"Həmsədrlər Ermənistanı başa salacaqlar ki,"DQR"in danışıqlarda iştirakı mümkün deyil"





"Minsk qrupunun həmsədrləri Ermənistanı başa salacaqlar ki, Nikol Paşinyanın arzusu – qondarma Dağlıq Qarabağ rəhbərliyinin danışıqlarda iştirakı mümkün deyil”.

Bunu "Sherg.az”a Ermənistan prezidenti Armen Sarkisyanın Dağlıq Qarabağa səfərinin pərdəarxası məqamlarını izah edərkən politoloq İlqar Vəlizadə söyləyib. 

Onun fikrincə, Minsk qrupunun həmsədrlərinin İrəvana getməsi və Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərləri danışıqlar məsələsində rəsmi İrəvan və qondarma Dağlıq Qarabağ arasında fikir ayrılıqlarının olduğunu göstərir:

"Erməni hakimiyyətinin fikrindən dönməsi çətin məsələdir. Azərbaycan isə heç vaxt "Dağlıq Qarabağ Respublikası"nın təmsilçiləri ilə danışıq aparmayacaq. Ermənistan "DQR" təmsilçilərinin erməni nümayəndə heyətinin tərkibində danışıqlara qatılmasına çalışacaqlar.

Ermənistandakı Qarabağ klanı hakimiyyətdən getdikdən sonra, onun Dağlıq Qarabağda qalan təmsilçiləri indiki hakimiyyətin qarşısına tələblər qoyurlar. Qondarma rejim rəhbərliyi danışıqlar prosesində hansısa formada iştirak etmək istəyir. Serj Sarkisyanın hakimiyyəti dövründə qondarma Dağlıq Qarabağın mövqeyini Qarabağ klanı özü müdafiə edirdi. 

Nikol Paşinyan isə başqa qrupun təmsilçiləri olduğuna görə, "DQR” təmsilçiləri ona etibar etmir. Ona görə, rəsmi İrəvan və "DQR” arasında fikir ayrılığı var. Amma Paşinyan onların istəyi ilə oynadığına görə, qondarma Dağlıq Qarabağın danışıqlarda iştirak etməsini müdafiə edir. Belə davam edərsə, Ermənistan tələbində qalarsa, danışıqlar baş tutmayacaq”.

Qeyd edək ki, Armen Sarkisyanın Qarabağa səfərinin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın dəvəti ilə baş tutduğu bildirilir.

Aysel Aslan