Hacı Şahin Həsənli meyxanaçıya haqq qazandırdı

“İnsan sağ ikən özünə qəbir qaza, kəfən ala bilər. Ölümün yad edilməsi dində təqdirəlayiq haldı”



Son vaxtlar sağ ikən özünə qəbir qazdıranların sayı çoxalmağa başlayıb. Bunu müxtəlif şəkildə əsaslandırmağa çalışanlar olur. Kimisi axirətini düşündüyünü bildirir, kimisi öləndən sonra yaxınlarını xərcə salmamaq üçün sağ ikən qəbir daşının hazırladır. Sağ olduğu halda özünə məzar yeri hazırlayan şəxs tanınmış meyxana ustası Ağamirzədi. Məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir yeri götürüb, hətta həmin yeri qazdırıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülüb və demək olar ki, tam hazır vəziyyətə gətirilib.

Şairin özünə qəbir sifariş verməsi qəbirqazanı əvvəlcə təəccübləndirsə də, öz işini 2 günə təhvil verib. Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıb, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub. 

Ağamirzə "Şərq”ə açıqlamasında sağ ikən qəbir qazdırmağının səbəbini belə açıqladı: 

"Yaşa dolduqca həyatı daha dərindən dərk edə bilirsən. Başa düşürsən ki, dünya fanidi. Biz də bu dünyaya qonağıq. Gələn getməlidi. Bunun geci-tezi olur. Mən də qərara gəldim ki, özümə sağ ikən qəbir qazdırım. Heç kimə əziyyət verməyim. Dini az-çox bildiyimdən, ona da əminəm ki, bu, günah deyil. Kim qınayır, özü bilər. Amma mən indidən bu işimi rahatlaşdırdım. Allah nə qədər ömür verib deyə bilmərəm, amma təki qəbir yerini bizə qismət etsin. Ölümdən də qorxmaq lazım deyil”. Bəs islama görə sağ adamın özünə qəbir qazdırmağı, başdaşı sifariş edib hazırlatmağı nə dərəcə düzgündü? 

Suallarımıza ilahiyyatçı Hacı Şahin Həsənli cavab verdi: 

"Sağ ikən qəbir yerinin qazılmasını din qadağan etmir. İnsan özünə qəbir qaza, kəfən ala bilər. Ölümün yad edilməsi dində təqdirəlayiq haldı. Sadəcə, burda ifrata getməməlidi. Bu məsələdə ifrata getmək də tərkidünyalığa aparıb çıxara bilər. Şan-şöhrətli, bahalı mərmər daşından qəbir daşı düzəltmək ifrata varmağın göstəricisi sayıla bilər. Bu da dində yolverilməzdi. Ölümü yad etmək, yaxşı haldı, amma tərkidünyalığa yol verilmirsə. Dinimiz ümumiyyətlə təmtəraqlı baş daşının, qəbir daşına şəklin həkk olunmasının əleyhinədi. İnsan bu dünyada ikən axirətini yad edirsə, müsbət dəyərləndirilə bilər. Burda önəmli məqam ifrata varmamaqdı”. Ümumiyyətlə, islama görə hər bir müsəlman öz axirətini sağlığında düşünməlidir.

Tahirə