Həkim millət vəkili ilə razıdır

"Antibiotiklərdən çox istifadə fəsad yaradır"
"İmmunitet sistemini kəskin zəiflədir, qana, qaraciyərə mənfi təsir edir və digər infeksiyaların yaranmasına səbəb olur"


Həkimlərin çoxu ən sadə xəstəlik zamanı belə antibiotikdən istifadəni məsləhət görür. Qrip, soyuqdəymə zamanı insanlar antibiotiklərdən istifadəyə üstünlük verirlər. Lakin antibiotiklərdən lazımsız istifadənin orqanizmə xeyir vermək yerinə, zərər vurduğu da bir həqiqətdir.
Bu günlərdə millət vəkili Musa Quliyev də antibiotiklərin insan həyatı üçün olduqca vacib, eyni zamanda təhlükəli olduğunu bildirib: "Bugünkü həyatı antibiotiklərsiz təsəvvür etmək mümkün deyil. O, kəşf olunana qədər adi bir yaradan minlərlə insan ölürdü. Yarandı və xəstəlik mənzərəsini dəyişdi. Antibiotiklərin insana xeyri olsa da, onlarla ehtiyatlı davranmaq lazımdır. 

Çünki o qədər çoxlu antibiotiklər var ki, bəziləri bir-biri ilə ziddiyyət təşkil edir, bəziləri də orqanizmə tez öyrəşmə verir və mikrobların sayı artır və insanlar, demək olar ki, ömrü boyu dərmandan asılı vəziyyətdə qalırlar”.
Deputat bildirib ki, antibiotikləri yalnız reseptlə almaq lazımdır: "Həkim bir antibiotiki tövsiyə edirsə, reseptə yazsın, möhürünü vursun, imza atsın. "Qonşum bu dərmanı içdi, yaxşı oldu” fikirlərindən qaçmaq lazımdır”.

Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor Adil Baxşəliyev bildirib ki, antibiotiklər tibdə geniş şəkildə istifadə olunan dərman preparatlarıdır: 

"Əgər 1940-1960-cı illərdə onların sayı tək idisə, indi çoxdur. Hər il yüzlərlə yeni-yeni antibiotiklər sintez olunur. Onlar iki böyük qrupa bölünür. Birinci qrup təbii mənşəli, ikinci qrup isə daha geniş yayılan kimyəvi yolla sintez olunan antibiotiklərdir. Qeyd etməliyik ki, onlarla müalicə ciddi müalicə növünə aiddir.

Antibiotikləri o zaman istifadə etmək lazımdır ki, təbii vasitələrlə patologiyanı aradan götürmək mümkün olmasın. Onlarla ən çox müalicə beş-yeddi gün olmalıdır. Müalicə zamanı virusu hansı bakteriyanın törətməsi bilinməlidir və sonra antibiotik dozası təyin edilməlidir. Əvvəl sınaq qoyulmalı, bir saata yaxın gözlənməlidir. Reaksiya olmadıqda müalicə edilməlidir”.

Professorun sözlərinə görə, antibiotiklər müxtəlif fəsadlar yaradır:

 "Mədə-bağırsaq ağrıları immunitet sistemini kəskin zəiflədir, qana, qaraciyərə mənfi təsir edir və digər infeksiyaların yaranmasına səbəb olur. Antibiotiklər əlavə təsir göstərən dərmanlar arasında üçüncü yeri tutur.
Onları qəbul edəndə göbələk yaranma riski artır. Onun əleyhinə dərman təyin edilməlidir. Uşaqlarda, hamilə qadınlarda ehtiyatlı olmalıyıq. Onu qəbul edən zaman dozasına diqqət edilməli, reseptlə satılmalıdır”.

Həkim-allerqoloq Şahvələd Məmmədov isə "Şərq”ə bildirib ki, antibiotikterapiya deyilən müalicə növündən hər hansı xəstəlik zamanı istifadə olunur. Lakin bu terapiya növü necə gəldi təyin olunmalı deyil: 

"Yuxarı tənəffüs yolları ilə bağlı olan xəstəliklərin əksəriyyəti virus mənşəli xəstəliklərdir. Bəzi həkimlərimiz müəyyən xəstəliklə bağlı antibiotiklər təyin edirlər. Amma antibiotiklərin həmin xəstəliklərlə bağlı göstərişi olmur. Adicə virus mənşəli bronxitlərdə belə antibiotik təyinatı yoxdur. Ona görə də uzun müddətli antibiotiklərin təyinatı təbii ki, orqanizmə ziyanlı təsir göstərir. Çalışmaq lazımdır ki, antibiotiklərdən minimal dərəcədə istifadə olunsun”.

Həkim bildirib ki, əgər bilavasitə göstərişlər olarsa, məsələn, xəstə hamilə qadın olsa belə antibiotik göstərişi varsa, ondan istifadə etmək lazımdır: 

"Buna baxmayaraq antibiotikləri necə gəldi təyin etmək tamamilə yanlışdır. Bugünkü gündə mikrob assosiyasiyasında yaşayırıq. Bu o demək deyil ki, əksər mikroblar virus mənşəlidir. Hazırda inkişaf etmiş dövlətlərdə çalışırlar ki, immunu terapiya ilə məşğul olsunlar. Həmçinin virus əleyhinə ən yeni və müasir preparatlar kəşf olunur. Ona görə də viruslara qarşı mübarizə aparmaq lazımdır. Təbii ki, hər dəfəsində xəstəyə antibiotiki təyin etmək də düzgün deyil. Çünki uzunmüddətli istifadə bədəndə öyrəşmə yaratmaqla bərabər əks və ziyanlı təsir verə bilər”.

Yeganə Bayramova