsusi əməliyyat keçirilib. Antiterror əməliyyatı 16 saatdan çox davam edib. Bina gecə saatlarından etibarən xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb. Xüsusi Təyinatlı Qüvvələrin bir əməkdaşı başından aldığı güllə yarasından ölüb. Terror qruplaşmasının üzvü olan bir nəfər isə yaxalanıb. Digərlərinin saxlanılması üçün əməliyyat davam etdirilir. Bütün gecə atəş səsləri və qranat partlaması eşidilib.

Təşvişə düşən bir qrup sakin evakuasiya edilib. Terrorçuların Gürcüstan vətəndaşı olmadıqları bildirilir. İlkin məlumatlara görə, terrorçuların İŞİD və ya hansısa başqa qruplaşmaya aid olması ehtimal edilir. Ümumiyyətlə, İŞİD-in Yaxın Şərqdə sıxışdırılmasından sonra terror təşkilatının başqa bölgələrə, xüsusən, Cənubi Qafqaz ölkələrinə transfer olunacağı ilə bağlı narahatlıq var idi. Bəzi ekspertlərin fikrincə, İŞİD-çilərin regiona, ələlxüsus da Gürcüstan kimi ölkələrə gəlməsi və orada ciddi terror aktları törətməsi qarşısıalınmaz təhlükələrə səbəb ola bilər. 

Məsələni "Şərq”ə dəyərləndirən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə deyib ki, Gürcüstan İŞİD-in hədəfində deyil: 

"Gürcüstanın media orqanları əməliyyatın əsas məqsədinin terror təşkilatı ilə əlaqədər şübhəli bilinən iki xarici vətəndaşın saxlanılması olduğunu bildiriblər. Onlara əməliyyatçılar tərəfindən təslim olmaları bildirilsə də, şübhəli şəxslər silahlı müqavimət göstəriblər. Öldürülənlərin İŞİD, yaxud başqa terror təşkilatı ilə əlaqəli olması hələlik ehtimallardır. Onlar hər hansı kriminal qruplaşmanın üzvləri də ola bilərlər. Yaxın Şərqdə İŞİD-in mövqelərinin zəifləməsi ilə orada döyüşən xarici terrorçuların digər qonşu ölkələrə sığınması təhlükəsi nəinki Gürcüstan, ümumilikdə region üçün də ciddi təhlükə deməkdir. Ancaq İŞİD-in Gürcüstanda məskunlaşaraq, orada ardıcıl terror hadisələri törətməsi inandırıcı deyil. Hesab etmirəm ki, Gürcüstan İŞİD-in hədəfindədir. Məncə, bu, real səslənmir. Ona görə ki, Gürcüstan ABŞ ilə müttəfiq ölkədir, həm də islam ölkəsi deyil. Xarici KİV-lərdə "hansı ölkədən İŞİD-ə nə qədər adam qoşulub” adlı sorğularda ilk onluqda Gürcüstanın adı yoxdur”.

İsmayıl