Hələ nəticə çıxarmaq tezdir

Ermənistanın yeni baş nazirinin vahid siyasi xətti görünmür
Ancaq prinsip etibarı ilə Paşinyanın Qarabağ məsələsinə münasibəti dəyişməyəcək



Ermənistan baş naziri Nikol Paşinyanın son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi radikal fikirlər ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirilir. Hesab edilir ki, Paşinyanın Qarabağ mövzusundakı çıxışları daxili ictimai rəyə hesablanıb.

Çünki o, Qarabağ klanına qarşı etiraz dalğası üzərindən baş nazir postuna sahiblənib. Ancaq nəzərə almaq lazımdır ki, Qarabağ klanı hələ də Ermənistanda söz sahibidir və ciddi maliyyə resurslarına malikdir. Klanı parçalamadan, Qarabağ ermənilərinin dəstəyini almadan Paşinyan və onun qrupu üçün qısamüddətli hakimiyyət dönəmində nəticə əldə etmək mümkün olmayacaq. Bu baxımdan Paşinyan Qarabağ məsələsində özünü Sarkisyandan daha radikal göstərir. Onun Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı bəyanatları bu amilə söykənir. Paşinyanın Türkiyə ilə bağlı bəyanatı isə erməni diasporundan maliyyə dəstəyi qoparmağa hesablanıb. Baş nazir özü də fərqindədir ki, dərin iqtisadi, siyasi və hərbi böhran yaşayan Ermənistana başçılıq etmək onun üçün asan olmayacaq. Analitiklərə görə, ard-arda ziddiyyətli açıqlamalar verən Paşinyan Dağlıq Qarabağa səfər etməklə ilk strateji səhvini etdi. Onun masa arxasında qondarma Qarabağ rejimini görmək arzusunu dilə gətirməsi və müharibə mesajları verməsi baş nazirin vahid siyasi xəttinin olmadığını göstərir. Şübhəsiz ki, belə bir məqamda, qeyri-müəyyən şəraitdə Paşinyanın Qarabağ siyasətindən nəsə gözləmək mümkün deyil.

Paşinyanın mövqeyi ilə bağlı "Şərq”ə danışan Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn qısa zamanda yekun nəticələr çıxartmağın tərəfdarı olmadığını deyib: 

"Prinsip etibarı ilə Azərbaycana və Qarabağ məsələsinə münasibətin dəyişməyəcəyi görünür. Prosesin tərəflərin iradəsindən asılı olmadan hansı nəticə ilə sonlanacağı barədə indidən konkret fikir söyləmək asan deyil. Hər halda bəyan olunan fikirlər, Paşinyanın hərəkətləri bu məsələdə hansısa dəyişiklik olacağına ümid yaratmır”. Sabiq baş nazir Türkiyə ilə bağlı səslənən açıqlamaların birbaşa daxili auditoriyaya hesablandığını bildirib. Onun sözlərinə görə, ilkin mesajlar ermənilər üçün nəzərdə tutulduğuna görə, bu cür fikirləri ciddi siyasətlə əlaqələndirmək yanlış olar”.

İsmayıl