“Mən bəzilərindən fərqli olaraq özüm gedib kiminsə qapısını döyüb o pulu axtarmıram ki, mənə pul verin kino çəkim”
“Hələ kino rejissoru kimi qurdumu öldürə bilməmişəm”
Ülviyyə Könül: “Arzusunda olduğum filmlər var ki, onları çəkmək istəyərəm”
“Mən bəzilərindən fərqli olaraq özüm gedib kiminsə qapısını döyüb o pulu axtarmıram ki, mənə pul verin kino çəkim”
“Mən bəzilərindən fərqli olaraq özüm gedib kiminsə qapısını döyüb o pulu axtarmıram ki, mənə pul verin kino çəkim”
Kino incəsənətin ən çətin janrlarından sayılır. Bu sənətə laqeyd, barmaqarası baxmaq da doğru deyil. Son illər isə Azərbaycan kinosunda da inkişaf hiss olunur. Amma qüsurlar, problemlərin də olduğu danılmazdı. Xüsusilə də bu gün kommersiya məqsədilə çəkilən filmlər, komediya janrında olan ekran əsərləri barədə müxtəlif fikirlər səslənir. Bu gün Azərbaycan kinosunun səviyyəsi peşəkar rejissorları necə, qane edirmi? "Şərq”in suallarına rejissor Ülviyyə Könül cavab verdi. Onun bu gün çəkilən filmlərlə bağlı maraqlı açıqlamaları oldu.
- Ülviyyə xanım, illər öncə klip çəkərkən, kino çəkmək qurdunuzu öldürdüyünüzü deyirdiz. Bu gün kino çəkərkən o qurdunuzu öldürə bildinizmi?
- Bəli, 10-15 il əvvəl klip çəkərkən kino çəkmək qurdumuzu öldürmək istəyirdik. Kino çəkmək daha məsuliyyətli və daha çətindi. Kino daha böyük büdcə tələb edir. Mən 2 dəfə "Azərbaycanfilm” kinostudiyasından sifariş almışam və dövlət tərəfindən maliyyələşən filmlərin hər ikisi uğurlu alınıb. Qaldı qurdumun ölməyinə, hələ də kino rejissoru kimi qurdumu öldürə bilməmişəm. Yəni arzusunda olduğum filmlər var ki, onları çəkmək istəyərəm. Son vaxtlar film təklifləri olmayıb, yalan deməyim, amma dövlət tədbirlərinin, konsertlərinin sifarişləri olur. Onu da qeyd edim ki, kino mənim üçün fərqli bir həyatdı. Əgər yenə də kino çəkmək üçün dəvət gəlsə, məmnuniyyətlə çəkərəm. Təbii ki, söhbət ciddi kino sənətindən gedir. Son çəkdiyim film 2 ildir ekranlara çıxıb, maraqlı, uğurlu alındığını deyə bilərəm. "Həddən artıq uyğunluq” adlı filmim kino sahəsində olan insanlar üçün də maraqlı oldu. Bu film dövlət sifarişi ilə çəkilmişdi.
- Bəs özəl sektorlardan kino çəkmək təklifi niyə gəlmir? Çox bahalı rejissorsuz deyə müraciət olunmur?
- Səbəbini bilmirəm. Nə deyim? Əslində çox bahalı rejissor olduğumu iddia etmirəm. Məndən də baha çəkən rejissorlar var. Mən bəzilərindən fərqli olaraq özüm gedib kiminsə qapısını döyüb o pulu axtarmıram ki, mənə pul verin kino çəkim. Mənim kollegiyalarım arasında bunu edənlər var. Mən onları qınamıram. Sadəcə mən etmirəm. Bir də özümdə bir tənbəllik var, bir az da utanıram. Pul tapıb, sponsor axtarmaq mənlik deyil. Kimsə pul ayırsa, maliyyə qoysa, təklif gəlsə, çəkərəm. Amma özüm pul tapa bilmirəm. Maşallah, kim filminə pul tapırsa, Allah köməyi olsun, məndə alınmır.
- Son illər kommersiya xarakterli filmlər çəkilir, kassaya hesablanan bu komediya janrında filmlərə tamaşaçı da maraq göstərir. Amma ciddi mənada bu filmlər birmənalı qarşılanmır. Bu filmlərə əslində ciddi sənət əsəri kimi də baxmaq düzgün deyil.
- Bu filmlər əslində kassa üçün çəkilən, sırf kommersiya maraqlarına hesablanan filmlərdi. Onları ciddi kino sənəti kimi qəbul etmək doğru olmaz. Acınacaqlı bir faktordur ki, bu gün bu filmlərə tələbat var. Tamaşaçı bu filmlərə gedir, zal dolu olur, kassa qazanır. Amma eyni təəssüflə də qeyd edək ki, bu filmlər həddindən artıq bayağı, beldən aşağı yumordan başqa bir şey deyil. Bu filmləri ciddi yaradıcılıq adlandırmaq kino çəkənlərə haqsızlıq olar. Sadəcə bir reallıq da var. Bu kimi filmlərə tamaşaçı gəlir, kassa bu filmdən gəlir qazanır. Amma millətin mənəvi ruhuna isə qəsd edilir. Komediya janrında filmlər çəkmək üçün də professional olmaq lazımdı. İndi desək ki, niyə çəkirsiz, bunlara nəzarət edən bir qurum yoxdu, qınayarlar. Əvvəllər senzura var idi, bu gün o da yoxdu. Senzuranın olmağı da yaxşı hal deyil, çünki onda da yaradıcılıq çərçivəyə düşə bilir. Amma bu qədər sənət aləminə bayağılıq toxumu səpmək də cinayətdi. Bu prosesi saxlamaq demək olar mümkünsüz olub. Bu gün çəkilən filmləri çox izləmək imkanım olmur. Hərdən dost-tanışlardan elə sözlər eşidirəm ki, şoka düşürəm. Bəzən dostlarım bu gün çəkilən filmlərdən elə misallar çəkirlər, key oluram ki, doğrudanmı bu filmlər belə şəkildə kinoteatrlarda nümayiş edilir? Hətta eşitdiyimə görə, kassaya yaxınlaşan cütlükləri görəndə bəzən onlara öncədən xəbərdarıq edirlərki qızla, nişanlınla bu filmə baxmaq məsləhət deyil.
- Son illər milli seriallarımız da çəkilir. Amma yenə də türk serialları ilə müqayisə oluna bilməz, birmənalı yanaşılmır yerli seriallara. Səbəb nədir? Bir də Ülviyyə Könül niyə serial çəkmir.
-Burda birmənalı cavab var. Serialların keyfiyyətsiz çəkilməsinin əsas səbəblərindən biri maliyyə məsələsi ilə bağlıdı. Türklər bir serialın ərsəyə gəlməsi üçün böyük vəsait xərcləyirlər deyə nəticəsi də göz önündədir. Bizdə isə seriallar məhdud vəsaitlə çəkilir. Biz o pulları ağlımıza belə gətirə bilmərik. Ən böyük səbəb budur. Serial çəkmək üçün texniki cəhətdən böyük vəsait tələb olunur. Qaldı mən niyə serial çəkmirəm? Sözün düzü, bir neçə dəfə təklif almışam, amma ssenarini oxuyanda yarımçıq qaytarmışam, ya elə bir qonorar təklifi olub ki, başa düşmüşəm ki, bu mənim üçün mümkünsüz olar, çünki o qiymətə serial çəkmək olmaz. İnternet serialı çəkmişəm. Təklif məni qane etdi, çəkdim. Maraqlı bir serialdı.
- Özünüz rejissor kimi hansı janrda seriala üstünlük verərdiz. Çəksəniz, hansı janrda ekran əsərinə müraciət edərsiz?
- Romantik-komediya janrına müraciət edərdim. Ən çox sevdiyim janrdı.
- Klip çəkmək həvəsi adəti bizdə qalmayıb. Səbəbi nədir?
- Çünki efir yoxdu. Azərbaycanda klip bazarını öldürüblər. Efirlərdə bir klipin nümayişi bir ayda hardasa 500 manat civarındadır. Belə olanda klipin efirdə təqdim olunması klipi çəkməkdən daha çox vəsait tələb edir. Ona görə də klip çəkmək heç kimə sərf etmir. İndi kliplər internetdə izlənir. Ona görə də maraq azalıb. Bu, musiqimizin keyfiyyətinə də təsirini göstərir. Çünki əvvəllər rəqabət hiss olunurdu, maraqlı mahnı, klip uğrunda mübarizə gedirdi. Ona görə də hitlərin sayı çox idi. Bu gün hit yaranmır. Çünki klip də çəkilmir. Bəzən klip bir mahnıya ikinci həyat vermək gücündə olur. Mənim çəkdiyim kliplər arasında belələri olub. "Aldatdı məni” mahnısına çəkilən klip mahnıya yenidən həyat verdi. Klip mahnının ömrünü uzadır. Mahnı bir müddət populyar olur, sonra unudulur, klip çəkildikdən sonra mahnı yenidən maraqlı olur. Klip mahnının populylar olmasında vasitə rolunu oynaya bilir.
Tahirə Məmmədqızı