"Hazırda 12 illik təhsilə keçid labüddür" - TƏKLİF

Məlahət Mürşüdlü: "İndi icbari təhsil 9 illikdir. Bu qərardan sonra 10 illik icbari təhsil, qalan iki il isə universitetə hazırlıq mərhələsi olmalıdır"





"Orta məktəbdə davamiyyət problemi artır. Heç bir əmr, yoxlamalar, ciddi nəzarət bunun qarşısını ala bilmir”.

Bunu "Sherg.az”a 9-cu sinif imtahanlarından sonra 30 faiz şagirdin tədris prosesindən ayrılmasından danışarkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. 

O bu sinifdən sonra şagirdlərin əksəriyyətinin məktəbdən ayrılıb, fərdi hazırlıqlara getdiyini xatırladıb:

"Məktəb şagirdlərin universitetə hazırlıq mərhələsində öz funksiyasını yerinə yetirə bilmir. Ona görə, yuxarı sinif şagirdləri özəl dərs almağa başlayır, məktəb təhsilini fərdi təhsillə əvəzləyirlər. Bunun qarşısını almaq üçün müxtəlif addımlar atıla bilər. Məsələn, hazırda 12 illik təhsilə keçid labüddür. İndi icbari təhsil 9 illikdir. Bu qərardan sonra 10 illik icbari təhsil, qalan iki il isə universitetə hazırlıq mərhələsi olmalıdır. Nəticədə seçilmiş müəllimlərin çalışması, tədris proqramları, əlavə materialların verilməsi mümkündür. Hazırda isə təəssüf ki, uşaqlara tətbiq edilən məktəb proqramı tam universitetə hazırlaşmasına imkan yoxdur”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 14 və 15 dekabrda 38 şəhər və rayonun ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçiriləcəyini bildirib. DİM sədri əlavə edib ki, monitorinq imtahanları dövlət vəsaiti hesabına təşkil olunacaq.

Aysel Aslan