Heç bir ana ərgən yaşlı qızını yanına salıb həkimə aparmır

“Valideynlər qorxur ki, kənardan kimsə görər və onun qızını almaz”




K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Azərbaycanda körpələr arasında rast gəlinən xəstəliklərdən danışıb. O bildirib ki, ilk yerdə tənəffüs üzvlərinin xəstəliyi, ikinci yerdə perinatal dövrdəki xəstəliklər, üçüncü yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləridir.
N.Quliyevin sözlərinə görə, Azərbaycanda mövsümlə bağlı uşaqlar arasında soyuqdəymə hallarının sayı artıb. O bildirib ki, virusların törətdiyi yoluxmaların törədicilərini aşkar edəndə bunun bir-iki virusun hesabına olmadığı müşahidə edilir:

 "Çünki burada müxtəlif viruslar olur. Bunlar da nəticə etibarilə uşaqlar arasında yuxarı tənəffüs yollarının iltihabını törədir. Ümumilikdə bu gün ölkədə virusun törətdiyi epidemiya yoxdur”.

Məlumdur ki, körpələrin orqanizmi bəzən xəstəliklərə qarşı müdafiəsiz olur. Müəyyən yaş dövrünə kimi körpənin infeksiya, soyuqdəymə və digər xəstəliklərə qarşı müqavimətinin güclənməsi üçün analar lazımlı tədbir görməlidir. Bəs, bu tədbirlər nədən ibarətdir?

Son vaxtlar körpələrdə tənəffüs, mədə-bağırsaq və sinir sistemi xəstəliklərinin, perinatal patalogiyanın bütün dünyada yayıldığını deyən həkim-pediatr Vaqif Qarayev "Şərq”ə bildirib ki, bu xəstəliklərin çoxalması adətən valideynin təcrübəsizliyi ilə bağlı ola bilər. 

Onun sözlərinə görə, perinatal dövr uşaqların 1 ayına qədər hesab olunur və bu zaman körpələr xəstələnməyə daha çox meyilli olur: 

"Ümumiyyətlə, uşaqların hər yaş dövrünün özünəməxsus patalogiyası var. Məsələn, revmatizm tipli xəstəlikləri məktəbyaşlı uşaqlarda görə bilərik, amma perinatal dövrdə yox. Körpələrin tənəffüs sistemi virus və bakteriyalara, həmçinin soyuğa meyillidir. 

Mədə-bağırsaq sistemi də mükəmməl formalaşmadığı üçün uşaq xəstəliklərə qarşı müqavimətsiz olur. Bəs, bunların olmaması üçün nə etmək lazımdır? Hər şey hamiləlik və ondan əvvəlki dövrdən başlanır. Yəni, dünyaya uşaq gətirmək istəyən ananın orqanizmi sağlam olmalıdır. Amma bu bizdə çox ağrılı bir məsələdir. Ölkəmizdə heç kim ərgən yaşlı qızını yanına salıb həkimə aparmır. Valideynlər qorxur ki, kənardan kimsə görər və onun qızını almaz. Bir azərbaycanlı anası kimi bu narahatçılığı başa düşmək olar. Bizdə valideynlərin övladı ilə bağlı 2 əbədi arzusu var, övladına toy etmək və təhsil vermək”.

Pediatr qohum nikahları ilə bağlı məsələyə də toxunub. O bildirib ki, ölkəmizdə erkən və qohum nikahları həmişə aktual mövzu olub: 

"Əksər hallarda uşaq sağlam doğulmur və günahı qadında görürlər. Lakin indi kişi xəstəlikləri də kifayət qədər artıb. Sağlam uşağın doğulması üçün qadın və kişi orqanizmi sağlam olmalıdır.

Uşaqların tənəffüs və mədə-bağırsaq sistemindəki patalogiyalara ana bətnində olarkən daha çox rast gəlinir. Körpənin orqanizmi zəif olduğu üçün xüsusi qayğı, qidalanma rejimi tələb edir. Onun xəstəliyə qarşı müqavimətinin, immun sisteminin artmasında və sağlam böyüməsində ana südünün böyük əhəmiyyəti var. Müəyyən yaşdan sonra isə əlavə qidalar verilir. Uşaqlar düzgün qidalandırılmır deyə onlarda xəstəliklər, soyuqdəymələr olur. Məsələn, nəsildə diabet xəstəliyi varsa, uşaqlar mütləq yoxlanılmalıdır. Revmatizm və oynaq ağrıları olan məktəbyaşlı uşaqlar da vaxtaşırı həkim müayinəsindən keçməlidir ki, xəstəlik xronikiləşməsin və əlillik yaranmasın”.

Yeganə Bayramova