Həftənin sonu proses yekunlaşır

6 partiyanın sədri dünyasını dəyişib, hesabat verə bilmir
"Qanun siyasi partiyaların fəaliyyətini tənzimləyir və əgər siyasi təşkilat qanunu pozursa, müvafiq qaydada cəzalandırıla bilər"

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimovun məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını təqdim etməyib. Bunun səbəblərini açıqlayan MSK katibi bildirib ki, həmin partiyaların 6-nın sədri dünyasını dəyişib: "Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”. 

M.Rəhimov deyib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək. Ölkəmizdə demək olar ki, hər il siyasi təşkilatların hesabat təqdim etməklə bağlı problemləri gündəmə gəlir. Bir sıra partiyalar gəlirlərinin olmadığını əsas gətirərək MSK-ya maliyyə hesabatını verməkdən imtina edirlər. 

Maraqlı məqamlardan biri də "sahibsiz partiyalar”ın mövcudluğudur. Rəhbərsiz qurumlardan MSK-ya hesabat daxil olsa belə qanunsuz sayılır və qəbul olunmur. Partiya funksionerləri hesabatın qəbul olunmamasını problem kimi dəyərləndirirlər və MSK-nı günahlandırırlar. Bəzi ekspertlər isə düşünür ki, ümumiyyətlə, adı-sanı bilinməyən, siyasi fəaliyyəti gözə dəyməyən partiyaların qalmasının heç kimə faydası yoxdur.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Azərbaycan qanunlarına görə, vətəndaşların siyasi partiya qurmaq və orada fəaliyyət göstərmək hüququ var: 

"Bu baxımdan, heç kəsə deyilə bilməz ki, niyə zəif bir təşkilata üzv olub?! Bu, həmin şəxsin hüququdur. Siyasi partiyaların başlıca vəzifəsi hakimiyyətə gəlmək və öz proqramlarını həyata keçirtməkdir. 

Əgər bunu edə bilmirsə, deməli, partiya zəifdir. Fərqi yoxdur ki, onun sədri tanınmış siyasətçidir, yaxud sədr postu ümumiyyətlə boşdur. Qanun siyasi partiyaların fəaliyyətini tənzimləyir və əgər siyasi təşkilat qanunu pozursa, müvafiq qaydada cəzalandırıla bilər”.

İsmayıl