“Hamı toyun arxasınca qaçır, professional səhnə yaddan çıxıb”
Anar Mədətov: “Görün bizim sənətçilərin hansı biri layihə hesabına gəlir əldə edə bilir, pul qazanır”
Tanınmış prodüser Anar Mədətovun şou-biznes barədə bu dəfə də söylədikləri uzun müddət müzakirələrə səbəb ola bilər. Mədətov bu gün Azərbaycanda şou-biznesin demək olar olmadığını iddia edir.
- Azərbaycan şou-biznesi niyə son vaxtlar bu qədər sönük görünür?
- Azərbaycanda şou-biznes varmı? Əvvəl bu suala cavab tapmaq lazımdı. Demək olar, bu sahədə yenilik yoxdu. Hamı toyun arxasınca qaçır, professional səhnə yaddan çıxıb. Baxın görün bizim sənətçilərin hansı biri layihə hesabına gəlir əldə edə bilir, pul qazanır. Pul ancaq toydan gəlir.
- Bir çox müğənnilərlə çalışmısan. Prodüser kimi maraqlı layihələrə imza atmısan. Müğənninin tanınması, yaradıcılığı üçün prodüserin kimliyinin önəmi varmı?
Təbii ki, söhbət professional prodüserlikdən gedərsə, müğənninin uğurları prodüserin işindən asılı olur. Əgər müğənninin prodüseri bu sahəni bilirsə, o, uğur qazanacaq. Bizdə toya müğənni ilə gedən hər kəsi prodüser kimi qəbul edib, təqdim edirlər. Halbuki dünya şou-biznesinə baxın, görün ən məşhur müğənninin hər hansı layihəsində prodüserin adı, imzası hallanır. Qaldı mənim özümə, indiyə qədər işlədiyim bir çox müğənnilərlə çalışmışam. Ortaya qoya biləcəyim layihələrim də göz önündə olub.
- Hazırda Samir Piriyevlə çalışırsan. Onunla çalışmaq çətin deyil?
- Hər insanın fərqli xarakteri var. Mən işə professional baxmağı bacarıram. İşlədiyim müğənninin xarakteri, xasiyyəti, cəmiyyətdə onunla bağlı formalaşmış fikir mənim üçün qətiyyən maraqlı deyil. Əgər mən onunla çalışırımsa, mən işimi görürəm. O müğənninin şəxsi həyatında nə baş verirsə, bu məni qətiyyən maraqlandırmır. Samirlə də işbirliyində o prinsipə üstünlük verirəm.
- Bu müddətdə niyə solo konsert verməmisiz? Solo konsert təşkil etmək sənə prodüser kimi çətin olub?
- Bizim Samirlə maraqlı layihələrimiz olub. Konsert vermək üçün mütləq sponsor olmalıdı. Bu vacibdi. Mən solo konserti öz vəsaitim hesabına etsəm belə, gəlir əldə edə bilməyəcəmsə, niyə solo konsert verim? Amma bu da o demək deyil ki, solo konsert olmayacaq. Sadəcə mən fərqliliyi sevirəm. Ona görə də yeni mövsümdə Fövqəladə Hallar Nazirliyinin orkestri ilə solo konsert planımız var. Bu həm bizim güc qüvvələrinin nəzdində olan orkestrin təbliğinə hesablanmış layihə olacaq, həm də Samirin yaradıcılığında bir yenilik kimi yazılacaq. Danışıqlar gedir, inşallah, yeni mövsümdə layihələrimiz çoxdu.
- Yeri gəlmişkən, son vaxtlar duetlər dəbdədi. Samir Piriyev duet layihə barədə düşünürmü?
- Düzünü desəm, duet təklifləri çox olur. Sadəcə bu barədə bir az düşünmək lazımdı. Çünki dueti hazırlayırsan, bir də görürsən lazım olan müddətdə duet ortağınla eyni səhnəni paylaşmaq imkanı olmur. Ya onun işi, toyu çıxır, ya sənin. Ona görə də duet yazdırmağın bu kimi problemləri olur. Amma duetə olan marağı nəzərə alsaq, ola bilsin ki, bəzi təkliflər dəyərləndirilsin. Samirin bir çox layihələri olub. Elə layihə təqdim etmək lazımdı ki, maraqlı olsun. Müğənnilər var ki, güclə mahnını sevdirməyə çalışırlar, "rasskrutka”ya pul tökürlər. Amma dinləyicinin onu qəbul etməyi məcburi ola bilməz.
- Samirin repertuarında yuxu mövzusuna son dönəm niyə üstünlük verilir?
- Samirin "Yuxu”su həqiqətən maraqla qarşılandı. Sonra o mövzuda rus dilində bir mahnı hazırladıq. "Tı moy lyubimıy son”( Sən mənim şirin yuxumsan). Bu həftədən etibarən radiolarda da səslənəcək. Kazımcanın müəllifi olduğu bu mahnıya Bodrumda klip də çəkdik.
- Samirin turne-konsertləri də oldu. Bunu davam etmək istəyin varmı?
- Keçən il Avropanın bir neçə ölkəsində konsert proqramları ilə turnelərimiz baş tutdu. Almaniyada, digər ölkələrdə konsertlər alındı. Ola bilsin, davamı olsun. Təkliflər də var. Dəyərləndirməyi düşünürük. Bu, təbliğat vasitəsidir. Biz Novruz bayramı ərəfəsində bu konsertlərə start verdik. Həm musiqimizi, həm də milli adət-ənənəmizi tanıtmaq imkanı əldə etdik.
- Niyə Rusiya şou-biznesinə qatıla bilmirik? Düzdü, bu il Emin Ağalarovun təşkil etdiyi "Jara” Musiqi festivalında kifayət qədər Rusiyanın estrada ulduzları Bakıya gəldilər. Amma Azərbaycan şou-biznesinə maraqları yoxdu.
- Rusiyanın şou-biznesinin yenə də Azərbaycan şou-biznesinə marağı yoxdu. Gəlin bunu etiraf edə bilək. "Jara” ilə elə bilirsiz bu maraq yarandı? Yox. Düzdü gəldilər, oxudular, filan. Amma baxın görün Rusiyanın hansı kanalında bu festival təqdim olunanda bir azərbaycanlı müğənnini göstərdilər? Yəni Azərbaycan səhnəsinə Rusiyanın marağı yoxdu. Bu festivalda bir neçə azərbaycanlı müğənnimiz iştirak etsə də, onlar bunu təqdim etmədilər. Sadəcə bu, Eminin gözəl proyekti idi ki, "Jara”da bizimkilər də iştirak etsin. Bir məqamı da unutmayaq ki, Rusiya kanallarında prodüserlərin əksəriyyəti, baş prodüserlər ermənilərdi. Bu da nəticəsini göstərə bilir.
Tahirə