Harda qaldı o günlər?..

Nəvəsini baba və nənədən uzaq tutan valideynlər minlərlədir
Qulu Ağsəs: “Bu, böyük bir məsələdir. Azərbaycan sürətlə Avropaya doğru gedir, bu da bütün münasibətlərdə, o cümlədən ailə məsələsində özünü göstərir. Bu yadlaşma get-gedə daha da artacaq”


Aytən Ələkbərova: "Uşağın nənə-babasını sevməsi, ona hörmət etməsi valideyndən asılıdır. Valideynin borclarından biri nənə-babanı uşağın gözündə ucaltmaqdır”



Əvvəllər parklarda, bəzi istirahət məkanlarında tamamilə başqa mənzərənin şahidi olurduq. Nəvəsi ilə vaxt keçirən, onları gəzdirən baba-nənələrin sayı yetərincə idi. Artıq bunlar gözə dəymir. Uşağın tərbiyəsində, dünyagörüşünün formalaşmasında baba və nənənin də rolu böyük hesab olunurdusa, daha bu düşüncə yox dərəcəsindədir.

İndi valideynlərin əksəriyyəti uşağının baba və ya nənəsi ilə vaxt keçirməsinə şərait yaratmır, düşüncə və həyata baxışlarının fərqli olduğunu söyləyirlər. Adını da qoyurlar "müasirlik”... Halbuki nənə-baba qayğısı ilə böyüyən uşaqlar sevgi dolu və sözün yaxşı mənasında fərqli olurdular.

Belə bir mənzərənin nədən qaynaqlandığını aydınlaşdırmaq üçün tanınmışlarla əlaqə saxladıq. Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən ekspertlər də bu gün uşaqların nənə-baba sevgisindən məhrum olduğunu təsdiqlədilər.

"Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin fikrincə, uşaqların baba və nənə qayğısından uzaq olmasının əsas səbəbi indiki gənclərin tək yaşamaq istəməsidir. Şair bildirib ki, əvvəllər uşaqların baba və nənə ilə olan münasibəti sevgi üzərində qurulurdu. Oğlanlar evlənəndən sonra ata-anasının yanında yaşayırdı: "Ailə quran gənclər işləyirdi, baba-nənə isə günlərini nəvələri ilə keçirirdilər. Uşaqlar üçün valideynlərdən daha çox baba və nənənin yanında olmaq rahat və xoş idi. Çünki ana-ata adətən uşağı tənbeh edirdi. Mənim bildiklərim və oxuduqlarıma görə, insan nəvəsini uşaqlarından daha çox sevir. Uşaqlar sevgini dərhal hiss edir, onlar harda azad, sərbəst və rahatdılarsa, ora da can atırlar. Uşaq valideynlərinin yanında müxtəlif senzuraların qoyulduğu mühiti istəmir. Valideyn uşağı dar bir məcrada tərbiyə edirsə, baba-nənə uşağa özgürlük, sərbəstlik verir”.

Q.Ağsəs həmçinin bildirib ki, nəvə-baba münasibətlərinin getdikcə yox olmasının əsas bir səbəbi də texnologiyanın sürətli şəkildə inkişafıdır. Onun sözlərinə görə, əvvəlki illərdə uşaqların əlində indiki kimi planşetlər, telefonlar, sosial şəbəkələr yox idi və onlar uşaqlıqlarını nənə-babalarının oxşamaları ilə keçirirdilər: "

Çünki onların başqa əyləncələri yox idi. Bu gün biz istəsək də, istəməsək də, ailə resurslarında böyük dəyişikliklər baş verib. Artıq gənc ailə kirayə evə çıxmaq belə olsa, ata-anasının yanında yaşamaq istəmir. Nə oğul, nə də gəlin bu şərtlərlə razı deyil. Onlar öz azadlıqlarına can atırlar. Bu əslində bir tərəfdən yaxşıdır. Çünki onlar öz ehtiyaclarını qarşılayır. Beləliklə, doğulan uşaq da baba-nənədən daha çox valideynlərinin tutduğu tərbiyəçinin himayəsinə daxil olur. Aydındır ki, evə gələn tərbiyəçi də bütün gününü uşağa həsr eləmir. Ya televizorun qabağında oturub kanalları dəyişir, ya da əlindəki planşetdə müxtəlif oyunlar oynayır. Bu gün uşaqların əyləncəsi artıq baba və nənə deyil. Onlar baba və nənəni ayda-ildə bir dəfə görürlər. Baxmayaraq ki, baba-nənələr onları çox istəyirlər, amma nəvələr onların yanında sərbəst olmurlar. Hətta onların yanında olanda belə əllərini telefondan, planşetdən ayırmırlar. Demək olar ki, baba-nənələrin hamısı nəvələrindən narazıdır. Çünki uşaqlar onlarla ünsiyyət qurmurlar. Bu, böyük bir məsələdir. Azərbaycan sürətlə Avropaya doğru gedir, bu da bütün münasibətlərdə, o cümlədən ailə məsələsində özünü göstərir. Bu yadlaşma get-gedə daha da artacaq. Bir azdan nəvələr babaları ilə ya skaypda ya da vatsapda görüntülü olaraq danışacaqlar. Artıq ailənin içində ailə üzvləri bir-biri ilə vatsapla əlaqə qurur. Bu, qarşısıalınmaz bir prosesdir. İnanmıram ki, bunun qarşısı hansısa öyüd-nəsihətlə alınsın. Qorxuram ki, problem hətta o həddə çatacaq ki, uşaqlar valideynləri ilə də danışmasınlar. İndi virtual dünya real dünyanı üstələməkdədir və bu, çox təhlükəli tendensiyadır”.
Psixoloq Aytən Ələkbərova da hazırda uşaqların nənə-baba himayəsindən uzaq olduğunu düşünür. Xanım psixoloq bildirib ki, indiki vaxtda nənə və babalar da həddindən çox cavanlaşıblar: "Cavanlaşdıqları halda bu onların özlərinə olan meyillərinin artmasıdır. Onlar sanki nənə və babalığı hiss edə bilmirlər. İkinci bir tərəfdən isə hamının bəhsə düşməsi, evdə dayələrin olması və yaxud bağçalara qoyulma - bunların da təsiri olur. Amma bəzən elə nənə-baba var ki, həqiqətən də sən ondan yaxşı örnək götürə bilirsən. Lakin onlar da uşaqları həddindən artıq ərkəsöyün öyrədir. İndiki yeniyetmələrin əksəriyyətinə nənə-baba ilə bir yerdə qalmaq sərf edir. Onlar istədikləri kimi sosial şəbəkədən istifadə edə bilirlər.
Biz həmişə yaşlılardan yaxşı şeyləri örnək götürürük. Hansı ki, onlar bizə "nəyisə etməyin” deyəndə bu bizdə reseptr halını, yəni qıcıqlanma yaradır. Düşünürük ki, "qoca adamdı, başı çıxmır”. Bizim evdə də uşaq böyüyür, bəzən nənə-babanın söylədikləri onları dərhal reseptra gətirir”.
Xanım psixoloqun fikrincə, uşağın nənə-babasını sevməsi, ona hörmət etməsi valideyndən asılıdır. Valideynin borclarından biri nənə-babanı uşağın gözündə ucaltmaqdır: "Amma təəssüflər olsun ki, biz övladlarımızı tanımadığımız bir ailənin nümayəndələrinə çox rahatlıqla həvalə edirik. Sanki bu durum öz valideynlərimizə qarşı acıq çıxmaq kimi başa düşülür. Balaca bir söz söhbət olan kimi "övlad mənimdir” deyə onu mənimsəyir, uşağı nənə-babadan uzaq tuturuq. Həm gəlinin həm də oğlanın valideynlərinin ixtiyarı var ki, nəvəsi ilə vaxt keçirsin. Bu məsələ ətrafında danışarkən sağa da, sola da çevirsək, gəlin-qayınata və gəlin-qayınana münasibətlərində sosial və psixoloji problemlər meydana çıxır. Psixoloji problem isə bundan ibarətdir - gənc ana düşünür ki, "böyüklər mənim üçün düşməndir və uşağıma normal tərbiyə verə bilmirlər”.
Yeganə Bayramova