Hamı ev sahibi olmaq istəyir

260 mənzilə tələbin yüksək olacağı öncədən bəlli idi
“Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır”





Mayın 7-dən etibarən ilk sosial mənzillər satışa çıxarıldı. "Güzəştli mənzil” sisteminə ümumi müraciət zamanı portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş verib. Sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib.

Yaranmış vəziyyətin həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyi baş vermiş texniki nöqsanları opertiv qaydada aradan qaldırıb.

Yaranmış problemlə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi: 

"Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prosesə hazır olsa da təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı.

Nəticədə elektron sistemdə fasilələr və eləcə də seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı”.

Ekspert bildirib ki, mayın 7-si saat 10:00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən olduğundan bu sistem öncədən test edilməli idi: "Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarəedilməsi çox vacibdir. Mayın 7-də sosial mənzilləri seçən, amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edə bilməyənlərə əlavə zamanın verilməsi və onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olunmasına birmənalı şəkildə imkan yaradılmalıdır. Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzərə alaraq elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlər sürətləndirilməlidir”.

Yeganə Bayramova