"Həmsədrlərin təklifləri ermənilərin ziyanınadır" - AÇIQLAMA





"Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bir müddət əvvəl Fransada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü. XİN rəhbəri həmsədrlərin diqqətinə çatdırdı ki, Azərbaycanda və Ermənistanda seçki prosesi yekunlaşıb və rəsmi Bakı danışıqlara hazırdır”.

Bunu "Sherg.az”a ATƏT-in Minsk qrupu həmsədrlərinin İrəvan səfərinin detalları haqqında danışarkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib. 

Onun sözlərinə görə, elə həmin görüşdə həmsədrlər regiona səfər edəcəkləri barədə bəyanat yaydılar:

"Açıqlamalara görə, həmsədrlərin məqsədi yeni hökumətlə tanış olmaqdır. Amma Minsk qrupu üzvləri siyasi fiqurların dəyişdiyini, fikirlərin isə əvvəlki kimi qaldığını müşahidə edəcəklər.

Maraqlı proses gedir. Ermənistanda bilirlər ki, həmsədrlərin portfelindəki variant rəsmi İrəvanın mövqeyinə xidmət etmir. Həmsədrlər İrəvana çatan kimi prezident Armen Sarkisyan Dağlıq Qarabağa gəldi. Onun bu addımı həmsədrlərlə görüşdən yayınmaq üçün atılıb. A.Sarkisyan başa düşür ki, həm Azərbaycan prezidenti ilə danışıq aparmaq çətindir, həm də həmsədrlərin təklifləri ermənilərin ziyanınadır.

Ona görə, prezident danışıqlarda Ermənistanı təmsil etmək məsuliyyətindən yayındı. Amma hesab edirəm ki, danışıqlarda rəsmi İrəvanı Armen Sarkisyan təmsil etməlidir. Çünki Ermənistan konstitusiyasına görə, o, dövlətin başçısıdır. Nikol Paşinyan danışıqlara qoşulacaqsa, o zaman Azərbaycanın baş naziri Novruz Məmmədov ölkəmizi təmsil etməli olur. Bütün bunları nəzərə alan həmsədrlərin Ermənistanda həll etməli olduğu məsələlər hələ çoxdur”.

Qeyd edək ki, Ermənistanda səfərdə olan həmsədrlər Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə, danışıqlar prosesinin irəli aparılması imkanlarına dair fikir mübadiləsi aparıblar.

Aysel Aslan