Səfərlər yalnız təyyarə ilə təşkil olunduğu üçün, qiymət də buna müvafiq yüksəkdir
Azərbaycanın Həcc kvotası 8500 nəfərlik ola bilər. Bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri deyib. Səfir bildirib ki, Azərbaycanın müvafiq qurumu istəsə, Həcc kvotası artırılar. Qeyd edək ki, ötən il Azərbaycan Həcc ziyarətində 600 nəfərlik kvota ilə qatılıb. Ümumiyyətlə, son illər azərbaycanlı zəvvarların artımı deyil, əksinə, azalması müşahidə edilir.
Səbəblər barədə "Şərq”ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov bunun bir neçə amillə bağlı olduğunu dedi:
- Həcc ziyarətində olduğum üçün müşahidələrimə əsasən deyə bilərəm ki, son illərdə səfər xərclərinin artması zəvvar sayının azalmasına səbəb oldu. Bir neçə il öncə milli valyutanın ABŞ dollarına nisbətdə ucuzlaşması Həcc ziyarəti qiymətlərinə də təsir etdi. Ödənişlər yalnız ABŞ dolları ilə qəbul edilir. Bu da vətəndaşları əlavə xərcə salır. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları elan edilib. Yəni - 7300 manat. 7300 manat ödəniş edən adam gərək özüylə ən azı 1000 dollar da xərclik götürsün. Çünki ziyarət zamanı bəzi əlavə xərclər ortaya çıxır. Məsələn, qurbanlıq heyvanın alınması. Bilinmir ki, Həcc mövsümündə qurbanlıq heyvanın qiyməti neçəyə olacaq. Zəvvar bunu nəzərə alıb özüylə müəyyən məbləğ pul götürməlidir ki, qurbanlıq heyvan ala bilsin. Bundan başqa, zəvvarın bəzi gündəlik xərcləri də ola bilər. Nəqliyyat vasitəsi, yaxud hansısa qidanın alınması. Hansısa zəvvar mehmanxanada təqdim olunan hansısa qidanı qəbul etməyə bilər. Düzdür, bu, artıq şəxsi məsələdir. Ancaq yenə də xərc tələb edir. Həmçinin, dönüşdə hədiyyələrin alınması. Qohum-əqrəba nə qədər desə də ki, heç nə lazım deyil, yenə də zəvvar kiçik də olsa, hədiyyələr almaq istəyir. Bu da bizim adət-ənənədir. Həcc ziyarətindən qayıdan ailə üzvlərinə, qohum-əqrəbaya, iş yoldaşlarına hədiyyə etmək istəyir. Qiymətin önəmi yoxdur, təki hədiyyə olsun. Bu da xərcdir. Bütün bu xərcləri nəzərə aldıqda səfər xərcinin üstündə ən azı 1000 dollar əlavə pul tələb olunur. Ziyarətə getmək istəyənin ən azı 5000 dolları olmalıdır. İndiki şəraitdə insanların buna gücü çatmır. Ziyarətə gedənlər imkanlı, varlı şəxslərdir, yaxud da illərlə ziyarət üçün pul toplayanlar.
H.A.İsmayılov qeyd etdi ki, zəvvar sayının azalmasına təsir edən digər amil səfərlərin yalnız təyyarə ilə təşkil olunmasıdır:
- Səfərlər yalnız təyyarə ilə təşkil olunduğu üçün, qiymət də buna müvafiq yüksəkdir. Ötən illərdə avtobusla səfərlər də vardı. Həm nisbətən ucuz başa gəlirdi, həm də zəvvarlar bir neçə müqəddəs məkanları da ziyarət etmiş olurdular. Məsələn, İraq, Suriyadakı müqəddəs yerləri ziyarət edirdilər. Sonra İraq səfərləri ləğv edildi, ardınca da Suriya. Həcc ziyarəti yolunda bir neçə yeri ziyarət etmək imkanı zəvvarlara əlavə stimul verirdi. Bunlar artıq mövcud olmadığından insanlar bir qədər həvəsdən düşür. Başqa bir səbəb, əlbəttə ki, təhlükə amilinin qalmasıdır. Son illərdə Həcc ziyarəti zamanı bir neçə faciəvi hallar yaşandı. Zəvvarlar tələf oldular. Müxtəlif xəstəliklər, viruslar yayıldığına dair xəbərlərin yayılması da bəzi insanları səfərə çıxmaqdan çəkindirir.
H.A.İsmayılov gələcəkdə zəvvar sayının artmasına İraq və Suriya marşrutlarının açılmasının təsir edəcəyini də vurğuladı:
- Artıq görürük ki, Qafqaz Müsəlmanları İdarəsi İraq səfərləri təşkil etməyə başlayıb. Məncə, bu səfərlər davam edərsə, yaxın zamanda Həcc ziyarəti səfərlərinə də əlavə edilə bilər və o zaman azərbaycanlı zəvvarların sayı da artar. Yaxın Şərq regionunda sabitlik yavaş-yavaş bərqərar olmağa başlayır. Hesab edirəm ki, bu amil ziyarət səfərlərinin və ziyarətçilərin sayının artmasına vəsilə ola bilər.
Məlahət Rzayeva