Hamının Bakıda müalicə almaq imkanı yoxdur

Rəşid Mahmudov deyir ki, rayonlardakı həkim qıtlığını aradan qaldırmaq üçün təyinat olmalıdır



Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov gənc həkimlərin region xəstəxanalarındakı vəziyyəti, yaradılan şəraiti, müasir avadanlığı görməsini və gəlib burda çalışmasının arzuolunan olduğunu deyib: "Biz istəyirik ki, gənc həkimlərimiz region xəstəxanalarındakı vəziyyəti, yaradılan şəraiti, müasir avadanlığı görsünlər və gəlib burda çalışsınlar. Çünki regionlarda, ucqar kəndlərdə ixtisaslı gənc tibbi kadrlara ehtiyac var. Qeyd edim ki, media-turlar bundan sonra da davamlı olacaq. Növbəti tədbir Quba şəhərində reallaşacaq. Gələcəkdə belə media-turların ölkənin bütün regionlarında keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, bölgələrdə həkim çatışmazlığı illərdir öz aktuallığını itirmir. Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələri aparılır. Buna baxmayaraq regionlardakı əhalinin şəhərə axını azalmır. Rayonların kadrlar şöbəsi həkim çatışmazlığı ilə bağlı məşğulluq mərkəzinə, elm, kadr və təhsil şöbələrinə müraciət etmələrinə baxmayaraq, problem çözülmədən qalır.

Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudovun açıqlamasına görə, rayonlardakı həkim qıtlığını aradan qaldırmaq üçün təyinat olmalıdır: 

"Sovet dövründə universiteti bitirən tələbələr rayonlara təyinat alırdı və iki il məcburi işləməsə, şəhərdə işləyə bilmirdi. Gənc həkimlərin öz rayonlarına təyinat alması eyni zamanda kəndlərdə ziyalı sayının da artmasına gətirib çıxaracaq. Həm də həkim özü çox böyük təcrübələr toplayacaq. Mən Şınıx kəndinə təyinat alanda Rəsullu kənd xəstəxanasının baş həkimi idim. Məndən başqa da həkim yox idi xəstəxanada. İnanırsınız, öz kabinetimə qədər xəstə ilə dolu idi. Axı hamının Bakıda müalicə almaq imkanı yoxdur. Rayonlara təyinat olsa, həkim çatışmazlığı da aradan qalxar. Əgər kimsə fəaliyyətini Bakıda davam etdirmək istəyirsə, yenidən imtahan verər keçər”.

Şəymən