Hazırda Amerika İrana qarşı konkret təzyiqlər edir - AÇIQLAMA




"Bir ölkənin başqa ölkə vətəndaşını həbs etməsi kimi adi anlaşılmazlıqlar böyük siyasətdə istifadə olunur”.

Bunu Sherg.az-a İranda Amerika vətəndaşlarının həbs edilməsi nəticəsində iki ölkə arasında yaranmış gərginliyin nəticələrini şərh edərkən politoloq İlqar Vəlizadə deyib. 

O xatırladıb ki, İran İslam Respublikası yarandıqdan sonra Amerika İran münasibətləri kəskin pisləşib:

"Bunun səbəbi məhz İran tərəfindən Amerika vətəndaşlarının saxlanması olub. Amerika səfirliyinin əməkdaşlarının İranda saxlanmasından sonra iki ölkə arasında münasibətlər kəsilib və bir neçə dəfə böhranlar da yaşanıb. Buna baxmayaraq böhranların əsas mənbəyi İran tərəfindən Amerika vətəndaşlarına olan təzyiqlərdir.

Bu hadisə Amerika tərəfindən böyük siyasi məqsədlər üçün istifadə oluna bilər. Çünki hazırda Amerika İrana qarşı konkret təzyiqlər edir. Lakin konkret addımlar, siyasi gedişatdan və maraqlardan asılıdır. Düşünürəm ki, hazırda konkret məsələni böyük böhrana çevirməyə səbəblər olsa da, hazırda Amerikanın regionda xarici siyasi potensialı o qədər güclü deyil. İrana konkret təzyiqlər edə bilməz çünki, Vaşinqtonun digər çözülməsi vacib problemləri var. 

Qatar problemi mövcud olduğu müddətdə çalışacaq regionda potensial və real tərəfdaşlarını yığıb, İrana qarşı addımlar atsın. Lakin tərəfdaşlar arasında da kifayət qədər böyük ziddiyyətlər var. Bunlar aradan qalxmamış, İrana qarşı ABŞ tərəfindən təsirli siyasət aparılması müşkül görünür”.

Qeyd edək ki, Tehran Xiyu Vanq adlı amerikalını casusluqda ittiham edir. ABŞ tərəfi isə İrandan vətəndaşlarının günahsız olduğunu iddia edəərk nəinki onun hətta bütün vətəndaşlarını təcili sürətdə azadlığa buraxmasını tələb edir.

Bu məsələ ABŞ- la İran arasındakı gərginliyi bir qədər də şiddətləndirib. Artıq Vaşinqton Tehrana olan təzyiqlərini gücləndirəcəyini bəyan edib.

Aysel Aslan