Hər an terror ola bilər - İstanbulda hərəkətlilik səbəbsiz deyil

Təkcə dekabr ayında 60-dan çox İŞİD üzvü saxlanılıb



Türkiyədə yenidən terror həyəcanı yaşanmaqdadır. Bir neçə gün əvvəl Adana şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının üzvü hesab olunan 12 nəfər saxlanılıb. Onların ikisinin Suriya vətəndaşı olduğu müəyyən edilib. Məlum olub ki, saxlanılan şəxslər Yeni il bayramı ərəfəsində Türkiyədə müxtəlif yerlərdə terror aktları törətməyi planlaşdırıblar.

Daha sonra isə İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər həbs edilib. Təhlükəsizlik qüvvələrinin geniş əməliyyatı nəticəsində terrorçularla əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi göz altına alınıb. Saxlanılan xarici ölkə vətəndaşları terrorçu İŞİD qruplaşması ilə əməkdaşlıqda və terrorçulara dəstək verməkdə ittiham olunurlar. Xatırladaq ki, ötən il "Reina” kafesində baş verən terror aktında xeyli insan həyatını itirib. 

O səbəbdən bu il Türkiyədə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Lakin maraqlı məqam odur ki, xeyli müddətdir Putin və Tramp başda olmaqla əksər siyasilər Yaxın Şərqdəki əməliyyatlardan sonra İŞİD-in sıradan çıxdığını, 80 faizinin məhv edildiyini iddia edirdilər. Amma sonuncu hadisələrdən yola çıxaraq terror bəlasının hələ də bitmədiyini demək mümkündür.

Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev xatırladıb ki, məhz keçən il "Reina” klubunda baş verən dəhşətli terror hadisəsi səbəbindən bu il İstanbulun Bəyoğlu bələdiyyəsi Taksim meydanında yeni il şənliklərinin keçirilməsini qadağan edib:

"Qadağalar təhlükəsizlik tədbirinin gücləndirilməsi ilə əlaqədardır. Əməliyyatlar bu məqsədlə həyata keçirilir. Ümumiyyətlə, dekabr ayı ərzində İstanbulda içərisində Suriya vətəndaşları olan 60-dan çox İŞİD üzvü saxlanılıb. Onların Yeni il ərəfəsində kütləvi tədbirlər zamanı terror aktları törətmək planları göstərir ki, qətiyyən arxayınlaşmaq və təhlükəsizliyi əldən vermək olmaz. Terror elə bir bəladır ki, ondan tamamilə sığortalanmaq qeyri-mümkündür. Bu səbəbdən daim ayıq-sayıqlığı artırmaq və mübarizəni davam etdirmək lazımdır”.

İsmayıl