Həkim-deputat: "Səhiyyə xərcləri üçün ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib"




Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə olunur. Sherg.az-ın xəbərinə görə iclasda həkim-deputat Rəşad Mahmudov təkliflə çıxış edib. Millət vəkili deyib ki, səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında, kəmiyyət və keyfiyyətinin artırılmasında mühüm rol oynayır: 

"Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyənin effektiv qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir. Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və vergi orqanlarının birgə fəaliyyəti dövlətin səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır".

Deputat xatırladıb ki, müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib: 

"Beləliklə, səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq büdcənin 4.2 faizini təşkil edib. Bundan əlavə, icbari tibbi sığortanın 2019-cu ildən tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini verəcək”.

Deputat qeyd edib ki, dünya ölkələrində təhsil və səhiyyə xərclərinə baxdıqda, səhiyyəyə ayrılan xərcin təhsillə müqayisədə 20-25 faiz daha yüksək olduğunu görmək mümkündür: 

"Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır”.

Anar