“Həkimlərin, müəllimlərin maaşlarını artırmasalar yaxşıdır”

Əkrəm Həsənov: “Həmin sahələrə ayrılan az-çox vəsait o sahələrə nəzarət edən qurumlar tərəfindən müəyyən yollarla mənimsənilir”
“Hakimlərin maaşı heç olmasa, 4-5 dəfə artırılmalıdır. Çünki hakim dolanışıq dərdi çəkməyəndə, hüquqi məsələlərə, hökmlərə ədalətlə yanaşar. Əgər millət vəkilləri bunu dilə gətirmirsə, onlara ayıb olsun”






2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin 3 günlük müzakirəsi başa çatıb. Gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verilib. Spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq. Həmin gün maliyyə naziri Samir Şərifov büdcədə hansı istiqamət üzrə vəsaitlərin artırılıb artırılmadığı barədə deputatlara məlumat verəcək və sənəd səsverməyə qoyularaq qəbul ediləcək. Büdcə müzakirələri zamanı gündəmə gətirilən məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran iqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov maraqlı məqamlara toxunub.

- 2018-ci ilin büdcəsində neftin bir barelinin qiyməti 45 dollardan götürülüb. Lakin bununla bağlı birmənalı olmayan fikirlər mövcuddur. Mövcud proqnozları necə dəyərləndirirsiz?

- 45 rəqəmi son bir neçə ilin ortalamasıdır və ən optimal variantdır. Cari il üçün nəzərdə tutulan qiymətdən də aşağıdır. Düzdür, neftin qiymətinin 50 dollar civarında olacağı bildirilir. Amma heç kim buna təminat verə bilməz. Ona görə də ehtiyatlı davranmaq lazımdır. Neftin qiymətinin qalxması və ya enməsi dünyada, Səudiyyə Ərəbistanında, o cümlədən Yaxın Şərqdə baş verən hadisələrdən asılıdır. Əgər ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirərsə və öz neftini bazara çıxararsa, neftin qiyməti daha da aşağı düşə bilər. Riskləri nəzərə almalıyıq.

- Belə çıxır ki, risklər nəzərə alınaraq 2019-cu ilin büdcəsində neftin qiymətinin indikindən daha az, 40 dollardan götürülməsi nəzərdə tutulub...

- Reallıq odur ki, indi dünyada alternativ enerji formaları axtarılır. Artıq bəzi yerlərdə alternativ enerjidən kütləvi istifadə edilməyə başlanılıb. Neftin qiymətinin gələcəkdə çox aşağı olacağı şübhəsizdir. Ola bilsin, 2018-ci və 2019-cu illərdə bu, baş vermədi. Amma qarşıdan gələn illər ərzində texnologiyaların inkişafı qaçılmaz olacaq. Dövlət başçısı da dəfələrlə bəyan edib ki, dünyada və Azərbaycanda neft erası artıq bitib, neftə ümid bağlamaq lazım deyil. İqtisadiyyatın digər sahələrini inkişaf etdirməliyik. Bu istiqamətdə hökumətin konservativ yanaşması tamamilə düzgündür. Lakin ən azından qarşıdan gələn iki il ərzində neftin qiymətinin bir qədər yüksələcəyi ehtimal edilir.

- Gələn ilin büdcəsinin sosialyönümlü olacağı, büdcənin 33.5 faizinin sosial məqsədlərə sərf olunacağı bildirilir. Bu tendensiyanı necə dəyərləndirirsiz?

- Azərbaycanda sosial sahələrin maliyyə baxımdan gücləndirilməsinə ehtiyac böyükdür. Ölkəmizdə iş yerlərinin sayı çox deyil. Son hadisələrdən sonra bir neçə sahibkar iş yerini bağlamaq məcburiyyətində qaldı. İstənilən böhran şəraitində ən çox əziyyət çəkən təbəqə insanların ən aztəminatlı olanlarıdır. Bu baxımdan dövlətin həmin təbəqəni qorumasına xüsusi ehtiyac yaranır. Ona görə, hətta 33.5 faizin az olduğunu düşünürəm. Bu mənada ölkəmizdə özəlləşmədən daha çox milliləşmənin getdiyini görürük. Əgər indiyə kimi dövlət müəssisələrinin nisbətən özəlləşdirilməsi prosesi həyata keçirilirdisə, indi əksinə, sahibkarlar borclarını ödəyə bilmirlər və onların əmlakları dövlətin mülkiyyətinə keçir. Dövlətin mülkiyyəti artdıqca, öhdəlikləri də artır.

- Milli Məclisdə xarici borclanma məsələsi də gündəmə gətirildi. Hətta borclanmanın zərurətdən irəli gəldiyi, əsk halda inkişaf etməyin mümkünsüz olduğu iddia edildi. Bu barədə düşüncəniz nədir?

- Heç bir halda borc yaxşı deyil. Daxili və ya xarici olsun, borc borcdur və əvvəl-axır hansısa yolla geri ödənməlidir. Mən xarici borclanmanın əleyhinəyəm. Ancaq başqa variant yoxdursa, borc almaq məcburi hala gəlir. Əgər neft gəlirlərimiz ehtiyat olaraq toplanırsa və xarici borclanmanın faizi aşağıdırsa, belə halda borclanmaya getmək mümkündür. Ümumən götürəndə isə məqsədəuyğun deyil. Məsələn, bu il Beynəlxalq Bankın başına gələn hadisə göstərdi ki, xarici borclanma çox təhlükəli işdir. Dövlət Beynəlxalq Bankın 3 milyard xarici borcunu öz üzərinə götürdü. Bunun nəyi yaxşıdır ki? Kimlərsə, bankı taladı, dağıtdı, dövlət isə xain qruplaşmanın çirkini təmizləmək məcburiyyətində qaldı. Bizim kifayət qədər valyuta ehtiyatımız var, əgər sərfəli idarə edilərsə, nəticə yaxşı olar.
- Parlamentdə dövlət büdcəsindən müxtəlif sahələrə maliyyənin artırılması müzakirə edildi. Lakin səhiyyə sahəsinə ayrılan vəsaitin artırılmaması müəyyən narazılığa səbəb oldu. Sizcə, mühüm sahələr nəyə əsasən müəyyən edilməlidir?
- Bilirsiz, bu məsələdə bir az riyakarlıq var. Hamı bilir ki, səhiyyə və təhsil sahəsinə nə qədər vəsait ayrılsa da, həmin sahədə işləyən şəxslərin əsas gəlirləri qeyri-rəsmidir. Həkimlərimiz və müəllimlərimiz xırda maaşlarla dolanmırlar. Dolana da bilməzlər. Onların işi çox vacib və çətindir, buna görə də maaşları ən azı 4-5 dəfə artırılmalıdır. Kiçik artımlar reallığı və mahiyyəti dəyişmir. Artım ya ciddi şəkildə olmalı, ya da ümumiyyətlə, olmamalıdır. Hazırda həkim və müəllimləri xalq dolandırır. Həmin sahələrə ayrılan az-çox vəsait isə təəssüflər olsun ki, o sahələrə nəzarət edən qurumlar tərəfindən müəyyən yollarla mənimsənilir. Ona görə elə artırmasalar yaxşıdır.

- Deputatlar Milli Məclisə ayrılan vəsaitin azlığından da şikayət edirlər. Millət vəkillərini nə dərəcədə haqlı görürsüz?

- Mən onları haqlı görmürəm və təkliflərinə çox pis baxıram. Deputatların əksəriyyətinin böyük biznesi var. Onsuz da millət vəkillərinin əsas gəlir mənbəyi aylıq maaşları deyil. Əlbəttə, deputatlar əlavə pul tələb edə bilərlər, amma bir şərtlə. Nə vaxt ki, səhiyyə və təhsil sahələrinin işçilərinin əmək haqları 5 dəfə qalxacaq, həkim və müəllimlər ələbaxımlı olmaqdan şikayət etməyəcək, yalnız o zaman millət vəkilləri iddialı ola bilərlər. Həkimlərin çoxu həm dövlət, həm də özəl xəstəxanalarda işləyir. Müəllimlər isə dərsdən sonra hazırlıq kurslarına üz tuturlar. Əslində çox təəccüb edirəm, parlamentdə hər sahənin maaşından danışılır, amma yeganə sahə var ki, hər müzakirədən kənarda qalır. Halbuki həmin sahənin maaşından çox şey asılıdır. Hakimləri nəzərdə tuturam. Hər birimizin problemi olanda, hüquqlarımız pozulanda məhkəmələrə üz tuturuq. Bu gün hakimlərimizin orta əmək haqqı 1000 manatdır. Əlbəttə, bu rəqəm çoxlarına yüksək görünə bilər. Məsələ ondadır ki, hakimlərin yanında 3-4 köməkçi çalışır. Köməkçi isə ayda cəmi 150 manat maaş alır. Həmin köməkçilərin işi çox lazımlıdır və hamısı da hüquq təhsili almış şəxslərdir. 150 manat pulla dolanmaq mümkün olmadığına görə, hakimlər ciblərindən köməkçilərə əlavə pul verirlər. Bu vəziyyət də hakimlərin əlavə pula göz dikməsinə, yəni rüşvət almasına gətirib çıxarır. İslahatlara burdan başlamaq lazımdır. Hakimlərin maaşı heç olmasa, 4-5 dəfə artırılmalıdır. Bütün inkişaf etmiş dövlətlərdə ilk növbədə hakimlərin maaşını çoxaldırlar. Çünki hakim dolanışıq dərdi çəkməyəndə, hüquqi məsələlərə, hökmlərə ədalətlə yanaşar. Əgər millət vəkilləri bunu dilə gətirmirsə, onlara ayıb olsun.

- Yəni məhkəmə sistemi bu qədər önəmlidir?

- Əlbəttə. Sizə bir misal deyim. Ümumiyyətlə, 20-ci əsrin ikinci yarısının ən möcüzəli dövləti Sinqapur oldu. Sinqapur 1960-cı illərdə korrupsiya bataqlığında idi. Lakin bu gün Sinqapur dünyanın ən inkişaf etmiş ölkəsidir, dünyanın maliyyə paytaxtıdır. Həmin ölkə bu vəziyyətdən bilirsiz necə çıxdı? Məhkəmə sistemini gücləndirməklə. İlk növbədə hakimlərə çox yüksək maaş və təminat verdilər. Bundan sonra isə rüşvət alan hakimlərə ən sərt cəza tətbiq etdilər. Nəticədə Sinqapur inkişaf yoluna qədəm qoydu. Sahibkar, ümumiyyətlə bütün vətəndaşlar məhkəmənin ədalətindən əmin olanda daha həvəslə çalışırlar. Biz bunu nəzərdən qaçırdırıq.

İsmayıl Qocayev