Gürcüstandakı etirazların Rusiya və Ermənistandakı nümayişlərlə bağlılığı var ? - Şərh






"MDB ölkələrindəki proseslər, xüsusilə, Ermənistandakı etirazlar Rusiya hadisələrinə təsir göstərdi”.

Bunu "Sherg.az”a Rusiyadakı etiraz aksiyaları haqqında danışarkən politoloq İlqar Vəlizadə söyləyib. 

Onun sözlərinə görə, son illər ərzində Rusiya cəmiyyəti hakimiyyətdə islahatların aparılmasını gözləyirdi:

"Son hadisələr göstərir ki, Rusiyada hakimiyyətə yeni simalar gəlməyib. Əvvəlki siyasətçilərin hakimiyyətdə qalması cəmiyyətin narazılığını da alovlandırır.

Ermənistanda isə, hadisələr köhnə elitanın hakimiyyətdən əl çəkməsinə gətirib çıxardı. Bu məsələ Rusiyadakı etirazçıları həvəsləndirir. Ermənistandakı etirazçıların əksəriyyəti "Messenger”, "Telegram” vasitəsilə koordinasiya olunub. Rusiya böyük ölkədir. Ona görə, burada ən münasib əlaqə vasitəsi qeyd etdiyimiz proqramlardır. Etirazların gücləndirilməsi də həmin tətbiqlər vasitəsilə mümkündür. Ona görə, "Messenger” və "Telegram” blok edilib. Etirazların daha da güclənməsinin səbəbi də məhz bu məhdudiyyətlərin tətbiq edilməsidir”.

İ.Vəlizadə region ölkələrində eyni zamanda baş qaldıran etirazların bir-biri ilə əlaqəsindən də söz açıb. Politoloq hesab edir ki, Gürcüstanda baş qaldıran etirazların da Rusiya və Ermənistandakı aksiyalarla bağlılığı var:

"Ermənistanda və Gürcüstanda etirazçıların əsas hissəsi gənclərdən ibarətdir. Gürcüstanda siyasi monopoliya hakim təbəqənin əlində olduğundan, müəyyən qruplar bundan narazılıq ifadə edir. Hakimiyyətdə olan "Gürcü arzusu” partiyasının verdiyi vədlərə əməl etməməsi etirazların artmasına gətirib çıxarır”.

Qeyd edək ki, Rusiyada məşhur "Teleqram"ın bloklanmasına etiraz olaraq baş qaldıran nümayiş bu gün də davam edib. 8 minə yaxın insanın qatıldığı nümayişdə 20 nəfər saxlanılıb.

Aysel Aslan