Həmsədrlər Ermənistanın yeni hökumətini tanımağa gəlir

Görüşün iyun ayına salınması isə Ermənistandakı daxili vəziyyətlə bağlıdır




ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn ay Ermənistana səfər edəcəklər. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib. Nazir müavini bəyan edib ki, həmsədrlərin səfər məqsədi ilkin tanışlıqdır: "Xarici işlər naziri dəyişib.

Vasitəçilər yeni hökumətlə görüşmək qərarına gəliblər”. Xatırladaq ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşüblər. E.Məmmədyarov Azərbaycan tərəfinin görüşə hazır olduğunu söyləyib. Görüşdən sonra həmsədrlərin yaydığı bəyanatda iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparılacağı bildirilsə də, görüşün yeri açıqlanmamışdı. Vasitəçilərin Ermənistana səfər edəcəkləri barədə məlumatın yayılması onların Azərbaycana gələcəkləri ehtimalını gücləndirib. Bu isə növbəti danışıqlar prosesinin başlanması deməkdir.

Danışıqlardakı yeni dönəmi "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib ki, Minsk Qrupunun məqsədi münaqişənin alovlanmasına imkan verməməkdir. Analitik bildirib ki, vasitəçilər status-kvonun saxlanılmasında maraqlıdır:

"Minsk Qrupunun arxasında məlum 3 dövlət dayanıb. Onların hər biri münaqişədən tərəflərə təzyiq vasitəsi kimi isifadə edirlər. Hamıya bəllidir ki, həmsədrlər vəziyyətin dəyişməsində, prosesdə irəliləyiş olmasında maraqlı deyillər. Erməni tərəfi ilə görüşün iyun ayına salınması isə Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan və onun komandası indiyə qədər danışıqlarda tərəf kimi çıxış etməyiblər. Ona görə də yetərli məlumatlara sabib deyillər. Belə şəraitdə Ermənistanın yeni hökuməti ilə danışıqlar aparmaq nəticə verə bilməz”.

İsmayıl