- Asəf Quliyev: “20 Sentyabr Azərbaycanın dünyada monolit dövlət kimi tanınmasını gücləndirdi”
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü fundamental dövlətçilik prinsipi kimi təsbit olunub. Ermənistanın təcavüzü və torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması isə bu prinsiplərin ölkənin bütün ərazisində tam təmin olunmasına imkan vermirdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən və cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan bütün ərazilərində Konstitusiya quruluşunu və dövlət suverenliyini tam bərpa etdi.
Suverenliyin tam bərpası ilə Azərbaycan dövlətinin Konstitusiyasının hüquqi qüvvəsi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd də daxil olmaqla bütün ərazilərdə bərqərar oldu, üçrəngli bayrağımız Qarabağın hər guşəsində ucaldıldı.
Bu tarixi addım Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsinin hüquqi və siyasi əsasını yaratdı. Bu gün azad edilmiş ərazilərdə yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər və xəstəxanalar inşa edilir, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşü təmin olunur. Hərbi Zəfərdən sonra başlayan bu mərhələ Qarabağın ölkənin iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasını hədəfləyir.
20 Sentyabr - Dövlət Suverenliyi Günü isə Azərbaycanın dövlətçilik tarixində suverenliyin bərpasının və əbədi Zəfərin rəmzi kimi qeyd olunur.
Bu günün tarixi əhəmiyyətini şərh edən Asəf Quliyev Sherg.az-a açıqlamasında deyib ki, antiterror əməliyyatları nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərba etməsi Ali Baş Komandanın qətiyyəti və Ordumuzun gücü sayəsində qazanılmış tarixi Zəfərdir: "Qarabağ ərazisində Azərbaycanın suverenliyinin və konstitusion hüquqlarının bərpası, mahiyyət etibarilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin olunması məsələsi idi. Bu baxımdan, Azərbaycanın öz ərazisində suverenliyini bərpa etməsi beynəlxalq hüquq baxımından qeyri-adi hadisə deyildi. 2023-cü ilin sentyabrında baş verən hadisələrə beynəlxalq reaksiyanın ümumi xarakteri də bunu göstərdi. Ayrı-ayrı dövlətlər və siyasi dairələr müxtəlif mövqelər səsləndirsələr də, bu proses genişmiqyaslı beynəlxalq qarşıdurmaya çevrilmədi.
Lakin 2023-cü ildən sonra yaranmış vəziyyəti yalnız hərbi-siyasi hadisələrin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Burada daha dərin sosial və siyasi faktorlar da var. Xüsusilə, Qarabağda erməni və azərbaycanlı əhalinin gələcəkdə birgəyaşayışı məsələsinə münasibət uzun illər ərzində formalaşmış siyasi təsəvvürlərlə birbaşa bağlı idi.
Yeri gəlmişkən, 2014-cü ildə Tiflisdə iştirak etdiyim bir görüşdə baş verən söhbəti xatırlamaq istərdim. Görüş zamanı əslən Qarabağdan olan erməni jurnalistlərdən birinə belə bir sual vermişdim: əgər Qarabağ münaqişəsi hansısa formada həll olunarsa, bundan sonra ermənilərin azərbaycanlılarla birlikdə və ya yanaşı yaşaması barədə düşünürsünüzmü?
Onun cavabı çox qısa olmuşdu: “Biz bu barədə heç düşünmürük.”
Bu cavab, mənim fikrimcə, problemin yalnız siyasi və ərazi mübahisəsindən ibarət olmadığını göstərən mühüm nümunə idi.
Mənə aydın oldu ki, ermənilər azərbaycanlılarla birgə yaşayışı heç zaman təsəvvür etməyiblər. Bunun nəticəsi idi ki, Azərbaycan bayrağı Xankəndidə dalğalanan kimi onlar burada yaşamağı qəbul etməyərək ərazini könüllü tərk etdilər.
Əslində bu, illərlə erməni təbliğat maşınının şüurlara yeritdiyi yanaşmanın nəticəsidir. Vaxtilə Robert Köçəryanın dilə gətirdiyi və erməni cəmiyyətində bir aksioma çevrilən “azərbaycanlılarla ermənilər etnik cəhətdən uyğun deyil” tezisi erməni düşüncə tərzinə hakim kəsilib. Halbuki münaqişənin uzunmüddətli həlli üçün təkcə siyasi razılaşma kifayət etmir, qarşı tərəfin birgəyaşayış perspektivini qəbul etməsi də vacibdir. Əgər cəmiyyətlərdən biri digərinin mövcudluğunu həmin ərazidə təsəvvür edə bilmirsə, siyasi razılaşmanın sosial dayaqlarının formalaşdırılması da son dərəcə çətinləşir".
A. Quliyevin fikrincə, qarşılıqlı etimadsızlıq, etnik qarşıdurma və birgəyaşayış imkanlarının inkarı münaqişənin həllini daha da mürəkkəbləşdirən amillərdən olub: "Azərbaycanın rəsmi mövqeyinə görə, 1988-ci ilə qədər Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşamış ermənilərin həmin ərazidə yaşamaq hüququ tanınır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinin Azərbaycan ərazisində yaşamaq istəyi ilə bağlı prinsipial problem yoxdur və onların hüquq və təhlükəsizliyi Azərbaycan qanunvericiliyi çərçivəsində təmin edilə bilər.
Lakin eyni yanaşmanın Ermənistan ərazisindən vaxtilə köçmüş azərbaycanlıların geri qayıtmaq və öz doğma yaşayış məntəqələrində yaşamaq hüququ məsələsində də tətbiq edilib-edilməməsi ayrıca müzakirə predmetidir. Burada əsas məsələ qarşılıqlılıq prinsipidir. Əgər bir tərəfin tarixi yaşayış hüququ müzakirə edilirsə, digər tərəfin də eyni hüquqi və siyasi çərçivədə nəzərdən keçirilməsi ədalətli və davamlı yanaşmanın mühüm elementi ola bilər.
Ermənilər isə 1988-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların öz doğma yurdlarında yaşamaq hüququnu nə tanıyır, nə də bu məsələni müzakirə predmetinə çevirməyə belə cəhd edirlər.
Bu mənada, Qarabağ məsələsinə yalnız 2023-cü ilin hadisələri prizmasından yanaşmaq kifayət deyil. Münaqişənin formalaşmasına gətirib çıxaran siyasi və ictimai prosesləri, qarşılıqlı etimadsızlığın dərinləşməsini və uzun illər ərzində formalaşmış ictimai təsəvvürləri də nəzərə almaq lazımdır".
Tədqiqatçı qeyd edib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycanın suveren hüquqlarının tam bərpası eyni zamanda ölkəmizin dünyada monolit dövlət kimi tanınması ilə nəticələndi. Bundan sonra beynəlxalq aləmdə Azərbaycanın sıçrayışlı inkişafının, nüfuzunun artmasının şahidi olduq: "Ona görə də 2023-cü ilin sentyabr hadisələrini yalnız hərbi əməliyyat və ya lokal təhlükəsizlik tədbiri kimi qiymətləndirmək düzgün olmaz. Bu hadisə, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü məsələsinin uzunmüddətli siyasi nəticələrini müəyyən edən və Cənubi Qafqazda formalaşmış əvvəlki geosiyasi status-kvonu dəyişdirən mühüm dönüş nöqtəsi oldu".