Qurban Məmmədov: "Tibb sahəsində olan problemlərin əksəriyyəti təhsildəki boşluqlardan qaynaqlanır"
"Ana və uşaq ölümünün çoxalmasının əsas səbəblərindən biri həkim səhlənkarlığıdır”.
Bu barədə Sherg.az-a ana və uşaq ölümlərinin artmasının qarşısını almaq üçün hüquqi addımları izah edərkən vəkil Qurban Məmmədov deyib. O bildirib ki, tibb sahəsində olan problemlərin əksəriyyəti təhsildəki boşluqlardan qaynaqlanır:
"Baxın, uşaqlarımızı rüşvət verərək Tibb Universitetinə, yaxud sadə bir tibb texnikumuna yerləşdiririk. "Rüşvət veririk, uşaq dərsə getməsin, yenə rüşvətlə imtahanlardan keçiririk ki, dərs oxumasın. Nəticədə isə savadsız tələbə böyüyür və yenə rüşvətlə işə daxil olub, insanları müalicə edir. Nəticədə belə tibbi problemlər artır.
Ana və uşaq ölümlərinin artmasının digər səbəbi isə iqtisadi imkansızlıqdır. Maddi problemlər ucbatından cavan anaların əksəriyyəti vaxtlı vaxtında qadın məsləhətxanalarında qeydiyyatdan keçə bilmir. Zamanında müalicə olunmadıqlarına görə, belə fəsadlar artır”.
Vəziyyəti Avropa ölkələri ilə müqayisə edən vəkilin sözlərinə görə, Avropda analar hamilə qaldıqda vaxt itirmədən tibb məntəqələrində qeydiyyatdan keçir:"Dövlət isə özünün gələcək vətəndaşı, əsgəri, qadın nümayəndəsi kimi doğulacaq körpənin bütün qayğılarını öz üzərinə götürür. Körpənin tibbi xərcləri ailənin üzərinə qalmır.
Nə qədər Azərbaycanın inkişaf etmiş, sosial layihələr cəhətdən öndə olan, varlı dövlət olduğunu iddia etsələr də faktlar göstərir ki, vəziyyət iddia olunduğu kimi ideal deyil. Doğrudan da vəziyyət yaxşı olarsa, gəlinlərimiz, gənc analarımız vaxtlı vaxtında müalicə olunar, hamiləlik dövründə lazım olan dava-dərmanı qəbul edərlər. Nəticədə doğuş zamanı ölüm və digər problemlər yaranmaz.
Baş verən bu fakt ciddi araşdırılmalı və səhlənkar həkim cəzasını almalıdır. Gələcəkdə isə dövlət səviyyəsində xüsusi qərarlar hazırlanıb, hamilə qadınların qeydiyyata alınması, tibbi yardımların göstərilməsi ilə bağlı ciddi tədbirlər görülməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızının doğuşdan bir neçə saat sonra vəfat etməsi hadisəsi mətbuatda dərc olundu. Belə ki, 2 övlad anası olan qadın iyulun 11-də gecə saatlarında Bakıda 3-cü övladını dünyaya gətirib. Bir neçə saat sonra isə doğuşun fəsadları nəticəsində o vəfat edib.
Araşdırma nəticəsində hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Aysel Aslan